Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış siyasi qarşıdurmaların nəticəsində NATO bloku formalaşdı. NATO bloku ilə Varşava Müqaviləsi Təşkilatı arasında böyük bir rəqabət mövcud idi. NATO blokunun arxasında Amerika Birləşmiş Ştatları, Varşava Müqaviləsi Təşkilatının arxasında isə SSRİ dayanırdı. Bu iki supergücün siyasi, iqtisadi və hərbi qarşıdurmasının nəticəsində hərbi bloklar arasında uzun illər davam edən rəqabət formalaşmışdı”. Siyasi şərhçi Azad Məsiyev tezadlar.az-a bildirib ki, SSRİ-nin süqutundan sonra NATO bloku Rusiyanın sərhədlərinə doğru genişlənməyə başladı. Amerika Birləşmiş Ştatlarının əsas strategiyası ondan ibarət idi ki, onun qlobal üstünlüyünə mane olan bütün amillər aradan qaldırılsın, dünya birqütblü sistem əsasında formalaşsın və bu sistem ABŞ-nin rəhbərliyi altında idarə olunsun. Bu məqsədlə NATO blokundan bir vasitə kimi istifadə edilir. ABŞ-nin siyasi strategiyasına və maraqlarına uyğun davranmayan dövlətlər NATO vasitəsilə təzyiqlərlə üzləşirlər. Başda Amerika Birləşmiş Ştatları olmaqla NATO bloku Rusiyanı əsas təhlükə və rəqib kimi qiymətləndirir. ABŞ üçün Rusiya hərbi gücünə görə, Çin isə iqtisadi gücünə görə təhlükə mənbəyi hesab olunur. Buna görə də ABŞ Rusiyanın hərbi potensialını zəiflətmək məqsədilə NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini həyata keçirdi və nəticədə, bildiyiniz kimi, Ukrayna münaqişəsi yarandı. ABŞ-nin məqsədi Rusiyanı beynəlxalq siyasi müstəvidə təcrid etmək, onu zəiflətmək və superdövlət statusunu sarsıtmaqdır. NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda Ukrayna ərazisində gedən proseslər təkcə Rusiya-Ukrayna savaşı deyil, faktiki olaraq NATO ilə Rusiya arasında gedən de-fakto qarşıdurmadır. Çünki NATO-ya üzv dövlətlər bu münaqişədə açıq şəkildə tərəf kimi iştirak edir, Ukraynaya maliyyə dəstəyi, silah yardımı göstərir, hərbi kadrların hazırlanmasını təmin edir, kəşfiyyat məlumatları ötürür, informasiya və psixoloji müharibədə birbaşa iştirak edirlər. NATO-nun baş katibinin Rusiyaya qarşı sərgilədiyi mövqe də bunu açıq şəkildə göstərir.
Ümumilikdə NATO Amerikanın əsas alətlərindən biri kimi fəaliyyət göstərir. ABŞ bu alyansın ən böyük maliyyə və hərbi dəstəyini təmin edən dövlətdir. Rusiya-Ukrayna münaqişəsində isə Türkiyə neytral mövqe tutdu. Bildiyiniz kimi, Türkiyə NATO daxilində quru qoşunlarının gücünə görə ən böyük dövlətlərdən biridir. Buna baxmayaraq, Türkiyə öz milli və dövlət maraqlarını əsas götürərək münaqişədə tərəf olmadı və balanslı siyasət yürütməyə çalışdı.
Ekspertin sözlərinə görə, ABŞ və Qərb çalışır ki, Rusiyanın cənub cinahını da nəzarət altına alsın. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa istiqamətində imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Rusiyanın cənub istiqamətində isə əsas geosiyasi məkan Cənubi Qafqazdır. Buna görə də Qərb üç Cənubi Qafqaz respublikasını öz təsiri altına salaraq Rusiyaya qarşı istifadə etməyə çalışır. Azərbaycan isə bu proseslərə qoşulmur və neytral mövqeyini qoruyur. Azərbaycan heç bir hərbi bloka üzv deyil və Qoşulmama Hərəkatının üzvü olaraq balanslaşdırılmış xarici siyasət həyata keçirir. NATO ilə siyasi əməkdaşlığın mövcudluğu Azərbaycanın NATO üzvü olması və ya NATO-nun siyasətini həyata keçirməsi anlamına gəlmir. Qərbin məqsədi Cənubi Qafqaz respublikalarını Rusiyaya qarşı istifadə etmək, Rusiyanın cənub cinahında yeni gərginlik ocaqları yaratmaq və onu beynəlxalq müstəvidə daha da təcrid etməkdir. Gürcüstanda baş verən hadisələr də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Gürcüstanın baş nazirinin Qərbin Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə bağlı təzyiqlər göstərdiyini bəyan etməsi də bu kontekstdə diqqət çəkir. Belə bir siyasət Cənubi Qafqazda sabitliyin pozulmasına və yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxara bilər. Azərbaycan isə qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq qalır və dəfələrlə bəyan edib ki, öz ərazisinin üçüncü dövlətlər tərəfindən qonşu ölkələrə qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycanın geostrateji mövqeyi NATO-nun diqqət mərkəzindədir. Çünki NATO-nun əsas rəqibləri hesab olunan Rusiya və İran Azərbaycanın qonşularıdır. Azərbaycan isə həm Rusiya, həm də İranla münasibətlərini milli maraqları əsasında qurmağa çalışır və üçüncü tərəflərin bu münasibətlərdən öz məqsədləri üçün istifadə etməsinə imkan vermir. Qərb eyni zamanda Cənubi Qafqazın NATO strukturlarına inteqrasiyasına çalışır. Ermənistanın baş naziri dəfələrlə Avropa İttifaqına inteqrasiyanı prioritet elan edib. Bu prosesin gələcəkdə NATO üzvlüyünə aparacağı ilə bağlı fikirlər də səsləndirilir. Bu isə regionda yeni gərginlik risklərini artırır. Rusiya dəfələrlə bəyan edib ki, NATO-nun onun sərhədlərinə doğru genişlənməsi milli təhlükəsizliyinə birbaşa təhdid hesab olunur.
