Mən farsdilli ədəbiyyatın mütəxəssisi deyiləm, amma baxın, xəlifə Harun ər-Rəşidin bacısı barədə nələr deyilib… ( Mənbə: A. Qasımova Ərəb ədəbiyyatı, v-xııı əsrlər)
Ərəb mənbələrində Abbasilər dövrünün saray həyatı, buradakı eyş-işrət məclisləri barədə oxuduqda insan özünə belə suallar verir: Əcəba, bu insanlar müsəlmanmı olub? Bu insanlar şərab məclislərini Qur’anla, İslamla necə uyğunlaşdırıblar? Xəlifələrdən biri Qur’anı düz oxumadığı üçün oğlunu qətlə yetirirsə, şərab məclisləri, xəmriyyət şeiri, eyş-işrət və mucun bu həyata necə sirayət edirdi? Məsələn, Əbu Bəkr əs-Suli Harun ər-Rəşidin bacısı Abbasə (digər adı Uliyyə) barəsində qəribə bir xəbər söyləyir: Uliyyə Harun ər-Rəşidin dövründə həcc ziyarətinə yollanır. Amma o, yolunu dəyişib Tayzənabada gedir. Tayzənabad o dövrdə şərab istesalı ilə məşğul olan xristian monastrları ilə tanınrdı. Şairlər, müğənnilər bu monastrlarda tez-tez məclislər qurur, eyş-işrətlə məşğul olur, bəzən günlərlə buranı tərk etmirdilər. Onun Tayzənabada getdiyini eşidən Harun ər-Rəşid çox qəzəblənir, Uliyyəni çağırıb danlayır. Bu zaman Uliyyə aşağıdakı şeiri söyləyir (əs-Suli 59):
أَيُّ ذَنْبٍ أَذْنْبَتُهُ أَيُّ ذَنْبٍ … أَيُّ ذَنبٍ لَوْلاَ مَخَافَةُ رَبيِّ
بِمُقِامي بِطَيزناباذَ يَوْماً … بَعْدَهُ لَيْلَةٌ عَلىَ غَيْرِ شُرْبِ
ثُمَّ باكَرْتُها عُقاراً شَمُولاً … تَفْتنُ النَّاسِكَ الحْلَيِمَ وَتُصْبِي
“Mən nə günah işlətdim? Rəbbimdən qorxmasaydım, hansı günahı işlədərdim?
Cəmi bircə gün və bir gecə şərab içmədən Tayzənabadda qalmağım günahmı?
Səhərisi günümü isə sərin bir şərabla açdım. Elə bir şərab ki, hətta yaşlı bir zahidi belə məftun edərək yeniyetmə oğlana döndərər”.
Uliyyənin dini, imanı barədə mənbələrdə insanı heyrətə salan məlumatlar var. Məs. Əbu l-Fərəc əl-İsfəhani göstərir ki, o şərab içərdisə, namaz qılmazdı, ancaq qüsl edib təmizləndikdən sonra namaza başlardı. Onun ən böyük həvəsi şeirə, musiqiyə idi (əl-İsfəhani, cild 10, 129)
Onun Harun ər-Rəşidin Tall adlı bir köləsini də çox sevdiyi, ona şeirlər qoşduğu bildirilir. Harun ər-Rəşid onun bu şeirlərindən, Talla maraq göstərməsindən xoşlanmazdı. Xəlifə Uliyyəyə Tallın adını belə çəkməyi qadağan edir. “Tall” sözü hərfi mənada “şeh” deməkdir. Bir dəfə Qur’an oxuyarkən əl-Baqara surəsinin 265-ci ayəsinə çatarkən ( فإن لم يصبها وابل فطل ) Uliyyə “tall” sözündə dayanır, onun əvəzinə “xəlifənin qadağan etdiyi şey” söyləyir. Bunu eşidən Harun ər-Rəşid bacısının alnından öpür və “mən Tallı sənə bağışladım”-deyir (əl-İsfəhani 130).
XXX
Uliyyə qardaşı Harun ər-Rəşidin vəfatından sonra uzun müddət özünə gəlməmişdir. Xəlifə Əmin ona xüsusi qayğı ilə yanaşır, dərdini ovutmağa çalışırdı. Əbu Bəkr əs-Sulinin məlumatında onu Məmunun öldürdüyü aydınlaşır. Burada məşhur “Qladiator” filmindəki bir ölüm səhnəsinə bənzər hadisə təsvir olunur; Filmdə Commodus qoca atası Marcusu qucaqlayıb elə bərk ağuşuna sıxır ki, Markusun nəfəsi tıxanıb ölür. Deyilənə görə, Məmun Uliyyəni qucaqlayıb bağrına basmış, üzünü-gözünü öpmüş, nəfəs yollarını tıxamış və bu yolla qətlə yetirmişdir (əs-Suli 82). Bu xəbərin nə dərəcədə düzgün olduğunu bilmirik, amma Uliyyənin Harun ər-Rəşidin digər oğlu Əminlə münasibəti yaxşı olub. Əmini Məmun taxtdan salıb öldürmüşdür. Bəlkə də Əminlə yaxınlığı səbəbindən Məmun Uliyyəni də öldürüb.
XXX
Circi Zeydanın “Abbasə uxt ər-Rəşid” romanında xəlifə əl-Mehdinin Abbasə adlanan bir qızından söhbət gedir və onunla Harun ər-Rəşidin vəziri, fars əsilli Cəfər əl-Bərməki arasında eşq macərası olması bildirilir. Circi Zeydan bu epizodu çox güman ki, ət-Təbərinin “Tarix”indən götürmüşdür. Ət-Təbəri bildirir ki, Harun ər-Rəşid dostu və vəziri Cəfər əl-Bərməki və bacısı Abbasə ilə bir məclisdə olmağı çox sevirdi. Bu iki naməhrəmi bir araya gətirmək üçün Harun ər-Rəşid onlar arasında kəbin kəsdirir, amma bu formal bir kəbin olmalı idi. Cəfər əl-Bərməkini sevən Abbasə gecələr kəniz geyimində onun yanına gedir və Cəfərdən əkiz uşaq doğur. Bundan xəbər tutan Harun ər-Rəşid Cəfər əl-Bərməkinin qətlinə fərman verir və Bərməki sülaləsinə divan tutur.
Uliyyə yaradıcılığı şəhrəşub şeirlərinə təsir göstərib. Şəhrəşub şəhər sənətkarlarına (dərzi, çörəkçi və s. olan eşqi tərənnüm edən şeirlərdir).
Bütün deyilənlərə baxmayaraq, ədəbiyyat həvəskarları Abbasəni sevir, hətta haqqında roman da yazılıb…
Aidə Qasımova,
Professor