26 Mart 2020 / 10:59

Seriallar mentalitetimizə pəl vurur

Qonşunun qızını bu dəfə tanıya bilmədim. Adətən uzun yubka, boğazınadək uzanan kofta geyən, çox vaxt başına yaylıq bağlayan yeniyetmə qiyafəsini büsbütün dəyişmişdi. Yubkanı dizləri cırıq, dar cins şalvar əvəz etmişdi. Qısa köynəyi altından göbəyi görünürdü, aşağı əyiləndə isə beli ağarırdı. Doğrusu, gözlərimə inana bilmədim. Oruc tutub, namaz qılanlar ailəsində dünyaya göz açan qızın görünüşü məni heyrətləndirdi. Ona irad tutmaq istədim, amma bu fikrimdən vaz keçdim. Bəlkə özfəaliyyət dərnəyinin üzvüdür, tamaşaya hazırlaşır, Qərb mədəniyyətini lağa qoymaq istəyir, deyə düşündüm.

Lakin sonrakı günlərdə də bu halət davam etdirildi. Sən demə, qızımız yeni mərəzə mübtəla olub, serial qəhrəmanlarına bənzəmək istəyir. “Fəryad o zamandan ki…” deyə nalə çəkən müdrikin iniltisinin səbəbini indi anladım. Pərvərdigara, görəcək günlərimiz varmış. Ta qədimdən qız-gəlinlərimiz ədəb-ərkanlı, ismətli-mərifətli nənələrimizə oxşamaları ilə öyünüblər. İndi isə əxlaqdan, abır-ismətdən məhrum olan serial qəhrəmanları qız-gəlinlərimiz üçün nümunə olurlar?!

Görəsən, Qərbin, Türkiyənin, eləcə də son illər özümüzün ürəkləri “fəth edən” seriallara Azərbaycanın televiziya məkanında geniş meydan verənlər millətimizin mənəviyyatına necə ağır zərbə vurduqlarını anlayırlarmı? Başa düşə bilmirəm: özünü əsl azərbaycanlı, eləcə də müsəlman hesab eləyən cənablar xalqımızın mentalitetinə yabançı olan abırsızlığın cəmiyyətimizə, məişətimizə yol tapmasına nə üçün şərait yaradırlar?

Vaxtilə hər həftənin beş günü Space kanalında nümayiş etdirilən, bəzi bölümləri dəfələrlə təkrar göstərilən “Gümüş” serialından qız gəlinlərimiz, eləcə də oğlanlarımız, cavan kişilər hansı mənəvi keyfiyyəti əxz ediblər?! Ağsaqqalın, ağbirçəyin, babanın, ananın yanında arvadı Gümüşü qucaqlayıb öpə-öpə “bu axşam bəbək yapmaq istiyoruz” deyən Mehmetin hərəkəti hansı azərbaycanlıda ikrah hissi doğurmayıb? Bəs qocaların (yəni ərlərin) əllərini öz qarılarının qarınları üstünə qoyub tez-tez “bəbəyimiz olacaq” demələrini necə qarşılayaq?! ATV-nin həftədə bir dəfə göstərdiyi “Böyük yalan” serialındakı “bəbək”dən bəhs edən səhnələr necə təsir bağışlayıb? Anlaya bilmirəm: özünü türk hesab eləyən insanlar da bu qədər açıq-saçıqlığa yol verə bilərlər mi? Tez-tez arvadının əlindən öpən, “səni çok seviyorum” deməkdən yorulmayan bambılı kişilərdən öyrənməyə dəyər mi? Ailə həyatını oyuncaq sayan tez-tez “boşanıyorum” deyib ərlərinə ultimatum verən gəlinlərin eybəcər nümayişini necə qiymətləndirək?!

Yuxarıda sadaladığım və indi adlarını çəkmək istəmədiyim teleseriallar sözün həqiqi mənasında məni iyrəndirdiyi üçün bir neçə müddət həmin “matahlara” baxmağı tərgitdim. Günlərin birində rəhmətlik dostum Fətulla Fəcri “Vicdan haqqı” serialına baxmağı məsləhət bildi. Bəzi epizodları çıxmaq şərti ilə ekran əsəri xoşuma gəldi. Lakin ötən il Atv kanalında nümayiş etdirilən və acı bağırsaq kimi uzanan “Ögey ana” və “Laləli saray”  seriallarındakı açıq-saçıqlıq, əxlaqımıza uyuşmayan meyillərin nümayişi məni yenidən seriallara həsrət qoydu. “Ögey ana”. 10 illər bundan əvvəl böyük maraqla baxdığımız və indi də hərdən nümayiş etdirilən “Ögey ana” bədii filmi bu mövzuya möhür vurub. Dilarə-İsmayıl (Nəcibə Məlikova-Ceyhun Mirzəyev) obrazları hər birimizin qəlbinə yol tapıb. Bəs serialdakı ögey anaya necə münasibət bəsləyək?! Ərlik qızı olan ana evlənmə vaxtı çatan övladları olan kişiyə ərə gedir. Hələ bu, harasıdır? Sən demə, ögey ananın əri varmış, harayasa gedib, ondan xəbər-ətər yoxdur. İndi isə peyda olub. Soruşuram: ögey ana ilə ögey atanın bu hərəkətləri Azərbaycan əxlaqına, eləcə də hüquq normalarına nə qədər uyğundur.

Əlbəttə, mənə irad tutaraq “qocalıb, zövqü korlanıb, seriallardan həzz ala bilmir” deyənlər də tapılacaq. Axı biz Avropalaşmaq istəyirik. Bu məqamda məhşur bir əsərin qəhrəmanının kəlamını xatırladım: “Kantın transendental nəzəriyyəsi başına dəysin!” Biz nə üçün Avropalaşmalıyıq?! Bəlkə Asiyalaşsaq yaxşıdır! Axı, Asiyada elm, mədəniyyət apogeyə qalxanda, Avropada adamlar avtomobildə deyil, iriçarxlı arabalarda gəzirdilər. Odur ki, biz nə Avropalaşmalı, nə də Asiyalaşmalıyıq. Biz Azərbaycanlaşmalıyıq və heç zaman unutmamalıyıq ki, cəsur Cavanşirin , qorxmaz Babəkin, qoç Koroğlunun, rəşadətli Həzi Aslanovun, əfsanəvi Mixaylonun… xələfləri öz ləyaqətli sələflərindən ibrət götürməlidirlər.

Nə yaxşı ki, Azərbaycan ailələrinə aid olmayan teleseriallar barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məmmədovun Trend-ə müsahibəsindən xəbər tutdum. Onun mülahizələri, necə deyərlər, ürəyimdən tikan çıxardı: “Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdikləri ailələrdir. Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahat edici məqamdır. Ona görədə biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Deməli, teleserialların eybəcərlikləri yuxarılarda da narahatlıq doğurur. İnanmaq istərdim ki, bu ay geniş tərkibdə keçiriləcək toplantıda həmin məsələnin yoluna düşməsi üçün əməli tədbirlər müəyyənləşdiriləcək.

Əliabbas Əlimədətoğlu,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!