Əsas məzmuna keç

Qırmızı yuxu – Racu Şıxlı

(povest)

 

…Həqiqi hərbi xidmətə çağrıldığımdan üç ay keçmişdi. Mülki həyatın keyfli, sərbəst günləri artıq geridə qalmışdı. İndi daha disiplinli, ciddi bir həyatla qarşı-qarşıya idim. Hər bir kişinin mənəvi borcu-Vətənə xidmət etməkdir. Mən də o borcu ödəməyə getmişdim. Əsgər adın mübarəkdir, vətən oğlu. M.Araz demişkən; “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” O daşın kölgəsində çınqıl olmaq üçün getmişdim. Ölkə vətəndaşlığını hissiyyatıma yazdırmaq üçün getmişdim.

Hərb həyatı bir balaca fərqli görünürdü ilk aylar mənə. İndi hərbi hissənin yeməkxanasındakı yeməklər anamın əllərində onun sevgisi ilə qarışdırılıb bişən yeməklərə bənzəmirdi. Əsgər yataqxanasındakı çarpayım ana laylası ilə yırğalanan beşiyimi andırmırdı. Bütün bunlara alışmaq, bərkə-boşa düşərək kişiləşmək bir az zaman tələb edəcəydi… Amma valideynlərimdən aldığım tərbiyə, vətən sevgisi tez bir zamanda alışdırdı məni o – Hərb həyatına. İnsan bəzən bir yerə getdiyini düşünür, halbuki əslində özündən uzaqlaşmağı öyrənir. Hərbi hissənin buraxılış məntəqəsindən içəri keçəndə uşaqlığımın səsi arxada qalmışdı, amma onun nəfəsi çantamın görünməyən cibində mənimlə idi. Əsgər forması çiyinlərimi düz saxlayırdı; içimdəki oğlan isə hər axşam evimizin qapısını xatırlayıb bir az da susurdu. O vaxt anlamırdım ki, insanın böyüməsi bəzən yaşının artması yox, darıxmağını heç kimə göstərməməyi bacarmasıdır…

… Bir səhər “Qalx” komandasında çox cəhd etdim yataqdan qalxmağa amma bacarmadım. Yaman ağırlaşmışdı nəfəsim. Tərpəndikcə yerimdə cigərlərim boğulurdu içimdə. Bölük növbətçisi dərhal bölük komandirinə, bölük komandirim Bəylərov tibb məntəqəsinə xəbər verdi. Beləcə o səhəri məni xərəkdə dörd əsgər yoldaşım tibb məntəqəsinə apardı. Görmüşük döyüşdə, düşmənlə üz-üzə vuruşanda yaralanarsan, səngər yoldaşların səni odun-alovun içindən dartıb çıxardar. Məni isə əsgər yataqxanasından tibb məntəqəsinə dartıb aparırdılar. Çox çəkmədi məntəqənin baş həkimi-kapitan Qazıyev diaqnozu təyin etdi. Nəfəsim getdikcə azalırdı. Nəfəs almağımı əngəlləyirdi. Müainə masasının üstündən gözucu kapitan Qazıyevin telefonda kiminləsə danışığını eşidirdim.

-Üst tənəffüs yollarında olan və xəstəlik törədən mikrobların nəfəs borusu və ağciyərlər ilə ağciyər daxili hava yollarını iltihablandırması olaraq təyin olunan diaqnozu…

Bu ara başımın üstündə növbə çəkən bölük çavuşu Sarıyevin mənə baxaraq gülümsəməsi və ardıyca da göz vurması diqqətimi çəkdi. Bilmədim diaqnozun təsir gücü nə idi. Amma bir tərəfdə kapitanın təlaşlı telefon danışığı, digər tərəfdə çavuşun mənə gülümsəyərək göz vurması məni iki odun arasında get-gələ salmışdı. Çox keçmədi kapitan göndəriş yazaraq əmr verdi ki, məntəqənin tibb maşınını hazır vəziyyətə gətirsinlər. Hara gedirəm görəsən. İçimdə ağ ciyərlərim nəfəsimi elə sıxırdı ki, danışığıma da mane olmuşdu. Başımın üstündə əlini belinə dayayıb, gözlərimin içinə baxan Sarıyevin gözlərinə zilləndim. Sarıyev baxışlarımdan tutdu ki, nə demək istəyirəm. O, astaca əyilib, koppuş dodaqlarını qulağıma yaxınlaşdırdı.

