15 Noyabr 2025 / 12:49

“Uzun illər təhsildə real mənzərə gizlədilib, problemlər “makiyaj” olunub” – təhsil eksperti

Biz niyə cənab nazir Emin Əmrullayevin dediklərini qəbul etməkdə çətinlik çəkirik?
Bəlkə də səbəb çox sadədir: uzun illər boyu təhsildə real mənzərə gizlədilib, rəqəmlər şişirdilib, problemlər “makiyaj” olunub.
Tezadlar.az xəbər verir ki, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov sosila media hesabında bildirib.
Onun sözlərinə görə, Emin Əmrullayev illərin yığılmış problemlərini ört-basdır etmək əvəzinə, müəllimin əsl əməyini dəyərləndirmək üçün real addım atır.
“Elə bir mühitə alışmışıq ki, kimsə həqiqəti açıq deyəndə onu “tənqid”, “sərtlik” və ya “qəbulolunmazlıq” kimi görürük.
Emin Əmrullayev isə illərin yığılmış problemlərini ört-basdır etmək əvəzinə, ilk dəfədir ki, müəllimin əsl əməyini dəyərləndirmək üçün real addım atır — sistemin özünü dəyişir. Amma insanlar bu dəyişikliyin mahiyyətinə baxmaq əvəzinə, köhnə yanaşmanın rahatlığından çıxmaqdan qorxduğu üçün reaksiyanı emosiyalarla verir.
Çünki biz illərlə elə bir “rahat zona”ya salınmışıq ki, təhsil barədə kəskin fakt danışan məmura dərhal müqavimət göstəririk. Çünki həqiqət çoxlarını narahat edir. Çünki dəyişiklik çətindir. Çünki illərlə yığılan problemləri bir cümləlik populist çıxışlarla həll etməyə öyrəşmişik.
Amma indi fərqli situasiyadayıq: ilk dəfədir ki, müəllimin əməyinin dəyəri “kağız üzərində” yox, real struktur dəyişikliklərində əks olunur. İlk dəfədir ki, problemi gizlədən yox, problemin üstünə gedən idarəçilik var. Və ilk dəfədir ki, bu sistem rahatlıq deyil, məsuliyyət tələb edir.
Problem ondadır ki, biz dinləmək istəmirik. Oxumaq istəmirik. Anlamaq istəmirik. Sadəcə tənqid etməyə bəhanə axtarırıq.
Halbuki əslində bu gün baş verənlər müəllim üçün son 20 ilin ən ciddi və ən doğru addımıdır. Sadəcə bunu görmək üçün köhnə düşüncənin pəncərəsindən yox, yeni təhsil modelinin içindən baxmaq lazımdır.
Həqiqət budur: təhsili dəyişmək istəyən adam heç vaxt xoşa gəlmək üçün danışmaz.
Və bəlkə də ona görə biz onu hələ anlamırıq. Amma anlamasaq da — bu dəyişikliklər baş verəcək.
Və zaman keçəcək, hamı görəcək ki, bu sərt görünən qərarlar əslində müəllimin xeyrinə atılmış ən dürüst addımlardır”, – deyə Kamran Əsədov qeyd edib.
JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!