Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İş adamı-sahibkar, “Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Sabunçu rayon Prokurorluğunda başına gətirilən qanunsuzluq və müsibətlərdən cana doyaraq bir daha Baş prokuror Kamran Əliyevə müraciət edərık kömək istəyir. Surəti Tezadlar.az- a göndərilən müraciəti “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq təqdim edirik:
“M Ü R A C İ Ə T
“44 ay ərzində izahatı alınmayan şikayətçi daha nə etməlidir?”
Cənab Baş prokuror,
Mən – iş adamı-sahibkar, “Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov, bu müraciəti təkcə şəxsi problemim kimi deyil, hüquqi dövlətə inamı olan hər bir vətəndaşın problemi olaraq Sizinlə bərabər, ölkə ictimaiyyətinə təqdim edirəm.
Bildirirəm ki, 30 oktyabr 2022-ci ildə şirkətimə məxsus 34 ədəd avtobusun oğurlanması barədə Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişəm. Həmin tarixdən bu günədək- 44 aya yaxın vaxt keçməsinə baxmayaraq, mənim şikayətim üzrə ən sadə və təxirəsalınmaz prosessual hərəkət belə həyata keçirilməyib – şikayətçinin izahatı alınmayıb.
Bu müddət ərzində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov, sonradan isə Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Orxan Səmədov hadisəni araşdırmaq əvəzinə, müxtəlif bəhanələrlə şikayət ərizəmi bir qurumdan digərinə göndərməklə oğurluq cinayəti hadisəsinin araşdırılmasından yayınmışlar. Təhqiqatçının və müstəntiqin qanunazidd hərəkətləri səbəbindən mənməhkəmə nəzarəti qaydasında məhkəmələrə müraciət etməyə məcbur olmuşam. Məhkəmələr isə bir yox, iki yox, düz altı dəfə polis təhqiqatçısının və müstəntiqinin hərəkətsizliyini qanunsuz hesab etmişlər. Belə ki, Xətai Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun oğurluq cinayəti haqqında ərizəni qəbul etməmək kimi hərəkətsizliyini qanunsuz hesab etmişdir. Sabunçu Rayon Məhkəməsi isə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədovun hərəkətsizliyini üç dəfə qanunsuzh esab etmiş və əlavə araşdırma aparılmasını tələb etmişdir.
Cənab Baş Prokuror, bütün bunlara baxmayaraq, məhkəmə nəzarəti qaydasında verilmiş 6 məhkəmə qərarının hər biri bu günədək icra olunmadan qalmaqdadır. Ən qəribəsi isə budur ki, 34 avtobusun oğurlanmasına dair ərizə üzrə araşdırma aparmaq əvəzinə, müstəntiq Orxan Səmədov həmin şikayətimə heç bir aidiyyəti olmayan başqa bir sənədin məzmununu köçürərək saxta qərar tərtib etmiş, guya materialı aidiyyəti üzrə araşdırılması üçün prokurorluğa göndərdiyini göstərmişdir. Həmin məntiqsiz və məzmunsuz qərar da məhkəmə tərəfindən haqlı olaraq qanunsuz hesab edilərək ləğv olunmuş və müstəntiq Orxan Səmədovdan oğurluq cinayətinə dair şikayət üzrə araşdırma aparılması tələb edilmişdir.
Bütün bunlara rəğmən:
– 44 aylıq süründürməçilik mövcuddur;
– məhkəmə nəzarəti qaydasında altı məhkəmə qərarı verilmişdir;
– oğurluq cinayəti hadisəsi araşdırılmadan qalmışdır;
– müraciəti ilə bağlı hələ də izahatı alınmayan şikayətçi mövcuddur.
Təhqiqatçının və müstəntiqin yaratdıqları bu vəziyyəti diqqətinizə çatdırmaqla aşağıdakı suallarla Sizə müraciət edirəm:
1. Əgər mənim şikayətim əsassızdırsa, nə üçün bu, qanuni qaydada əsaslandırılmır?
2. Əgər şikayətim əsaslıdırsa, nə üçün qanunla nəzərdə tutulmuş tədbirlər həyata keçirilmir?
3. 44 ay ərzində şikayətçinin izahatının alınmamasında məqsəd nədir, nəyi və ya kimi gözləyirlər?
4. Xətai Rayon Məhkəməsinin, Sabunçu Rayon Məhkəməsinin, eləcə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarlarının polis əməkdaşları tərəfindən icra edilməməsi nəticəsində mülkiyyət hüquqları pozulmuş, əmlakı talanmış vətəndaş kimə və hara müraciət etməlidir, Cənab Baş Prokuror???
Azərbaycan Respublikasında qanunun aliliyi prinsipi mövcuddur. Dövlət adından çıxarılan məhkəmə qərarları bütün şəxslər və bütün dövlət orqanları üçün məcburidir. Məhkəmə qərarlarının sistemli şəkildə icra olunmaması isə təkcə bir vətəndaşın deyil, bütövlükdə hüquq sisteminin nüfuzuna zərbə vurur.
Cənab Baş prokuror,
Mən artıq dörd ilə yaxındır ki, eyni cinayət hadisəsinin obyektiv və hərtərəfli araşdırılmasını tələb edirəm. Cinayət işi başlanılmır, araşdırma aparılmır, altı məhkəmə qərarı isə icra olunmur. Bu gün məsələ artıq təkcə 34 avtobusun aqibəti deyil. Məsələ artıq bir vətəndaşın 44 ay ərzində cavab gözləməsi, altı məhkəmə qərarının icrasız qalması və hüquqi dövlət prinsipinə olan inamın sınağa çəkilməsidir.
Bütün bunları nəzərə alaraq:
– 34 ədəd avtobusun oğurlanması barədə şikayətimin obyektiv araşdırılmasının;
– bu iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının icrasının təmin olunmasının;
– vəzifəli şəxslərin hərəkətsizliyinə hüquqi qiymət verilməsinin;
– pozulmuş mülkiyyət hüquqlarımın bərpasının təmin olunmasını Sizdən xahiş edirəm.
Hörmətlə:
İş adamı-sahibkar Ağasəf İsmayılov”.
REDAKSİYADAN: iş adamı Ağasəf İsmayılov müraciətində haqlı olaraq qeyd edir ki, “Bu gün məsələ təkcə 34 avtobusun aqibəti deyil. Məsələ artıq bir vətəndaşın 44 ay ərzində cavab gözləməsi, altı məhkəmə qərarının icrasız qalması və hüquqi dövlət prinsipinə olan inamın sınağa çəkilməsidir!”.
Bir daha inanırıq ki, Baş Prokuror cənab Kamran Əliyevə ünvanlı bu müraciətdə qaldırılan məsələlər tezliklə həllini tapacaq…
Əlavə məlumat veriləcək.
Zəruri qeyd: qeyd olunan müraciət polis orqanlarının bəzi vəzifəli şəxslərinin hərəkətsizliuinə və qanunsuz fəaliyyətinə aid olduğundan daxili işlər naziri cənab Vilayət Eyvazova ünvan olunaraq Daxili İşlər Nazirliyinə göndəriləcək.