Uzun illərdir ABŞ- da yaşayan tanınmış alim, Professor Tariyel Azərtürkün bu gün doğum gübüdür. Professor sosial media platformasında bu gündən keçmişə ekskursiya edərək maraqlı status paylaşıb. Tezadlar.az üslubu olduğu kimi saxlayaraq təqdim edir:
“ADIM VƏ AD GÜNÜM
Biz Bakıdan 12 saat geriyik. Odur ki, Azərbaycandan və Türkiyədən artıq ad günüm münasibətilə alxışlar, təbriklər gəlməyə başlayıb.
83 yaşa (Maşallah!) girirəm. 83 yaşda nə təmtəraq, nə toy-düyün?
Amma günü mənim özümə də dəqiq məlum olmayan ad günümün və adımın sirlərin açıb danışacam. Öz-özlüyündə sirlə dolu maraqlı hekayədir:
Adımın böyük tarixçəsi var.
Yazan gərək.
Yazana səbr gərək.
Səbrə tədbir gərək.
Tədbirə cəbr gərək.
Mən Qərbi Zəngəzur bölgəsinin Araz qırağındakı Nüvədidə doğulmuşam.
Adımın tarixçəsini Anam daha yaxşı bilirdi.
Anam Pərizat Musa qızı nağıl edirdi ki,
“Payızdan 15 gün getmiş sən anadan oldun”.
Atam Usta Vəli fəsillərin girmə anını çox dəqiqliklə təyin edir, hətta bütün il boyu günlərin neçə dəqiqə uzanıb, qısalmasını belə Şamaxı Rəsədxanasından dəqiq müəyyən edirdi. İnanın mənə.
Anam u təqvim ilə də işləyirdi.
Atamın səlis Astronomiyasına inandığımdan, nənəmin (anamızı belə çağırırdıq) dediyi günə istinadan hesablamalarım, doğum günümü aparıb 1942-nin Oktyabrın 7-nə atır. Atam ilin dəyişməsini Bahar Bayramı günü ilə – Təbiətin doğal qanunu ilə hesabladığından, mənim üçün Payız, Sentyabrın 20-si ilə 21-i arasında girir Nüvədiyə. Bunun üstünə 15 gün gələndə çatır Oktyabrın -7-nə. Deməli Təbiətin və Valideynlərimin razılığı ilə Mən, əslində,
1942-ci ilin Oktyabrın 7-də doğulmuşam.
Lap dövri-qədimidən NÜVƏDİDƏ Sentyabr üzüm, OKTYABR NAR dərilən, evlərdə kığlanan aydır. Nar yığılan ay kənddə bir az şirə bol olardı. Adamlar cana gələrdilər.
Müharibənin qızğın qan və ağır qar tökən ilində – Nar yığımından bir az sonra Yerevan-Bakı qatarı ilə Naxçıvandan Nüvədiyə bir “loti” gəlir. Şeyx Nəsrullah deyək.
Söz-söhbətindən aydın olur ki, onun dayısı bu günlərdə SSRİ-nin qərb cəbhəsindən evə gəlib və məndən 18 yaş böyük qardaşım Həmzədən məktub gətirib.
“Həmzədən məktub?!”.
Eşidəndə evdə anam sevincindən az qala dəli olub. Atam isə toqqasının altından qabaq tərəfdə belinə qılınc kimi taxıb həmişə özü ilə gəzdirdiyi və daim ovxarladığı dəhrəsini az qalır göyə atıb başını onun altına tuta. (İraq, İraq !).
Bir il ondan qabaq (1941) elə orta məktəbi qurtaran kimi 17 yaşında müharibəyə “könüllü” gedən – əslində atamı gözü götürməyən kolxoz sədri “dəmir yol işçisi kimi “BRONU” olan qardaşımı öz qohumlarından kiminsə birinin yerinə basıb, ölümə göndərmişdi. Sovet hökuməti sonra onun özünü ölümə göndərdi. 5 övlad atası getdi, gəlmədi.
Həmzənin son səsi ağır döyüşlər gedən Mozdokdan eşidilib.
U zamandan ondan ildən çox olub ki, heç bir xəbər-ətər gəlməyib. Valideynlərim ilkin yeniyetmə yaşdakı övladlarından çox pəjmürdədilər.
Amma, yox, sən demə Allah üzümüzə baxıb, qardaşım sağ-salamatdır.
Kənd əhli gərgin həyəcan içində valideynlərimə göz aydınlığını yağış kimi yağdırır.
Laçın qanadlı Anam göylərlə uçur.