Ukraynada baş verən hadisələrin əsas səbəblərindən biri kimi də NATO-nun Ukraynanı alyansa inteqrasiya etdirmək siyasəti göstərilir. Hazırda NATO Cənubi Qafqaz istiqamətində, xüsusilə Ermənistan vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışır. “Türkiyədə keçiriləcək NATO sammitində hesab edirəm ki, mühüm qərarlar qəbul olunacaq. Xüsusilə NATO-nun maliyyələşdirilməsi məsələsi əsas müzakirə mövzularından biri olacaq. ABŞ açıq şəkildə bəyan edib ki, alyansa üzv dövlətlər müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmalıdırlar. Bu isə bir sıra dövlətlər üçün ciddi iqtisadi yük yarada bilər. Eyni zamanda hesab edirəm ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi siyasəti və Rusiya-Ukrayna münaqişəsinin gələcək inkişaf perspektivləri də müzakirə ediləcək. Mənim fikrimcə, NATO bu münaqişənin tezliklə başa çatmasında deyil, daha çox uzanmasında maraqlıdır. Məqsəd Rusiyanı hərbi, iqtisadi və siyasi baxımdan zəiflətməkdir. Lakin NATO-nun bəzi analitik dairələrinin bu yanaşması dünyanı daha böyük təhlükələrlə üz-üzə qoya bilər. Çünki Rusiyaya qarşı birbaşa təhlükənin artması nüvə silahından istifadə riskini yüksəldə bilər. Bildiyiniz kimi, Rusiya nüvə potensialına görə dünyanın aparıcı dövlətlərindən biridir və nüvə müharibəsi bəşəriyyət üçün ağır nəticələr doğura bilər. Bu baxımdan Avropanın bəzi dövlətlərinin Rusiyanı NATO ilə birbaşa qarşıdurmaya təhrik etməsi xüsusi narahatlıq doğurur. Baltikyanı ölkələr ətrafında baş verən hadisələr və Rusiyanın bu məsələlərlə bağlı etirazları da bunun nümunələrindən biri kimi qiymətləndirilə bilər. NATO ilə Rusiya arasında qarşıdurmanın dərinləşməsi üçüncü dünya müharibəsi riskini artıra bilər. Bu isə Cənubi Qafqaz respublikaları üçün də ciddi təhlükə yaradır. ABŞ və Avropadan Azərbaycana ünvanlanan bəzi siyasi bəyanatlar, Gürcüstanda baş verən proseslər və seçilmiş hakimiyyətə qarşı göstərilən təzyiqlər də bu geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilə bilər”, – deyə siyasi şərhçi qeyd edib.
Ekspertin fikrincə, Türkiyədə keçiriləcək NATO toplantısında həm ikitərəfli, həm də çoxtərəfli görüşlər xüsusi əhəmiyyət daşıyacaq. Xüsusilə ABŞ prezidenti ilə Türkiyə prezidenti arasında keçiriləcək görüş diqqət mərkəzində olacaq. Türkiyə NATO daxilində mühüm hərbi gücə malik olmaqla yanaşı, Yaxın Şərqdə baş verən proseslərdə də mühüm aktora çevrilib. Yaxın Şərqdə, xüsusilə İsrailin həyata keçirdiyi siyasətə ABŞ-nin verdiyi dəstək fonunda Türkiyənin mövqeyi ayrıca əhəmiyyət daşıyır. Hesab edirəm ki, Türkiyə prezidenti bu məsələləri də görüşlər zamanı gündəmə gətirəcək. Son dövrlər İsrail tərəfindən qondarma erməni soyqırımı məsələsinin yenidən gündəmə gətirilməsi də Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. İran ətrafında baş verən hadisələr zamanı Türkiyə problemin diplomatik yollarla həll edilməsinin vacibliyini bəyan etdi və bu mövqeyini açıq şəkildə ortaya qoydu. NATO-nun Türkiyədə keçiriləcək növbəti sammitində bu məsələlər geniş şəkildə müzakirə olunacaq. Türkiyə artıq dünya siyasətində söz sahibi olan dövlətlərdən birinə çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının inkişafı fonunda inteqrasiya proseslərinin güclənməsi də Türkiyənin regional və qlobal rolunu artırır. Ümumilikdə məsələyə qlobal baxdıqda, NATO blokunun fəaliyyəti ABŞ-nin qlobal siyasətinin əsas alətlərindən biri kimi qiymətləndirilir. ABŞ üçün Rusiya və Çin əsas geosiyasi rəqiblər hesab olunur və Vaşinqton NATO-nun imkanlarından bu dövlətlərə qarşı təzyiq mexanizmi kimi istifadə etməyə davam edir. Mövcud birqütblü dünya sistemi beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb olub. Dünyada müşahidə olunan iqtisadi, siyasi və hərbi böhranların mühüm səbəblərindən biri də məhz bu sistemdir. Buna görə də daha balanslı, çoxqütblü beynəlxalq sistemin formalaşması həm siyasi, həm də təhlükəsizlik baxımından daha məqsədəuyğun hesab olunur. Dünyada uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşması vacibdir.
Səbuhi