Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 11:19

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 7-cı HİSSƏ

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli dünənki buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-6-ci-hisse/

10 iyun – Yığıncağı axşama saldılar. Məhəmməd yenə böyük xərc çəkmişdi. Şirin stol açmışdı. Məhəmməd yenidən bizdən xahiş etdi ki, siyasətdən danışmayaq və əlavə etdi:

– Mən də deyəcəyəm ki, ədəbiyyatçıdır, şairdir, ona görə də burda olan azərbaycanlılarla görüş keçirmişik. Ümumiyyətlə, biz cənublular siyasətə çox qarışmırıq. Bizim ata-anamız, qohumlarımız  hamısı orada qalıb. Mollalar əvvəl adamı öldürür, sonra deyirlər ki, aparın mühakimə edin, haqq-ədalət yoxdur.

Əslində onları qınamaq da olmaz. Çünki Şimal onların güvənc yerinə çevrilməyib. Elə Məhəmmədin də qorxusu cənubda qalan qohumlarındandır.

Axşam Məhəmməd bizdən bir də üzr istəyib yenidən xəbərdarlıq etdi:

– Siz allah, bir də sizdən xahiş edirəm, Şimalla Cənubun birləşməsindən danışmayın. Ümumiyyətlə, fars məsələsini ortaya atmaq lazım deyil.

Bu gün Şaiqan hamıdan əvvəl gəlib yanımızda oturmuşdu. Sualları:

– Türklərdən razısınızmı, sizə çox köməklik edirlər?

– Türklər dar ayaqda həmişə bizə kömək edib, qırğından qurtarıb, biz onlardan çox razıyıq.

Mənim qəti cavabımı eşidəndən sonra daha yanımızda türk adını tutmadı.

– Mirzəni barı yaxşı basdırdılarmı? Iştirak edə bilmədim.

Şaiqan həqiqətən ağlamağa başladı. Bu qərib yerdə yaman yazığım gəldi ona.

– Şaiqan, Mirzə müəllim sənin qardaşındırsa, Azərbaycan xalqının da böyük oğludur. O, bizim yazıçımızdır. Onu layiqincə götürdülər. Sağlığında da xətrini hamımız istəmişik, dərd çəkib ağlama, – dedim.

Qonaqlar yığışmağa başladılar. Məhəmməd ancaq tanıdığı ticarət işçilərini çağırmışdı. Aralarında “Kultur cəmiyyəti”ndən gələnlər də vardı. Hotelin bufetində məclis başlanmalı idi. Səfir Hüseynağa Sadıqov və köməkçisi Yılmaz bəy gəlib çıxdılar.

Səfir sözə başladı:

Bütün qonaqları salamlayıram, belə görüşləri tez-tez keçirmək lazımdır. Görüşlər vasitəsilə qərib yerdə insanlar bir-birindən xəbər tuta bilirlər. Azərbaycan xalqının böyük oğlu bu gün bizim qonağımızdır. Eyni zamanda, Məmməd müəllim, biz sizə bir də minnətdar olmalıyıq ki, Almaniyada yaşayan azərbaycanlıların nümayəndələrini bir-birilə görüşdürən ilk pioner siz olmusunuz. Bu, burada yaşayan azərbaycanlılara ilk və böyük bəxşiş oldu.

Qonaqlar da Məmmədi tanıdıqlarını, sevdiklərini, lakin kitablarını tapıb oxuya bilmədiklərini söylədilər. Mən özümlə “Qayalara yazılan səs” kitabından bir neçə nüsxə aparmışdım. Qonaqlara payladım. Yeganə nüsxə olan “Aylarım, illərim” kitabını isə İbrahim bəyə verib əlavə etdim:

– İbrahim bəy, əgər siz verdiyim kitablardakı şeirləri oxusanız, yaysanız heç bir təbliğat lazım olmadan birləşəcəksiniz. Sizə Vətən naminə bir-birinizi qorumağı və birləşmənizi arzulayır Məmməd.

Qonaqlar məndən Məmməd haqqında məlumat istədilər. Mən özümlə iki kaset – H. Əliyevlə görüş və Operada keçirilən gecənin kasetlərini götürmüşdüm. Qonaqlar hər iki  gecəyə heyrətlə baxdılar. Sonra görüşüb ayrıldılar.

