21 Yanvar 2026 / 15:46

“Biz hərbi müdaxiləyə hazır olmalıyıq”-QRENLANDİYANIN BAŞ NAZİRİ

“Biz mümkün hərbi müdaxiləyə hazır olmalıyıq”. Tezadlar.az  xəbər verir ki, bu barədə Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bəyan edib. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Nilsen bildirib ki, Arktika adasının əhalisi və hakimiyyət orqanları, ehtimalın az olmasına baxmayaraq, mümkün hərbi müdaxilə ssenarisinə hazırlığa başlamalıdır. “Hərbi münaqişə ehtimalı aşağıdır, lakin onu tamamilə istisna etmək olmaz”, – deyə Nilsen Nuukda keçirilən mətbuat konfransında qeyd edib. Baş nazirin sözlərinə görə, Qrenlandiya hökuməti bütün aidiyyəti yerli qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradacaq. O əlavə edib ki, hökumət ictimaiyyət üçün yeni tövsiyələr üzərində işləyir. Bu tövsiyələrə, o cümlədən, əhalinin ən azı beş günlük ərzaq ehtiyatı hazırlaması ilə bağlı çağırışlar da daxildir. Eyni zamanda, Qrenlandiyanın maliyyə naziri Mute Eqede bəyan edib ki, Qrenlandiya “böyük təzyiq” altındadır və “istənilən ssenariyə hazır olmalıdır”. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyaya nəzarətin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!