13 Yanvar 2026 / 16:38

Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatını 1 milyard dollara çatdırmağı hədəfləyir

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir.
Tezadlar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
“2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb. Bu, o deməkdir ki, müdafiə sənayesi məhsulları artıq Azərbaycana valyuta gətirir.
Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr qurulan Azərbaycanda istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılaraq keyfiyyətə nəzarət laboratoriyaları yaradılıb. Bu da ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Son 2 ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində sərmayə qoyulub. Yaxın illərdə Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir.
Hazırda dünya müdafiə sənayesinin həcmi 473 milyard dollar qiymətləndirilir. Tələbin artması səbəbindən bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollaradək yüksələcəyi gözlənilir. Bu isə o deməkdir, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracatında əsas drayverlərdən birinə çevriləcək”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!