–Bakıya gedirsən. Hər şey yaxşı olacaq…

Beləcə məni “N” saylı hərbi hissədən Bakıya-Mərkəzi Hərbi Hospitala gətirdilər. Yola düşərkən hərbi hissənin tibb məntəqəsinin əsgəri – çavuş Qarayev mənə sakitləşdirici iynə də vurdu ki, mənzil başına çatanadək nəfəsim ağzımdan buxarlanıb yoxa çıxmasın. Maşına qalxarkən bölük çavuşum Sarıyevin baxşıları içimdə elə bir təlatümü qaladı ki, sanki bu gedişimin dönüşü olmayacaq. Tibb maşınının salonuna yerləşənədək əlini əlimdən ayırmayan Sarıyev son dəfə qulağıma pıçıldadı:

–Alıyev, özünü təslim etmə! Biz bu hərbi hissədən xidmətimizi birlikdə tamamlayıb təxris olacayıq!

Tibb maşınının arxa qapıları bağlandı. Xərəkdən qanrılıb güc-bəla ilə boynumu irəli uzadıb, tibb  maşınının ləkəli arxa qapısının şüşələrindən boylandım. Sarıyev gözlərini bir an belə yayındırmadan məni yola saldığı tibb maşınının arxa qapısının ləkəli şüşələrinə marıtlamışdı. Təkrar başımı xərəyə qoydum. Nəfəsi güclə alırdım. Birdən yadıma düşdü ki, hələ tibb məntəqəsindəykən Qarayev mənə sakitləşdirici vurub. Bu doza məni Bakıya yetişdirəcək. Beləcə yuxu qamarladı məni. Hərbi hissədən ayrıldığım yolla Bakı Mərkəzi Hərbi Hospitalının yolu arasındakı uzunluq məsafəsindən xəbərsiz yuxuyla qol-boyun oldum. Elə yatmışdım ki, elə bil ninnidə anam başımın üstündə laylay deyirdi mənə.

“Güllü qırmızı yorğanımı yarıyadək üstümə çəkib, əllərimi yorğanın çölündə qarnımın üstündə bərkitdim. Anam çarpayımın baş tərəfində oturub dinməz-söyləməz nəvazişli gözlərini gözlərimə zilləmişdi. Danışmaq istəsəm də bacarmırdım. Sanki ağzımı açarı itən qıfılla qıfıllamışdılar. Necə oldusa anam bərk susuzladığımı hiss etdi. Həyətimizdə rəhmətlik babamdan yadigar qalmış hovuzu gördüm. Bu ola bilməz axı – düşündüm. Yoxsa müharibə başlayıb bizim xeyrimizə tamamlanmışdı. Qayıtmışdıq evimizə… Nə yaxşı ermənilər evimizi uçurmayıb… həyətimizdəki su hovuzunu da heç dağıtmayıb. Hovuzumuzun dörd bir yanı qıpqırmızı lalələrlə əhatələnmişdi. Atam mənə baxıb eləcə gülürdü. Yox, deyəsən zəfər çalmışıq. Bax gör atam necə qürurlu hovuzun yanında dayanıb gülür. Anam da mənə baxıb gülümsədi. Mis dolçamızı da ermənilər aparmamışdılar. Anam həmin dolçanı qırmızı məxmər tüllü pərdələrlə örtülmüş pəncərənin önündən götürüb, getdi su hovuzunun başına. Qəribədir evimizi tərk edəndə hovuzda yarıdan su var idi. Necə qoyub getmişdiksə elə də qalmışdı. Yəni ermənilər heç suyumuza da toxunmayıblar? Başımın üstündəki pəncərə evimizin arxa həyətinə açılırdı. Səma qəribə rəngdə idi. Göyün üzündə nazlı-nazlı süzən seyrək topalı buludlar qıpqırmızı idi. Əzəmətli budaqları ilə evimizin damına kölgə salan qoz ağacından sallanan ipli yellənçəkdə bacım yellənirdi. Atam yellənçəyimizi də qırmızı rənglə boyamışdı. Nə yaxşı ermənilər yelləndiyimiz yellənçəyi də kəsməyiblər. Eləcə gözlərim qardaşımı axtarırdı… Anidən qopan külək pəncərənin şüşələrini bir-birinə çırpdı. Amma şüşələr bu zərbədən ciliklənmədi. Yumulu gözlərimin birini açıb pəncərəyə baxdım. Küləyin təsirindən havada yellənib, qorxulu səs çıxaran qoz ağacının iri budaqları imkan vermirdi ki, bacımı görüm. Yenicə yatağmdan qalxmaq istəyirdim ki, birdən külək yatdığım otağın qapısını çırpıb bağladı. Anam əlində mis dolça, içi dolu su ilə cəld evə tərəf yelləndi. Mis dolçadakı su çalxalanıb, yerə dağılırdı. Qapının dəstəyindən yapışan anam eləcə qapını döyəcləyib, açmağa can atırdı. Axı susuzam. Anam da mənə su vermək üçün əlləşirdi ki, qapını açsın. Birdən uğultu qopdu. Top mərmisinin səsi qulaqlarımı cingildətdi. Yoxsa mənfur düşmən yenə hücum edir evimizə. Qorxurdum ki, qapı açılmayacaq və mən anamı bir daha görməyəcəyəm. Səs-küy, qara burulğanlı duman, yanmış təkər qoxusu burnumu bürüdü. Hiss etdim ki, nəfəsim ağırlaşır. Atam bir qolunun arasında bacım, digərində qardaşım eləcə qapıya sarı baxıb bağırırdı. Amma çöldəki güclü külək səsi, insanların hay-küyü, birdə ara verməyən güllə səsləri imkan vermirdi ki, atamın çığıraraq nə dediyini eşidim. Anam hələ də qapını açmağa çalışırdı. Birdən evimizin yaxınlığında yerə sancılan “Alazan” raketi elə böyük bir dəlik yaratdı ki, Xəzər gölü qıpqırmızı rəngdə həmin dəliyə dolmağa başladı. Anamın mənim üçün gətirdiyi mis dolçadakı su tamam yerə dağıldı. “Alazanın” yanlara səpələnən mərmiləri mis dolçanı dəlik-deşik etmişdi. Yerdən qalxan qatı toz dumanı imkan vermədi anamı görüm. Bu dəfə qışqırdım. Öz səsimi daha aydın eşidirdim”

