14 İyul 2026 / 13:48

800 min erməninin səsi və böyük geosiyasət: Fransa Cənubi Qafqazda nə axtarır?

Fransalı jurnalist Jan Mişel Brun “Modern.az”a açıqlamasında rəsmi Parisin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşmasını kəskin tənqid edib. Jurnalistin sözlərinə görə, bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. O qeyd edib ki, Fransa hökuməti və siyasi partiyaları məsələyə sırf seçki prizmasından yanaşır və onları nə erməni, nə də Azərbaycan xalqı düşündürür. Brun Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşan təxminən 800 minlik fəal erməni diasporunun güclü seçki təsiri imkanlarına malik olduğunu və Fransa rəsmilərinin yalnız səs qazanmaq naminə bu cür qeyri-obyektiv mövqe nümayiş etdirdiyini vurğulayıb. Bu fikirlər həqiqətən real ola bilərmi? Fransada seçkilərin taleyinə cəmi 800 min erməni necə təsir edə bilər? “Qərbin Cənubi Qafqazda strateji maraqları var. Ümumilikdə Qərb, o cümlədən Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransa həm öz milli maraqlarından, həm də ümumi Avropa İttifaqı maraqlarından çıxış edir”.

Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazın üç respublikasını öz təsir dairəsinə salaraq Rusiyaya qarşı istifadə etmək istəyir. Məsələn, Gürcüstanın baş naziri açıq şəkildə bildirmişdi ki, Qərb Gürcüstana təzyiq göstərir ki, Rusiya ilə ikinci cəbhə açsın. Bu o deməkdir ki, Rusiyanın cənub cinahında hərbi münaqişə yaratmaq, Rusiyanı dünya siyasi xəritəsində təcrid etmək və Cənubi Qafqazın üç respublikasını öz təsiri altına alaraq Rusiyaya qarşı istifadə etmək istəyirlər. Bu siyasətin önündə isə Fransa dayanır. Çünki Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və Cənubi Qafqazın üç respublikasına müxtəlif formalarda təzyiqlər göstərilir. Artıq Qərb Ermənistanda möhkəmlənib, Nikol Paşinyandan bir alət kimi istifadə edir və onu idarə edir. Paşinyan Avropadan hansı təklif gəlirsə, hansı siyasi xətt müəyyənləşdirilirsə, erməni dövlətinin və xalqının maraqlarından deyil, Qərbin maraqlarından çıxış edir.

Ekspertin sözlərinə görə, Qərb açıq şəkildə Gürcüstana da təzyiq göstərir. Gürcüstana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlar edilir. Eyni zamanda Avropa Şurası və digər beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirildiyini görürük. Bu proseslərdə də Fransanın nümayəndələri daha fəal mövqe nümayiş etdirirlər. İlk baxışdan belə bir təəssürat yaratmağa çalışırlar ki, guya Fransa erməni lobbisinin təsiri altında bu siyasəti həyata keçirir. Məncə, bu, kökündən yanlış yanaşmadır. Məsələyə daha çox geosiyasi və strateji baxımdan yanaşmaq lazımdır. Sadəcə olaraq, Qərb ermənilərdən, erməni diasporundan və erməni lobbisindən bir alət kimi istifadə edir. Ermənistanda da öz maraqlarına uyğun hakimiyyət formalaşdırıb və Paşinyanı hakimiyyətə gətirib. Baxmayaraq ki, Ermənistanda guya demokratik seçkilər keçirilir, mən hesab edirəm ki, orada demokratiyadan danışmaq mümkün deyil. Çünki Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil. Ermənistan hakimiyyətinin əsas dayaqları Brüssel, Vaşinqton və müəyyən mənada Moskvadır. Ermənistanda baş verən siyasi proseslərin taleyinin bu böyük güclərin paytaxtlarında müəyyənləşdirildiyini müşahidə edirik. Paşinyanın müxalifətə qarşı apardığı aqressiv siyasətə bu gün Avropa, xüsusilə də Fransa başda olmaqla, səssiz qalır. İstər dini qurumlara, xüsusilə Erməni Apostol Kilsəsinə qarşı həyata keçirilən siyasəti götürək. Baxmayaraq ki, Azərbaycanda dini zəmində ayrı-seçkilik yoxdur, buna baxmayaraq, Azərbaycanda guya dinə qarşı təzyiqlər olduğu barədə bəyanatlar səsləndirilir. Amma Ermənistanda açıq şəkildə kilsəyə qarşı mübarizə aparılır və buna göz yumulur. Ermənistanda müxalifət liderləri təqib edilir, həbslər həyata keçirilir, lakin Qərb buna reaksiya vermir. Seçki saxtakarlığı ilə bağlı iddialar və faktlar səsləndirilir, amma bunlara da göz yumulur. Məsələ ondadır ki, Qərb erməni diasporundan öz məqsədləri naminə istifadə edərək Paşinyanı hakimiyyətə gətirib, onu himayə edir və Paşinyan vasitəsilə Cənubi Qafqazda öz siyasətini həyata keçirmək istəyir. Dediyim kimi, Fransa bu proseslərdə aktiv rol oynayır. Ermənistan üzərindən Azərbaycana təzyiq göstərməyə çalışırlar. Biz müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli bəyanatların şahidi olmuşuq. Məqsəd Cənubi Qafqaz respublikalarını öz təsir dairəsində saxlamaq və idarə etməkdir. Lakin Azərbaycan sözün əsl mənasında suveren dövlətdir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu siyasət daha aydın şəkildə özünü göstərir. Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə balanslaşdırılmış və neytral siyasət həyata keçirir. Böyük güclərin əlində alətə çevrilmir, onların maraqları arasında tarazlıq yaradır və ölkədə sabitliyi təmin edir. Buna baxmayaraq, Qərb Azərbaycana təzyiq göstərməyə çalışır. Həm beynəlxalq təşkilatlar vasitəsilə, burada Fransanın xüsusi rolu hiss olunur, həm də Ermənistan üzərindən bu təzyiqlər davam etdirilir.

“Ermənistan indiyədək Rusiyanı arxasına alaraq öz məqsədlərini həyata keçirməyə çalışırdı. İndi isə Paşinyan simasında Qərbi arxasına alaraq eyni siyasəti davam etdirmək istəyir. Bu gün Ermənistan nə demokratik dövlətdir, nə də sülhpərvər dövlətdir. Buna baxmayaraq, başda Fransa olmaqla Qərbin Ermənistana həm siyasi, həm də maliyyə dəstəyi verdiyini görürük. Bunun əsas səbəbi Qərbin Paşinyanı idarə etməsi və öz məqsədlərini onun vasitəsilə həyata keçirməyə çalışmasıdır. Azərbaycan belə avantüralardan uzaqdır. Azərbaycana qarşı atılan qərəzli addımlara və qərəzli davranışlara isə ölkəmiz tərəfindən adekvat cavab verilir”, – deyə A. Məsiyev vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!