18 Noyabr 2025 / 10:35

Şəkidə bu arxeoloji abidə muzey statusu alacaq

Şəkinin Fazıl kəndində qazıntı zamanı aşkar edilmiş qədim yaşayış məskənlərini və orada tapılan eksponatları ehtiva edən abidənin muzey statusu alması üçün müraciət edilib. Tezadlar.az xatırladır ki, bu barədə abidənin sahibi İntizar Bədəlova mediaya məlumat verib. Onun sözlərinə görə, sözügedən yaşayış məskəni 2006-cı ildə aşkar edilib. Sitat: “Elə o zaman eksponatlar üzərində kərpicdən qoruyucu tikinti aparmışıq. Ümumilikdə 5 yerdə qədim yaşayış yeri aşkarlamışıq ki, bunların 4-ü müxtəlif dövrlərə aiddir. Ancaq Təpəbaşı nekropolu və yaşayış yerində b.e.ə I minilliyin birinci yarısından başlayaraq orta əsrlərə qədər fasiləsiz yaşayış davam etmişdir”.

İ.Bədəlova bildirib ki, abidənin muzey statusu üçün Mədəniyyət Nazirliyi tərəfindən baş plan işlənib.

“Bir müddət öncə nazirliyin əməkdaşları gəlib muzeyin çatışmazlıqlarını, – üst örtüyü, havalandırma sistemi və digər məsələləri, – qeydə aldılar. Mən də gözləyirəm, nə zaman qərar veriləcək”.

İ.Bədəlova abidənin üst örtüyünün çox ciddi bərpaya ehtiyacının olduğunu da deyib.

“Dövlət Turizm Agentliyi tərəfindən abidə üçün bir nəfər mühafizəçi ştatı ayrılıb. O ştat üçün təyin olunan maaş və öz əməkhaqqımla muzeyin qorunub saxlanmasını həyata keçirirəm. Həmin vəsait ərazinin təmizliyinə, bağban işinə, 70 metrlik sahənin ventilyasiyasına sərf olunur. Muzey yeraltında yerləşdiyi üçün hər gün havalandırılmalıdır. Yerüstü hissə də daim təmizlənməli, zibillərdən qorunmalıdır ki, haşaratlanma olmasın”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!