23 Dekabr 2025 / 10:00

“Üçüncü göz” fəlsəfi əsərinin sirri – Rəssam Zinaida Mirzəzadədən “Təzadlar”a eksklüziv açıqlama

Bir neçə gün öncə Azərbaycan Rəssamlar İttifaqında  Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Bakı Nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Qardaşlığımız Əbədidir” adlı rəsm sərgisinin açılışı olub.

Sərgidə 200 nəfərdən çox müxtəlif yaş qrupuna daxil olan rəssamların bir-birindən zəngin sənət əsərləri nümayiş edilib.

Müxtəlif texnikalarla araya-ərsəyə gətirilmiş sənət əsərləri sırasında izləyənləri qarşısında ayaq saxlamağa, düşünməyə vadar edən “Üçüncü göz” fəlsəfi əsərinin müəllifi isə rəssam Zinaida Mirzəzadə idi.

Rəsm əsərlərinə psixoloji olaraq yanaşmağı, abstrakt çəkməyi sevən müəllif “Üçüncü göz”ün fəlsəfəsini “Təzadlar”a müsahibəsində belə açıqladı:

“Mən bu əsəri ilk növbədə müxtəlif dinlərdən – İslam dinindən, Buddizmdən və Misir adət-ənənəsindən, dinindən ilham alaraq yaratmışam. Hamıya məlumdur ki, Azərbaycan etnik- dini tolerantlığa malik, dünyəvi, multikultural ölkədir və bu, dövlət siyasətinin də əsas prioritetlərindən biridir. Buna missal olaraq, Azərbaycanda  çoxlu sayda rus pravoslav, katolik kilsələrini, sinaqoqları, insanların dini-milli azadlığa malik olmasını göstərmək olar. Bütün bunları görərək və təqdir edərək, mən də dini tolerantlığı və dinlərin sintezini özündə ehtiva edən əsər çəkməyi düşündüm və buna nail oldum. Bu kompozisiyaya həm də fəlsəfi yanaşmışam. Əsər 4 hissədən ibarətdir: triptix kimi çalışmışam mən. Düzdür, triptix (yunanca “triptychos” – üç hissəli modul rəsm – red.) 3 hissədən ibarət olur, lakin mən onu 4 hissəli çəkmişəm, yəni qatlardan ibarət, bükmə formada.

Bu kompozisiyada nələri görmək olar – Qədim Misirin baş tanrılarından biri olan “Qor göz”ünü (digər adı Horus – red.), Simurq quşunun gözünü, eyni zamanda buddizmə xas olan, xoşbəxtlik rəmzi hesab edilən  mandalanı.

Əsəri çəkərkən çalışdım ki, bu kompozisiyalar bir-birinə bağlı olsun. Onun əsas mərkəzində “Qor gözü” yer alır, get-gedə isə arı pətəyinə doğru irəliləyir.

Qeyd edim ki, alimlərin fikrincə, nümunəvi, zəhmətkeş ailə görmək istəyirsənsə, mütləq arı pətəyinə bax. Orada stalaktik formada müxtəlif deşellər var.

Və mən də bu fikrə gəlmişəm ki, həyatda harmoniya axtarmaq istəyirsənsə, mütləq arı pətəyinə baxmalısan. Əsərimin adının “Üçüncü göz” olmasına gəlincə, müxtəlif dinlərə görə, insanın alnında – qaşlarının arasında üçüncü göz mövcuddur.  “Üçüncü göz” (buna bir çox hallarda ağıl , yaxud el arasında “bəsarət” gözü də deyilir – red) güclü hissiyyata malik olmaq deməkdir. Mən də əsərimə həm fəlsəfi, həm dini nöqteyi-nəzərdən yanaşaraq, eyni zamanda onlar arasında olan harmoniyanı qovuşduraraq bu kompozisiyanı yaratmışam. Məncə, pis də alınmayıb. Düşünürəm ki, fikirlərimi əsəri seyr edənlərə çatdıra bilmişəm: düşündüklərimi, hiss etdiklərimi öz təfəkkürümlə, fırçamla bu tərzdə ifadə etmişəm. Fikrimcə, kompozisiya haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki əsl sənət əsərinin sirrini tamaşaçısı özü açmalıdır və mütləq öz prizmasından baxaraq fikir bildirməlidir. Əgər o, nümayiş etdirilən əsərin qarşısında beş dəqiqə ayaq saxlayıb seyr edirsə və əsər düşündürürsə, hər hansı bir fikir formalaşdırırsa,  deməli, o əsər əsl əsərdir. Bu, mənim sənətşünas və rəssam olaraq şəxsi fikrimdir”.

Qeyd edək ki,  Zinaida Mirzəzadə ADRA-nın “Təsviri incəsənət tarixi” kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rus Dram Teatrının rəssamı,  hazırda isə  doktorantdır.

İstedadlı rəssam  müxtəlif illərdə Azərbaycanı  xaricdə layiqincə təmsil edib və etməkdə davam edir. O, İspaniyada, Böyük Britaniyada, Fransada, Almaniyada və bir çox ölkələrdə təşkil edilmiş beynəlxalq müsabiqələrdə iştirak edib. Goethe Universitetində təhsil almış rəssam alman dilini də mükəmməl bilir və Almaniyada keçirilən “City Star” müsabiqəsində orden qazanıb.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!