11-12 iyun – Növbədə hindlidir, o da dil bilmir. Dərman atan vaxtıdır. Iki gün bundan əvvəl bizdən “Mirzə qasimi” yeyərsinizmi, deyə soruşmuşdular. Onun necə xörək olduğunu bilmirdik. Sən demə irandakılar pamidor çığırtmasına “Mirzə qasimi” deyirmişlər.  Hə, Kola dil bilmir, saatı göstərib “Mirzə qasimi” adını söylədim. Pamidor çığırtması dadımıza çatdı.

Şaiqan yenə də qonağımızdır:

– Burada bir almanla evlənmişəm, çox bədbəxt adamam. Rusiyanın kəşfiyyatında işləyirdim. Adımı da dəyişdirdilər. Heç bir qohumla əlaqə saxlaya bilmədim. Uzun müddət İranda yaşayırdım…

Bu yazıq bəlkə indi-indi vətənin nə olduğunu başa düşüb. Bizə hədiyyə də gətirmişdi. Qəribədir. Sən indi kimsən, Şaiqan?

Axşam Məhəmmədin gəlişi bizi sevindirdi. Xeyli lətifə danışıb bizi güldürdü.              Səhərin tez açılmasını istəyirik.

Səhər açılmamış ayıldıq. Yenə də yır-yığış… Biletləri bir də yoxladıq, artıq maşın gəlmiş, qəribliyin daşını atmağa ümid artmışdı. Dostlar – Məhəmməd, Şaiqan və bir neçə başqa adam bizi yola salmağa gəlmişdilər. Aeroporta yollandıq. Səfirin oğlu da əmanətlərini çatdırmağa gətirmişdi.

Almanlar xəstəyə xüsusi qayğı göstərirlər, yüklərimizi mini maşına yükləyib bizi də mindirdilər. Gömrükdən özləri keçirdilər. Beş  dəqiqədən sonra ayrı bir işçi gəlib soruşdu: – “İbrahimov kimdir?”. Familiya bizə aid idi. O, təyyarənin qapısını açdırıb bizi içəri saldı və birinci salonda oturtdu.

Bu, alman qayğısı idi.

Stüardessalardan biri bizi birinci salondan çıxartdı:

– Siz ikinci salona keçin, birinci salonda hökumət adamları, deputatlar və biznesmenlər  oturur. Sonra onlar bizi tənqid edərlər…

Səssizcə keçib ikinci salonda oturduq, azərbaycanlı xasiyyətinə bir də bələd olduq. Hələ sərnişinlər içəri buraxılmamışdı. Bələdçi qız bizdən birinci salona qayıtmağı xahiş etdi.

– Axı birinci salon böyüklərindir, – kinayə ilə cavab verdim, – bura bizə rahatdır, oturmuşuq.

Qız ikinci dəfə xahiş edəndən sonra Məmməd qayıtmağa razı oldu. Salona sərişinlər buraxıldı, hər kəs özünə yer tapıb oturdu. Salondakılar Məmmədlə görüşüb müalicənin təsirini soruşdu.

Təyyarə İstanbulda yerə endi, boş yerlər tutuldu, xeyli yük vuruldu.

Təyyarənin pəncərəsindən aşağı baxmağı xoşlaram. Qəribə təzad vardı – buludlardan yuxarı bədrlənmiş ay, lap yanındaca ulduz. Aşağıda – buludlarda isə çaxnaşma. Dağların başında şimşəklər at oynadırdı, bu mənzərəni sözlə təsvir etmək çətindi. Buludlardan yuxarı ayın işığı nağıl idi. Bu sevinc payıma Məmmədi də qatmaq istədim, o isə:

– Şimşəklər yaman qorxuludu, təyyarəyə də xətər toxuna bilər, – dedi.

Bələdçi qız qalın odyal gətirib Məmmədin üstünü örtdü və yatın dedi.

Mən “böyük aclıqdan” sonra təyyarədə verilən düşbərəni elə acgözlüklə yemişdim ki, ödümdən bərk ağrı qopmuşdu.

Səhər tezdən Binə hava limanında yerə endik. Içəri adam buraxmadıqlarına görə “qıl körpüsündən” Məmmədi və çamadanları tək keçirməli idim. Düzdür, təyyarəçilər kömək etdilər. Məmməd onlarla ayaqlaşa bilməyəndə sürütləyib aparırdılar. Mən: – yavaş, sürütləməyin, – qışqırsam da eşidən yox idi.

“Yazıq Məmməd”, ağlamağım gəlirdi.

Bu, bizimkilərin köməyi…

Nəhayət, evə çatdıq. Almaniya sərgüzəşti beləcə bitdi.