Oyananda gördüyüm mənzərəni yuxunun içində qoyub gələ bilmədim. Qırmızı rəng gözlərimin arxasında qalmışdı: bir az lalə, bir az qələbə arzusu, bir az da yanmış evin tüstüsünə qarışan qorxu. Hələ anlamırdım ki, yaddaş bəzən ən əziz xatirələrini də təhlükənin rənginə boyayır. İnsan yuxudan ayılır, amma yuxunun oyatdığı vahimə də onunla bərabər oyanır… Qışqırıq səsimə diksinib gözlərimin ikisini də açdım. Başımın üstündə heybətli, enli kürək, qara qalın qaşları, bir az şişib yanaqlarından irəli çıxmış gözləri, enli, dəlikləri aramla qalxıb, yığılan ətli burunlu birinin mənə baxdığını gördüm. Çiyinlərində qürub edən günəşin qırmızı şüalarında parlayan ay ulduzları saymağa başladım. Bir ay, üç ulduz. Hərbi rütbələri baxmayaraq ki, üç ay idi əsgərlikdə idim, nədənsə çətinliklə əzəbərləyib yadımda saxlayırdım. Beynimin ənginliklərini əziyyətə salıb heybətli zabitin çiyinlərində zövqlə düzülmüş ay-ulduzların hərbi rütbəsini dəqiqləşdirmək istəyirdim ki, ağ xalatlı, zəyif vücudlu bir tibb bacısı:

-Cənab, polkovnik, rentgen otağı hazırdır – deyə cır səsilə qualqlarımı cingildətdi. Ağrılarım güclənmişdi. Qarayevin venama yeritdiyi sakitləşdiricinin dozası öz təsirini itirmişdi. Nəfəsim az qalırdı boğsun məni. Elə bil sinəmdə beton tikili göydərən ucalmışdı. Tibb xidməti həkimi-polkovnik:

–Təcili rentgen otağına aparın nəticəni otağıma gətirin – deməsi, sanki azacıq nəfəs almama imkan verdi. Təkərli xərəyin içində məni, uzun ensiz dəhlizlə rentgen otağına apardılar. Xərəyin  önündə iki hərbi geyimli – biri baş gizir, digəri çavuş rütbəli, enli sinə, uca boylu xanımlar bir-biriləri ilə tez-tez danışır, arxada isə mülki geyimli arıq, çalsaçlı, nazik bığları üst dodağının alt dodağına birləşən yerinə kimi uzanmış cavan bir oğlan iti addımlarla təkərli xərəyi irəliyə itələyirdi. Xərəyin fırlanan təkərlikləri hərdən istiqamətini dəyişirdi ki, bu da onun rahat və ensiz dəhlizdə düz istiqamətdə sürülməsinə mane olurdu. Sağa-sola ləngər vuran təkərli xərəyi düz tutmağa çalışan cavan oğlanın uzun, günəşin şüalarından yanmış arıq qollarının damarları elə şişmişdi ki, sanki xərəyin içindəki mən deyildim, üst-üstə qalaqlanmış beton parçaları idi. Elə hey öz-özümə düşünürdüm ki, görəsən xəstəliyimin adı nədir ki, hamı ətrafımda səfərbər olub. Getdikcə daha da şiddətlənən ağrılarım imkan vermədi düşünüb, hansı diaqnozla hospitala gətirildiyimi müəyyən edəm. Baxmayaraq ki, tibb məntəqəsində kapitan Qazıyev telefon danışığında diaqnozumu sadalamışdı, tibbin dilindən anlayışım az olduğu üçün kapitanın cümlələrinin təfsirini aça bilməmişdim. Öndə iti addımlarla gedən iki tibb bacısı hərdənbir qısa fasilələrlə geriyə çönüb mənə baxırdılar, gülümsəyib yenidən önlərinə tərəf dönürdülər. Bu gülümsəmələrdə sanki bir təsəlli var idi. “Qorxma, əsgər bala, hər şey yaxşı olacaq” – ifadələri qulaqlarımı taqqıldadırdı. Rentgen müainəsindən sonra məni palataya gətirdilər. Nəfəsim bir az yüngülləşmişdi. Yenə də sakitləşdirici iynə? Elə bil tibb məntəqəsindəki əsgər Qarayev hospitaldakı həkimlərlə əlbir idi. Yetən-yetən sakitləşdirici iynə yeridirdi damarlarıma. Məni xəstə çarpayısında arxası üstə elə uzandırdılar ki, tərpənə bilmirdim. Gözlərimin palatanın tavanındakı plafonları sarımtıl ləkəli, zəyif tonda yanan işıqlarına tamaşa etməkdən savayı əlacı qalmadı. Birdən palatanın qapısı açıldı və az öncə gözlərimi açanda başımın üstündə dayanan heybətli polkovnik, yanında hərbi rütbəsi leytenant olan iki həkim və həmin sısqa vücudlu, cır səsli ağ xalatlı tibb bacısı içəri daxil oldular. Yadıma hərbi hissədə olarkən hər səhər göy üzü alatoranlıq olanda “Qalx” komandasını əmr edən, gizir Çompuzov düşdü. Elə qışqırırdı ki, səsinin gücündən əsgər çarpayılları sirkələnirdi. Azacıq üzümdə təbəssüm oyadıb, başımı yellədim. Polkonvik çarpayıma yaxınlaşdı. Nədənsə hər səfərində bu zabiti görəndə ağrılarımı unudurdum. Elə bil ağrı polkovniki görüb qorxurdu. Yorğunlaşmış gözlərimi polkovnikə tərəf yönləndirdim. Üzümə baxmadan məni yan tərəfə çevirmələrini yanındakılara əmr etdi. Həmin iki hərbi geyimli tibb xidməti – Leytinantı dərhal məni yan tərəfə çevirdilər. Polkovnik enli, toppuş, ağappaq əlini yana uzadıb, tibb bacısından tibbi aləti ona verməsini işarə etdi. Cılız bədənli tibb bacısı cəld əlində saxladığı aləti polkovnikə tərəf uzatdı. Polkovnik alətin haçaya bənzər iki qolunu, girdə, kök sifətinin arxasında gizlənmiş balaca qulaqlarına taxdı, alətin ucunda, yastı, iç tərəfi nazik pərdə ilə dartılmış yumuru tərəfini isə kürəyimə yapışdırıdı. Kürəyimdən ciyərlərimin fəaliyyətini dinləyir. Elə bu düşüncədə ovunmuşdum ki, birdən qalın, bas-bariton bir səs sükutu pozdu:

–Dərindən nəfəs almağa çalış! Nəfəsi al və asta-asta burax!

