Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Düşündüm ki, bu dəfəki reportajı həmişə vərdiş etdiyimiz hansısa fəaliyyət meydanından, məsələn, taxıl əkən, qoyun-quzu otaran fermerin, əmək qabaqcılı olan çilingərin, yaxud adi günlərini yaşayan bir kəndin, şəhərin… həyatından deyil, paytaxt həyatının bir parçası olan avtobuslardan yazım. Heç bilirsinizmi ki, metroda, avtobusda hansı qəribə hadisələr baş verir?! Bilmirsiz… Onda buyurun, necə deyərlər, həmsöhbət olaq… Sən demə, ən yaxşı reportajların qəhrəmanları elə ətrafımızdadır, sadəcə, onları görmək azdır, həm də yazıya gətirib reportaj qəhrəmanına çevirmək lazımdır…
***
…Bu yaxınlarda Bakının iri ticarət mərkəzlərinin birində qəribə hadisənin şahidi oldum. Məktəbli qız evləri üçün aldığı ərzaq səbətinin pulunu ödəmək istəyəndə məlum oldu ki, pulu ödənişə bəs etmir. Nəticədə kassir silinmə etməli oldu və ərzaqlardan birinin geri qaytarılması lazım gəldi. Silinmə prosesi isə uzandığından kassada növbə də uzandı, alıcılar əsəbi halda qızı qınaq obyektinə çevirdilər. Biri kassiri, digəri qızı, başqa biri dükan sahibinin qarasına o ki var danışdı… Növbədə mən də var idim, işə gecikdiyimdən dərhal kassaya yaxınlaşıb satıcıdan qızın borcunun nə qədər olduğunu soruşdum, məlum oldu ki, bir manat borc qalıb. Dərhal bir manatı çıxarıb qızın əvəzinə ödəmək üçün kassirə uzatdım, dedim, ola bilər alacaqları evdə olduqca vacibdir, mən ödəyirəm… Bu vaxt qızcığaz puldan qəti imtina etdi. Kassada növbə uzandığından qızı dilə tutmağa başladım:
-Qızım, narahat olma, mən ödəyirəm…
Sonra yalandan onu inandırmağa çalışdım ki, biz qonşuyuq, borcu atandan alaram… Sən get…
Qız mənə tərəf baxdı, hamı bir ağızdan: -Hə, balaca, sən get, atan ödəyəcək, get-get, -deyərək onu növbədən çıxarmağa çalışdılar. Bu qərar satıcının da ürəyindən idi, çünki kassada silinmə etməli olan administrator gecikirdi, gəlib çıxmırdı… Qız isə inadkarlıq edərək yenə də razı olmadı. Nəhayət, bir ağsaqqal irəli durub: -Qızım, axı niyə razı olmursan? Görürsən ki, kassir silinmə edə bilmir, növbədə də otuz adam var, biz də işə gecikirik, bu yoldaş pulu verir də, bir manat nə böyük şeydir, atan gəlib ödəyər…
Qızcığaz dərindən nəfəs aldı, sonra onun verəcəyi razılıq qərarını gözləyən çoxsaylı növbədəkilərə baxıb amiranə tərzdə:
-Yox, atam, ödəmiyəcək, -deyib əsəbi halda kassirin üzünə baxdı…
Bu vaxt ağsaqqalı gülmək tutdu:
-Aaaa… Niyə, qızım?! Bizə yazığın gəlmir, yarım saatdır ayaq üstəyik…
Qız əlindəki səbəti yerə qoyub balaca əlləri ilə gözünün yaşını silərək: -Çünki atam şəhid olub, -deyib hönkürdü…
Hamı yerində donub qalmışdı…
***
…Mən bunu kövrək hadisəni niyə xatırlatdım: hər birimiz ictimai yerlərdə, auditoriyada, hansısa tədbirdə, metroda, avtobusda… oxşar hallara rast gələndə bəzən səbrli olmuruq, sonda deyilməli sözümüzü əvvəl deyirik… Neçə gün əvvəl Bakıda avtobusda şahidi olduğum bir hadisədəki kimi…
Qazi niyə qocaya yer vermirdi?