13-18 iyun –  Artıq evimizdəyik, bütün əziyyətlər arxada qaldı, ancaq ikimiz də ümidsizliyə qapılmışıq. Ümidlə uzaqlara getmişdik…

Müalicə ilə əlaqədar soruşan jurnalistlərə Məmmədin cavabı bu olurdu:

– Müalicə çox yaxşı keçdi, qos-qoca xəstəlikdir, birdən-birə sağala bilməz.

Axşamüstü bizə gələn Heydər Həsənoğlu və Zəlimxan Yaqub necə Həccə getdiklərindən söhbət açdılar:

– Əmi, çox vaxt söhbətimiz səndən olurdu. Kaseti gətirərəm, baxarsınız, – dedi Zəlimxan.

Qonşularımız üstümüzə həmişə su tökdüklərindən tavan çökmək üzrədi. Məmmədi dilə tuturam ki, kəndə gedək.

– Kişi, ağcaqanadlardan qaçaq.

Məmmədsə:

– Mən onları yaxşı tanıyıram, bizi kəndə də dinc qoymazlar – zarafatla cavab verdi.

19-21 iyun – Poliklinikadan həkim gəldi. Dedilər ki, bizim müşahidəmiz altında müalicə davam etdirilməlidir. Həkim dedi ki, Almaniyada ona verilən ağ dərman (adı “Arten”) bizdə çoxdan müalicədən çıxarılıb, çünki onun çox pis təsiri vardır, xəstəni çox halsızlaşdırır.

Yadıma Məmmədin vəziyyəti düşdü. Yazıq kişi deyirdi ki, ağ dərmandan sonra yaman halsızlaşıram, əlimi belə qaldıra bilmirəm. Əlavə edirdi ki, bunlar dovşan kimi üstümdə təcrübə aparır.

Zəlimxanla Heydər Həsənoğluna  qonaqlıq vəd etmişdim. Axşam gəldilər, Zəlimxan sazını da gətirmişdi. Gecikdiyinə görə Mikayılı cərimə etmişdilər. Almaniya və almanlar, Azərbaycan və azərbaycanlılar müqayisə olundu. Yaxşı bir gecə keçdi, hayıf lentə alan olmadı.

3-5 sentyabr – Evimizi tamam su basdı, qonşuya dedim ki, insaf elə, otağın tavanı çökmək üzrədir, cavabı:

– Get kimə istəyirsən de, hara istəyirsən şikayət et, pulum yoxdur, təmir etdirim.

Məmməd dedi ki, onlar bilirlər bu saat qanun yoxdur, onlara baş qoşma.

Ayın 5-də rəssam Adil Rüstəmov qonağımız oldu:

– Mənim sənə həsr etdiyim tabloları Almaniyaya sərgiyə aparıblar. Sonra məni də çağıracaqlar. Sən mənim fikrimcə ən yaxşı şairsən, bəzi şairlər cildini dəyişə bilir, sən isə əyilmirsən…

Adil bir xeyli söhbət etdikdən sonra getdi.

Səhər bütün qabları tavandan tökülən suyun altına düzmüşdüm. Evlə bağlı idarədən adamlar gəlir, baxır, başlarını bulayıb gedirdilər. Elə bil, tədbir görməli adamlar bunlar deyil, başqalarıdır.

Axşam Məmmədin  tələbəlik illərindən yaxın dostu olmuş İlyas Tapdıq bizə gəldi. Oturub Məmmədlə xeyli dərdləşdilər.

İlyas:

– 1-ci sinfin kitablarına baxıram, hamının şeirləri salınıb, Məmməddən və məndən başqa. Istəyirəm Səməd Vurğun haqqında məqalə yazam. Onun şeirlərini  mənim kimi təhlil edib açan bəlkə də yoxdur.

Söhbətə qarışdım:

– Səməd Vurğunun Lenini, Stalini, partiyanı vəsf etdiyi şeirləri heç oldu Elə yazmasaydı  istedadı daha yaxşı üzə çıxardı.

Ilyas mənimlə razılaşmadı:

– Düz demirsən.

Anamın dilbər gəlini

                                 Yadlara açma əlini…

Bunu o vaxt ayrı necə deyə bilərdi, belə çox misralar deyə bilərəm (və dedi də) hanı o misralar başqa şairlərdə varmı? Bəzi şairlər onları tərifləyənləri himayə edirdi. Ancaq həmin bəzi şairlər Məmmədin ədəbiyyatdakı yerini dana bilmədilər, böyüklüyünü qəbul etməyə məcbur oldular…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!