Maxlas, 15-16 yaşlı naxçıvanlı oğlanı atam evdə özünəxas səxavətlə qonaq qəbul edir, ayaqları altında toğlu kəsdirir, anam dadı indi də damağımda olan noxudlu plov asır ocaqda, samovara damımızda od vurur. Oğlan yeyib-içəndən sonra, nəhayət ürəyinin başındakı cibindən “itmiş yeniyetmə Soldatın” yazdığı və 4-5 qat bükdüyü məktubu çıxarır.
Evə qonaqlığa toğlu ətindən bişirilmiş noxudlu plova çağırılmış kənd kişi və ağbirçəklərinin qarşısında, ANAM deyirdi, “höccələyə-höccələyə, burnun bir hey çəkə-çəkə “Həmzənin məktubunu” oxumağa” başladı:
“Məndən salam atama. Və məndən salam anama.
Və ürəyimin başında bəslədiyim qızılgül ətirli salamlarımı
sizlərə, bütün kənd əhlinə çatdırıram.
Və məndən salam bacıma və mənnən salam qardaşlarıma.
Və mən yaxşıyam. Və mənnən nigaran qalman. Sağ və salamatam.
Vuruşuruq və faşistin burnun əzirik.
Və təzə olmuş qardaşımın üzündən opürəm.
Bağrıma basıram. Və onu korluq çəkməyə qoymayın.
Mənim yazdığım “Tariyel” adını da ona qoyun.
İşdi qayıdıb gəlsəm, mən evimizdə bu adda kiçik qardaş görmək istəyirəm.
Və siz salamat qalın. Özüzdən muğayat olun.
Anam deyirdi, mən özümü diddim, dağıtdım, ki, vallah bu yalandı. Həmzə elə Nüvədi Orta məktəbini təzəcə Qızıl medalla qurtarıb. Bu məktub onun dili deyil. O belə savadsız məktub yazmazdı. Körpənin doğulduğunu o haradan bilə bilərdi? Nə qədər elədim, əmizin (atamızın -T.A.) səxavətli əlini qısalda bilmədim. Evdə saxladığı bütün ehtiyat pulumuzu, əlində qara gün üçün gizlətdiyi 3-5 Niqolay beşlik qızılını, bir səbət nar, bir şaqqa ət, nə var idi yığdı verdi u gədeyə. Sabahı da ata mindirib aparıb Ağdam razyezdinnan qatarla Naxçıvana yola saldı.
Qayıdıb, evə gələndə, nə qədər özümü diddim-dağıtdım ki, a kişi vallah bu fırıldaxdı, Həmzəni heç kim görməyib. Evimizdə nəyimiz vardı yığdın verdin u yaşda dünyanın u bicinə.
Bütün bu etirazlara baxmayaraq, adımı haradasa Noyabr ayında Tariyel qoyurlar.
Atam bu adı eşitmişimiş. Deyir, Həmzə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını evdə oxuyurmuş. Elə iri bir kitab var idi Həmzədə. Cəbhədən gələndən sonra uşaqlıqda görmüşdüm onu.
Atamın bacısı Tubuş bibimin əri Nemət dayı kənddə poçtalyon işləyirmiş u illəri. Hər dəfə payi-piyada 25 km-lik yolu basdaya-basdaya Meğriyə poçt dalınca gedəndə, poçtalyon Nemət dayı girir rayon qeydiyyat idarəsinə. Və adımı kötüyə (dəftərə) yazdırır:
Əliyev Salah Vəli oğlu, 1942.
Yenə gözü açıq anam nağıl edirdi ki, yaş kağazıı gətirəndə, oxudu, yenə etiraz eladım.
Nemat, bu nə addı uşağa yazdırmısan? Bəs bilmirsən ki, bu ad bizə düşarrı dəyii ?!.
U arvadın Tubuşun, bizim Vəlinin kiçik qardaşının adı olub. Hala uşaxkən ölüb.
Sonra bizim özümüzün körpəlikdə ölən dörd övladdan elə iki oğlumuzun da adını ataz Salah qoymuşdu. Onlar da tələf oldular.
U ad qəlbimdə xof oyadırdı.
Məni kənddə hamı ləhcəmizin ləngərliyində “Tareyil” çağırırdı.
5 yaşım var idi. Bir dəfə müharibədən qayıtmış və ondan qabaq kənd məktəbində müəllim işləmiş orta təhsilli Qara Pirişov eşiyimizdə durmuşdu. Mənimlə söhbət edirdi:
– Adın nadi, Vəli əmimin uğlu? Dedim “Tareyil”.
