Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Vətəni sevmək imandandır…”
Bu müqəddəs kəlam təkcə dillərdə səslənən bir ifadə deyil, bir millətin ruhunu, tarixini, qan yaddaşını və şəhidlərə olan sonsuz sevgisini özündə yaşadan mənəvi bir anddır. 19 may 2026-cı il tarixində Bakıda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin akt zalında keçirilən tədbir də məhz bu mənəvi andın, bu müqəddəs sevginin işığında yaddaşlara həkk olundu.
Dəyərli ilahiyyatçı yazar, Qazi Hacı Həsən Hüseyninin müəllifi olduğu “Vətəni sevmək imandandır” adlı kitabın təqdimatı sadəcə bir kitab tədbiri deyildi. Bu, şəhid ruhlarının dolaşdığı, Vətən sevgisinin sözə çevrildiyi, qürurun göz yaşları ilə qarışdığı müqəddəs bir görüş idi.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olundu. O sükut adi sükut deyildi. O sükutun içində anaların göz yaşı, yarımçıq qalan arzular, səngərlərdə donan nəfəs, şəhidlərimizin vətənə pıçıldadığı son arzular və dualar vardı. Zalda əyləşən hər kəs həmin an ürəyində bir şəhid adı çəkdi…
O zaman şəhid qardaşım Yusifov Mehman Musa oğlunun simasında şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim kiçik bir şeir parçasını xatırladım.
Elə ki, Şəhadət məqamı gəldi,
Allahın hökmündən səda yüksəldi!
Dünya gözlərimdə nura boyandı,
Ruhumuz qovuşub haqqa calandı!
Şəhidlik məqamı elə bir an ki,
Elə bir duyğu ki, xoş bir zaman ki,
Uca Allah aşiq olduğu bəndə,
Dirilik şərbətin alıb içəndə,
Mələklər axıdar o an gözyaşın,
Önündə dayanıb əyərlər başın…
Bilirsən cismimiz niyə gül qoxar?!
Çünki, göz yaşıyla mələklər yuyar.
Torpağa qanımız hopduğu zaman,
Behiştin ətriylə məst olar cahan!
Hər düşən damladan min çiçək bitər,
O cənnət qoxusu bax bizə yetər!
Şəhid ailələrinin tədbirdə iştirakı gecəyə ayrı bir mənəvi ağırlıq və müqəddəslik bəxş edirdi. O anaların baxışlarında həm dağ boyda kədər, həm də oğulları ilə duyduqları sonsuz qürur görünürdü. Şəhid atalarının susqunluğu isə bəzən min kəlmədən daha təsirli idi. Sanki hər biri qəlbində bir Vətən daşıyırdı…

İmza nəşrlər evində çap olunan kitabın redaktoru “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu, ön söz müəllifi və mətni toplayanı isə qəzetin əməkdaşı yazıçı Dilbər Ağayeva olmuşdur. Kitabda Vətən uğrunda canını fəda etmiş 44 şəhidimizin həyat yolu, qəhrəmanlığı və mənəvi dünyası böyük həssaslıqla işıqlandırılmışdır.
Tədbiri “Səda TV”-nin məsul redaktoru Hacı Mahir müəllim yüksək peşəkarlıq, dərin duyğu və xüsusi həssaslıqla təqdim etdi. Onun çıxışları tədbirə xüsusi bir ruh qatır, şəhidlərimizin müqəddəs xatirəsini sanki sözlərlə yenidən yaşadırdı.
Gecədə ölkəmizin tanınmış ziyalıları, media nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. O cümlədən “Xudafərin” jurnalının baş redaktoru Dr.Hüseyn Şərqidərəcək Soytürk, Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri və sözə-sənətə dəyər verən bir çox ziyalılarımız bu mənalı tədbirin iştirakçıları sırasında idilər.
Zalda səslənən çıxışlar sadəcə nitq deyildi. Hər söz bir şəhid məzarına qoyulan qərənfil kimi saf və müqəddəs idi. Hər çıxışda Vətən vardı, torpaq vardı, şəhid analarının duası vardı.
Hacı Həsən Hüseyninin həyat yolu başdan-başa Vətənə sədaqətin, milli ruhun və mənəvi bütövlüyün nümunəsidir. Birinci Qarabağ müharibəsində göstərdiyi igidlik, döyüş yollarında qazandığı şərəfli mövqe, sonrakı illərdə elm və ilahiyyat sahəsində apardığı yorulmaz fəaliyyət onun adını xalqımızın yaddaşında böyük hörmətlə yaşadır. O, yalnız Qazi deyil, həm də mənəviyyat adamı, söz adamı, xalqın ağrısını qəlbində daşıyan bir ziyalıdır.
Şah İsmayıl Xətai nəslindən gəlməsi isə onun şəxsiyyətinə ayrı bir tarixi qürur və mənəvi ucalıq verir. Bu kökün daşıdığı vətən sevgisi və milli ruh Hacı Həsən Hüseyninin həm həyatında, həm də yaradıcılığında açıq şəkildə hiss olunur.
Kitabın ən böyük mənəvi dəyəri isə müəllifin şəhidlər arasında fərq qoymamasıdır. O, yalnız Vətən müharibəsinin qəhrəmanlarını deyil, Birinci Qarabağ savaşının igidlərini də eyni sevgi ilə yad edir. Xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutan yeddi polis şəhidimizin, eləcə də Baloğlan Süleymanov, Həsən Qorxmaz kimi vətən fədailərinin həyatına dair təqdim olunan məlumatlar əsəri daha da qiymətli edir.
Bu kitab sadəcə səhifələrdən ibarət deyil. Bu kitab şəhid nəfəsi, ana duası, əsgər andı, Vətən sevgisi ilə yazılmış mənəvi bir abidədir. Müəllif həmin alovlu döyüşlərin canlı şahidi olmuş, yaşadığı ağrıları və gördüyü həqiqətləri vicdanının işığında qələmə almışdır. Bəlkə də buna görə kitab insanın ruhuna toxunur, onu silkələyir, düşündürür…

Tədbirin ən qürurverici anlarından biri də kitabın ərsəyə gəlməsində böyük zəhməti olan insanların mükafatlandırılması oldu. Kitabın redaktoru Rauf İlyasoğlu, ön söz müəllifi və mətni toplayan Dilbər Ağayeva, eləcə də tədbirin aparıcısı Hacı Mahir müəllimə – “Səda TV”-nin rəhbəri, “Molla Nəsrəddin” jurnalı və “Haqqın sədası” qəzetinin baş redaktoru AJB və AYB-nin üzvü Mehman Göytəpəli tərəfindən “Həsən bəy Zərdabi” adına media mükafatı ilə təltif olundular. Bu mükafat onların milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində gördükləri işə verilən yüksək dəyər idi.
Şəhidlər ölmür… Onlar xalqın yaddaşında, anaların dualarında, üçrəngli bayrağımızın dalğasında yaşayırlar. Onları yaşadan isə məhz belə kitablar, belə tədbirlər, belə vicdanlı qələm sahibləridir.Şəhidləri yaşatmaq isə millətin vicdanını yaşatmaq deməkdir.
“Həkəri” qəzetinin xüsusi müxbiri olaraq mən də öz adımdan və bütün kollektivimiz adından dəyərli ziyalımız İlahiyyatçı Qazi Hacı Həsən Hüseyniyə Allahdan cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları diləyir, qələminin hər zaman yazar olmasını arzu edirəm. Cəmi şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirəm.Ruhları şad olsun. İlahi amin!
Hörmətlə: Zəkiyyə Musaqızı
AJB-nin və AYB-nin üzvü