Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Zooparkı baxımsızlıq, antisanitariya və nəzarətsizlik içində itib-batır…

Bakı Zooparkında insanların həyatı təhlükədədir. Kiminsə başına bir hadisə gələndən sonra “günahkar axtarmaq” asandır. Amma məsələ ondadır ki, hadisə baş verməmişdən əvvəl tədbir görülməlidir. Bakı Zooloji Parkının indiki vəziyyəti isə bu həqiqətin nə qədər aktual olduğunu acı şəkildə göstərir.
Gəlin əvvəlcə Bakı Zooloji Parkı barədə qısa bir tanıtım edək. Çünki bu tarixi və rahatlıqla “yenilənib” deyilən məkanın bugünkü real durumu ilə rəsmi təqdimat arasında kəskin ziddiyyət var.
Tarixi yenilənmə, yoxsa davam edən baxımsızlıq?
Bakı Zooparkının tarixi 1928-ci ildən başlayır. İlk dəfə Bakının Nizami parkında “zoobağ” kimi fəaliyyətə başlayan zoopark 2 yanvar 1942-ci ildə rəsmi şəkildə “zooloji park” statusu alıb. 1958-ci ildə zoopark Bayıl ərazisinə köçürülüb. Lakin həmin ərazidə yaranan torpaq sürüşməsi təhlükəsi səbəbindən 1982-ci ildə yenidən köçürülərək Nərimanov rayonundakı indiki ərazidə yerləşdirilib. İllər ərzində zooparkın daha geniş bir əraziyə köçürülməsi ilə bağlı müxtəlif iddialar ortaya çıxıb. Bəzi mənbələrdə qeyd edilirdi ki, gələcəkdə tamamilə yeni, böyük bir heyvanat parkı salınacaq və heyvanlar ora aparılacaq. Lakin rəsmi olaraq bu plan həyata keçirilməyib. Köçürülmə əvəzinə mövcud ərazidə genişmiqyaslı yenidənqurma işləri aparıldı. Nəticədə Bakı Zooloji Parkı 4 il davam edən əsaslı rekonstruksiyadan sonra 7 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, eləcə də Leyla və Arzu Əliyevaların iştirakı ilə açılışı edilərək, yenidən fəaliyyətə başladı. IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən yenilənmə nəticəsində zooparkın sahəsi 4.25 hektara qədər genişləndirildi, müasir volyerlər, akvaterrarium, baytarlıq klinikası, elektron bələdçi sistemi və digər infrastruktur yenidən quruldu.

Bu gün Bakı Zooloji Parkı yalnız bir əyləncə məkanı deyil, həm maarifləndirmə, həm də nadir və nəsli kəsilməkdə olan növlərin qorunması üzrə tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Zooparkda hazırda 125 heyvan növü yaşayır, onlardan 22-si Azərbaycanın “Qırmızı kitab”ına daxildir. Lakin zooparkın yenilənməsi və müasir standartlara uyğunlaşdırılması barədə deyilənlərə baxmayaraq, reallıq ziyarətçilərin gözündə tam başqa mənzərə yaradır.
Reallıq: Antisanitariya, ağır qoxu və nəzarətsizlik…
“Qırmızı Kitab”a düşən nadir heyvanların saxlandığı və hər gün minlərlə ziyarətçidən yaxşı gəlir əldə edən Bakı Zooloji Parkının hazırkı durumu bir çox baxımdan narahatlıq doğurur. Ziyarətə gələn valideynlər, şagirdlər və turistlər bildirirlər ki, əraziyə qədəm qoyan kimi onları antisanitariya, ağır heyvan qoxusu və baxımsızlıq qarşılayır. İnsanlar normalda saatlarla gəzməli olduqları parkı cəmi bir neçə dəqiqəyə tərk etməyə məcbur olurlar. Heyvanların saxlandığı yerlərdəki çirkli mühit həm estetik, həm də sanitariya baxımından qəbuledilməzdir.
Ərazidə təhlükəsizlik məqsədilə çəkildiyi deyilən elektrik naqilləri də ayrıca təhlükə yaradır. Bu naqillər açıqda, sərbəst vəziyyətdədir və istənilən halda həm heyvanlar, həm də insanlar üçün risk yarada bilər. Daha pisi isə zooparkın böyük olmasına baxmayaraq, nəzarətçi çatışmazlığının hiss edilməsidir.