Dedi yaza bilirsən adıı yerdə? Tez əyilib, torpağın üstündə barmağımla yazdım:
Qara müəllim dedi:
Yox, sənin adın həylə yazılmır ki, bax belə yazılır. Və adımın düzgün tələffüzünü əlindəki çubuqla yerdə torpağa yazdı:
Təəccüb etdim.
Hələ məndən 4 il sonra dünyaya gəlmiş bacımın adını da yəqin yenə Həmzə TİNATİN qoymuşdu.
Mən u adla gəlib çıxdım 9-cu sinfə. Sovet hökuməti vətəndaşlarına pasportu 16 yaşında verirdi.
Məndən 2 sinif yuxarı oxuyan qardaşım Əli bir dəfə rayon mərkəzi Meğriyə gedəndə, nənəm dedi, qardaşıı da pasportun al gətir. Bir də o getməsin. Üşaxdı.
Əli qayıdıb gələndə dedi ki, erməni haxçiyi sənin adını kötükdə tapa bilmədi. Deyir burada Əliyev Salah Vəli oğlu var 1942-də doğulub. Mən özüm heç bu işin dalınca getmədim. Və kötükdə adımı, doğulduğum ili, ayı, günü görmədim. Meğridə erməni idarəsində qapısı bağlı arxivdə qaldı onlar.
Sonra ağlamağa, özümü yeyib-tökməyə başladım ki, mən Tariyel adımı bu ada dəyişməyəcəyəm. Nüvədidə dəb idi, uşaqlar bir adla çağrılır, bir az yekəlib xoruzlananda başqa ada (dona) girirdilər.
Məs., elə məndən 4 yaş böyük qardaşım Fəxrəddin. Biz ona Cəmil deyirdik evdə, kənddə. Anam deyirdi, mən özüm qoymuşam ona bu adı. Yeddinci sinifdən sonra Ordubad Pedağoji texnikumuna oxumağa getdi, bir neçə həftədən sonra qayıdıb gəldi ki, bəs mən iş bilmişəm – adım Fəxrəddindir. Unudun Cəmili !
Rəhmətlik Xankələm də, oğlan Zamana da, oğlan Xalidə də, dayıoğlum Eldar da, dayıqızımın oğlu fəal Əsab da elə…
Adlarını sonra dəyişdilər.
Xoşuma gəlmirdi bu ikili iş. Bir də ki, 16 ildir daşıdığım adımı niyə dəyişim axı?..
Dadıma anamla, o zaman Kənd Sovet sədrinin katibi işləyən rəhmətlik Abdulla Fərəcov çatdı. Anam xahiş etdi:
-Abdulla, xalan gözlərəə qurban, götür neçə dənə lazımdır, bağımızın narınnan ver Mığrıdakı haxicyə, bu uşağa “Tariyel” adında pasport al gətir. İpə-sapa yatmır.
Və Anam susuz kənddə Dəhnəmizin lap gözündə olan məşhur “Usta Vəli bağındın” 25 seçmə şirin yez nar verdi katibə.
Sabahsı, diribaş Abdulla pasport gətirdi.
Anamın dediyi adla.
16 ildir daşıdığım adla.
Lakin sənəddə nə doğulduğum gün, nə ay yazılmışdı.
Kənddə də ad günlərini bayram etmək dəb deyildi. Ad günlərimi Bakıda, yalnız ailə qurandan sonra yoldaşım hər il geniş qeyd etməyə başladı. Məni Ad gününə “dandadırdı”.
Bu, 30 yaşımdan sonra başladı.
Bilmirəm, nədənsə, doğulduğum günü 19 Dekabr seçdim Bakıda tələbə illəri.
Sonralar gördüm ki, oho, sən demə, Azərbaycanda xüsusi təbliğ olunan, Kremldə isə hər ad günü gen sinəsinə təzə-tər Qızıl Ulduz taxılan Sov.İKP MK-nın Baş Katibi Leonid İlyiç Brejnyev də ad gününü mənimlə bir gündə qeyd edir.
***
AD GÜNÜ MÜNASİBƏTİLƏ MƏNİ TƏBRİK EDƏN HƏR KƏSİ SALAMLAYIR VƏ MƏNƏ ARZULADIQALRINI ONLARA DA ARZULAYIRAM !!!”.
“Təzadlar”ın oxucuları və yaradıcı kollektivi adından dəyərli alimimizi ürəkdən təbrik edirik! Yüzə nə qaldı ki! Ürəkdən təbriklər!
Asif MƏRZİLİ