Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov 10 gün əvvəl Xorvatiyada sayca dördüncü şirkətini – VIA NOVA DEVELOPMENT d.o.o.-nu qeydiyyatdan keçirib.
Nizamnamə kapitalı 5.200 avro olan şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olacaq. Yusif Eyyubov bu biznesdə tək deyil. Onun şərikləri Eldar Dadaşev və Aydın Əhmədovdur.
Bundan əvvəl, 2023-cü ilin sentyabrında Yusif Eyyubov Qurban Nağıyev (Gurban Naghiyev) və Ivica Libl ilə birlikdə 57.000 avro nizamnamə kapitalına malik KAMAYA CONCEPT d.o.o. şirkətini (ilkin adı VAL PELET d.o.o.) təsis etmişdi. 14 mart 2025-ci ildə digər iki şərikin şirkətdən ayrılmasından sonra Yusif Eyyubov onun yeganə sahibinə çevrilib. Şirkətin fəaliyyət sahələrinə ağac məmulatlarının istehsalı, tikinti, lift və eskalator sistemlərinin quraşdırılması və texniki xidməti daxildir. Ötən il şirkətin dövriyyəsi 546.741,95 avro, aktivləri isə 352.170 avro təşkil edib.
Yusif Eyyubovun adı Xorvatiyada daha bir şirkətin – PRIMA EXPORT d.o.o.-nun ilkin təsisçilərindən biri kimi də keçir. 12 mart 2021-ci il tarixli rəsmi məhkəmə sənədinin birinci səhifəsində, «OSNIVAČI/ČLANOVI DRUŠTVA» (şirkətin təsisçiləri/iştirakçıları) bölməsində iki nəfərin adı göstərilib: Yusif Abdulla oğlu Eyyubov (Yusif Abdulla Oğlu Ayyubov) və onun biznes ortağı Bangwei Liu. Eyyubov həm də şirkətin ilk direktoru olub. Lakin hazırda şirkətin sahibləri arasında onun adı görünmür.
Yaqub Eyyubovun qardaşının Xorvatiyada biznes fəaliyyətinin tarixi isə 2001-ci ilə gedib çıxır. Həmin il o, Edin Todorovac ilə birlikdə MONTEVIDEO d.o.o. şirkətini təsis edib. Şirkətin paylarının 63 faizi Yusif Eyyubova, 37 faizi isə Edin Todorovaca məxsusdur.
MONTEVIDEO d.o.o. şirkətinin nizamnamə kapitalı 2.642.298,76 avro, 2025-ci il üzrə aktivləri isə 3.983.334 avro təşkil edib.
Beləliklə, Yusif Eyyubovun son 25 il ərzində Xorvatiyada ən azı dörd şirkətin təsisində iştirak etdiyi müəyyənləşir. Onlardan üçünün hazırda da sahibi və ya şəriki olduğu reyestr məlumatları ilə təsdiq olunur.
Cavanşir Həsənli,
Araşdırmaçı jurnalist
