Bu qədər gəlir gətirən bir müəssisənin ən azı təmizlik və xidmət sahəsində standartlara əməl etməsi gözləniləndir. Heyvanların qapalı və açıq volyerlərinin təmizlənməməsi səbəbilə yayılan qoxu bəzi hallarda zooparkın yanında yerləşən binalara qədər gedib çıxır.
Bir sözlə, Bakı Zooparkı hazırda baxımsızlıq içində itib-batır. Rəsmi sənədlərdə modern, dünya standartlarına uyğun heyvanat parkı kimi təqdim olunan bu məkan, reallıqda həm heyvanların şəraitinin yaxşılaşdırılması, həm də ziyarətçilərin təhlükəsizliyi və komfortu baxımından ciddi problemlərlə üz-üzədir.
Qartalların vəziyyəti: Qum yoxdur, qulluq yoxdur, nəzarət yoxdur…
Zooparkın ərazisində gəzdikcə baxımsızlığın izləri daha aydın görünür. Məsələn, qartalların saxlandığı hissədə vəziyyət o qədər acınacaqlıdır ki, quşların lələkləri sanki üzərinə yağ tökülmüş kimi yapışıb qalıb. Onların təmizliyi ilə bağlı ciddi suallar yaranır, elə bil qumla deyil, nə isə başqa, heç də uyğun olmayan vasitələrlə “təmizlənirlər”. Əslində, belə bir müəssisədə ən sadə gigiyena tələblərindən biri olan qum qatının belə olmaması düşündürücüdür. Qum tapılmır, ya da tapılır, amma istifadə edilmir, bunu bilmək çətindir.
Deyəsən, zooparka illərdir daxil olan gəlirlərin cüzi bir hissəsini belə quşların altına töküləcək bir neçə kisə quma ayırmaq mümkün deyil? Yoxsa bu, heç kimin ağlına gəlmir? Halbuki qum nə bahadır, nə də çatdırılması çətin. Sadəcə, diqqət, qayğı və məsuliyyət tələb edir. Amma görünən odur ki, bu zəruri qayğı zooparkın gündəliyində yoxdur. Nəticədə, qartalların yaşadığı mühit baxımsızlıqdan o qədər çirklənib ki, bu mənzərə həm heyvanların sağlamlığına, həm də zooparkın ümumi imicinə birbaşa zərbə vurur.

Ceyrana popkorn yedizdirən ziyarətçilər…
Diqqətimi çəkən başqa bir məqam isə ərazidə asılmış qaydalara əməl olunmaması və onların kobud şəkildə pozulmasıdır. Lövhələrdə aydın şəkildə yazılıb ki, heyvanlara əl vurmaq və onlara yem vermək qadağandır. Amma mənim gözlərim önündə yaşlı bir kişi nəvəsi ilə birlikdə ceyrana popkorn verirdi. Ən narahatedicisi isə bu halın qarşısını almaq üçün yaxınlıqda bir nəfər belə nəzarətçinin olmaması idi. Görünür, zooparkın ən ciddi problemlərindən biri də məhz nəzarətin ümumiyyətlə, olmamasıdır.
Bu səhlənkarlığın nəticələri isə, açığı, insanın beynində xoş olmayan ehtimallar yaradır. Ərazidə heç bir nəzarətin olmaması, qaydaların kağız üzərində qalması və ziyarətçilərin tam sərbəst davranması insanı düşündürür: bəs burada hər hansı vəhşi heyvanın kiməsə hücum etməsi nə dərəcədə realdır? Təəssüf ki, gördüklərimə əsaslanaraq deyə bilərəm ki, bu risk var və heç də uzaqda deyil. Amma yenə də ümid edirəm ki, ehtimallarım doğrulmaz və heç vaxt belə bir hadisə baş verməz. Buna baxmayaraq, müşahidələrim və gördüklərim məni ciddi narahat edir. Bu səbəbdən zoopark rəhbərliyini heyvanların və ziyarətçilərin təhlükəsizlik məsələlərinə daha məsuliyyətlə yanaşmasına səsləyirik.

Elektrik xətləri işləmirsə, o zaman nəyi qoruyur?
Bir məqamı da qeyd edim ki, şəxsən məndə təhlükəsizlik üçün nəzərdə tutulmuş elektrik xətlərinin də işləmədiyi təəssüratı yarandı. Çünki Emular həmin elektrikli hissəyə dilləri ilə toxunur, hətta yalayırdılar, amma onlara heç bir təsir etmirdi. Ən azından “qıdıq” reaksiyasının belə olmaması göstərir ki, o xəttə bəlkə də heç elektrik yoxdur.

Çatlamış pələng şüşəsi: faciənin bir addımlığında…
Daha ciddi problem isə pələngin yerləşdiyi aşağıdakı şüşəli sahədədir. Oraya gedənlər yəqin bilir, söhbət hansı hissədən gedir? Həmin o şüşə gözlə görünəcək dərəcədə çatlamışdı və bu, həqiqətən də ciddi təhlükədir. Kiçik bir zərbə, yaxud pələngin öz ağırlığını verməsi belə şüşənin sınmasına səbəb ola bilər. Əlbəttə, pələng özü də halsız görünürdü, sanki tərpənməyə gücü yoxdur və bəlkə də buna görə indiyədək hər hansı hadisə baş verməyib. Amma pələngin yorğun olması bizi çox da arxayın etməməlidir.

Bakı Zooparkı başlı-başına buraxılıb
Bir sözlə, zoopark faktiki olaraq başlı-başına buraxılıb. Baxan yoxdur. Açıq-aşkar laqeydlik hökm sürür və bu biganəlik həm heyvanların əzab çəkməsi, həm də insanların həyatının təhlükəyə atılması deməkdir. Kiminsə başına bir hadisə gələndən sonra “günahkar axtarmaq” asandır. Amma hadisə baş verməmişdən əvvəl tədbir görülməsi daha məntiqli olardı. Yoxsa “Daldan atılan daş topuğa dəyər” deyib atalarımız.
Elşad FƏRMANOĞLU