Bu, heybətli polkovnikin səsi idi. Zatən o cüssədən belə də səs tonu gözləyirdim. Bitəhər polkovnikin dediyi kimi nəfəsimi alıb, buraxmağa cəhd etdim. Hər iki ciyərlərimin fəaliyyətini dinləyəndən sonra, aləti qulağından çıxardı və enli, toppuş əli ilə məni arxası üstə çevirdi. Dikəlib, çarpayımın ayaq ucunda dayanan leytinantlara baxdı. Leytinantlar sanki farağatda dayanmışdılar. Heybətli polkovnik dedi:

–Nəzarətdə saxlayın! Hərarətini hər on beş dəqiqədən bir ölçün! Sabahadək təziqini sabit saxlamağa çalışın!

–Oldu, cənab polkovnik!

Polkovnik palatadan çıxarkən digər çarpayıllarda yatan əsgərlərə baxdı. Diqqətim polkovnikdə idi. Onun baxışlarında bir ata qayğısı, əsl zabitə xas olan nəzər, vətənə ismarlanan əsgərlərə göstərilən xüsusi diqqəti gördüm. Bu mənzərə məni duyğulandırdı. Başımı yastığın içinə yayıb, gizlətməyə çalışdım. Yastıq evimizdəki çarpayımın yastığı kimi yumuşaq idi. O dəqiqə başım yastığın arasında dərinliyə çökdü. Yastığın ucları lavaş kimi bükülərək qulaqlarımı gizlətdi. Öncə polkovnik ardıyca da iki tibb xidməti – Leytinantları palatadan çıxdı. Sısqa bədənli tibb bacısı çıxmağa hazırlaşırdı ki, başımı yastığın içindən astaca qaldırıb, xırıltılı səslə:

–Üzür istəyirəm, mənim xəstəliyimin adı nədir?

Sısqa bədənli tibb bacısının arıq uzun sifətində iri qara gözləri, qalın qara qaşlarının altından məni süzdü və sataca çarpayıma yaxınlaşdı:

–Çalışın yatasınız. Hər şey yaxşı olacaq…

Bu cümlə məni bu sabah hərbi hissənin tibb məntəqəsindən Bakıya yola salmağa hazırlaşan əsgər yoldaşım, çavuş Sarıyevin məni tibb maşınına qaldırarkən dediyi son cümləyə kilitlədi. O da, eynən bu cümləni demişdi. İkinci sual üçün cəsarət edib, yenidən başımı yumuşaq yastıqdan azacıq qaldırdım:

–Polkovnikin adını bilmək olar?

Tibb bacısı yenidən geri dönüb, iri qara gözlərini qıydı. Sonra mənə yaxınlaşdı:

–Şöbəmizin baş həkimidir. Tibb xidməti polkovniki Poladzadə

Bu qədər də təsadüf olar? Elə bil polkovnikin valideynləri ona uşaq vaxtı bu ismi qoyanda bilirdilər ki, zaman gələcək övladları böyüyüb, vətənə xidmət edən heybətli, düşmən zəhrini yaracaq qədər polad qamətli bir zabit olacaq. Polkovnik Poladzadəni xəyalımdakı polkovnik Poladzadə ilə müqaisə edirdim ki, tibb bacısı nazik səslə fikrimi ürkütdü

–Əlavə sualınız yoxdursa mən gedim. Sizə dincəlmək lazımdır.

–Bəs bayaq Poladzadə mənim ciyərlərimi yoxlayanda sizin ona verdiyiniz alətin adı nə idi?

Düzü bu sualı verəndə saralıb, avazıyan üzüm qızardı. Amma bu alətin adını öyrənməliydim. Axı, təxris olandan sonra bu günlərimin xatirəsini özündə daşıycaqan olan, hazırda özümlə hospitala gətirdiyim gündəliyimdə qeydlər aparmalıydım. Tibb bacısı gülümsədi. Gülərkən gördüm ki, bu xanımın yanaqları qəmzəlidir. Anamın belə qızlardan elə xoşu gəlir.

–Fendaskop – deyib, arıq nazik biləkli əllərini xalatının yan ciblərinə qoydu. Və palatanı tərk etməyə çalışırdı ki, növbəti sualımı verdim:

–Telefonunuz var?

(Davamı var)

18.11.2026

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…