25 Dekabr 2025 / 11:47

Azər Qərib arzusuna qovuşdu: “45 il keçdikdən sonra səfir oldum”

Bütün dünyanı səyahət edən aparıcı, bloger, səyyah Azər Qəribov (Qərib) Özbəkistanın Azərbaycandakı turizm səfiri seçilib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial mediada məlumat yayıb:

“Mən Şərqşünaslıq fakültəsini bitirmişəm. O vaxt tələbə yoldaşlarımın bir çoxu səfir olmaq istəyirdi. Bu gün Xarici İşlər Nazirliyində səfir və diplomat dostlarım var. Həmişə deyirdim ki, mənim yolum mediadan, jurnalistikadan keçir. Bu sistemə yönəlmədim. Amma sən saydığını say, gör fələk nə sayır. Bu gün, üstündən 45 il keçdikdən sonra səfir oldum. Özbəkistan tərəfi mənə böyük etimad göstərdi və bu ölkənin Azərbaycandakı turizm səfiri seçildim. Səfirliyə getdim, sertifikat təqdim etdilər və məni təbrik etdilər. Ali məktəbdən sonra iki il Aşqabadda qulluq etmişəm, orada yaşamışam. Qərargah Daşkənddə yerləşdiyi üçün ora tez-tez gedib-gəlmişəm. Ona görə də Özbəkistan mənim üçün doğmadır”.

Qeyd edək ki, Azər Qəribov (Qərib) 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olub.

1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə “Azneft” şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın “Inter Logistic” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.

2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşğul olmuşdur. Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı “Qərib Azər” adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə “Oralar” adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır.

Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.

O, dünyanın yüzdən çox ölkəsini səyahət edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!