…Bu səhər də metronun “Xətai” stansiyasının qarşısında 10 saylı avtobusu xeyli gözlədim. Axır ki, gəlib çıxdı. Gözləməkdən hövsələsi daralmış sərnişinlər dərhal avtobusa doluşdular… Avtobus qrafik üzrə gecikmişdi deyə, metronun «Sahil» stansiyası yaxınlığındakı dayanacağa çatanda artıq daha çox adam yığılmışdı. Avtobus dayanan kimi hamı ön qapıdan içəri doluşdu. Ən sonda yaşlı bir kişi özünü içəri təpdi. O, xüsusi imtiyaz verən vəsiqəsini göstərərək pul ödəmədən irəli keçdi, azacıq nəfəsini dərdi, sonra ayağını sürüyərək bir addım da irəli keçib sürücünün arxasında dayandı. Sürücünün «Ağsaqqal, burda dayanma, salona girənlərə mane olursan» deməsi, sanki qocanı oturmaq üçün boş yer axtarmağa həvəsləndirdi. O, başını qaldırıb salona baxdı, gözünə boş oturacaq dəymədi. Ayaq üstə dayanmış sərnişinlərə tərəf boylandı. Bu o demək idi ki, yer verin əyləşim.
Soyuq və küləkli havada xeyli dayandığından qocanın əldən düşdüyü aydın hiss olunurdu. Yaxınlaşıb qolundan tutdum, sonra sərnişinlərlə dolub-daşan avtobusun oturacaqlarında əyləşib telefonda qurdalanan sərnişinlərə göz gəzdirdim. Belə anladım ki, başı telefona qarışmışlardan kimsə qocaya yer vermək fikrində deyil.
Sürücünün düz arxasındakı oturacaqda, pəncərə tərəfdə isə bir cavan oğlan gözümə dəydi. Telefonda nəsə yazırdı. Hiss olunurdu ki, həm də kiminləsə qulaqcıq vasitəsilə danışır. Solunda isə bir ortayaşlı qadın əyləşmişdi. Ozünə gəlib toxdayan qoca oğlana tərəf çevrildi və bir az da uca səslə: -Ay bala, ayaq üstə dayana bilmirəm, dur ayağa, yer ver oturum, – deyərək ondan reaksiya gözlədi. Amma oğlandan səs çıxmadı, o heç nə olmamış kimi əlindəki dəftəri vərəqləyib susdu, başını qaldırıb gözucu ətrafı seyr etdi. Bu mənim də diqqətimdən yayınmadı. O, qocanın müraciətini görürdü, amma yenə də heç bir reaksiya vermədi, sanki heç nə eşitmirdi, görmürdü, bilmirdi. Açığı, mənim də oğlanın bu susqunluğundan xoşum gəlmədi, amma düşündüm ki, nəsə deyərəm, qeyri-adekvat cavab alaram, ictimai yerdir, yaxşı alınmaz. Amma həm də düşündüm ki, burda nəsə bir sirr yatır, səbr etmək daha məqsədəuyğundur.
***
Ətrafdakılar oğlanın bu hərəkətinə əsəbi reaksiya verməyə başladılar. Qocanın həqiqətən də sağlamlıq durumunda problemlərinin olduğu aydın görünürdü, əlləri əsirdi, tənginəfəs idi, tövşüyürdü. Avtobusun tıxaclı və döngəli yollarda tez-tez dayanıb yırğalanması sərnişinləri nehrə kimi çalxayırdı, adamlar bir-birinə dəydikcə, qoca da bir təhər tarazlığını saxlamağa çalışırdı. Avtobusda isə oturacaqda əyləşmiş yeganə cavan sərnişin elə bu oğlan idi deyə, hamının gözü ona dikilmişdi. Yaşlı bir qadın bu vəziyyətə dözməyib oğlana tərəf çevrildi:
-Ay oğlum, xəstə adamdır, niyə yer vermirsən? Cavan oğlansan, həmyaşıdlarına nümunə ol, qoca kişiyə yer versən yaxşıdı…
Oğlan qadının üzünə baxdı, yenə susdu, heç bir reaksiya vermədi. Yanımda dayanmış orta yaşlı bir qadın oğlanın bu dəfə də imtina reaksiyasından lap qəzəbləndi, acıqlı şəkildə: -İndiki cavanlarda mədəniyyət qalmayıb də -deyərək onu sərt şəkildə qınadı.
Bu vaxt salonda bir səs-küy qopdu ki, gəl görəsən. Yaşlı bir qadın daha qəzəblə danışdı:
-Baxın, bizim vaxtımızda cavanlar qadın, kişi görəndə dərhal yer verərdi. İndiki cavanlar isə…
Başqa bir qadın dözməyib ayağa duraraq qocaya yer göstərdi: -Dayı, gəl burda əyləş, qoy bu onun vicdanına yazılsın… Gəlin, gəlin burda əyləşin, – deyərək qocanın qolundan tutub özünə tərəf çəkdi. Amma qoca pərt olmuşdu deyə, qadının sözünü yerə saldı, əyləşmədi.
Oğlan bu dəfə ona nifrətlə baxan sərnişinlərə tərəf boylanıb başını buladı. Amma hiss edirdim ki, nəsə demək istəyir… Və bunu onun ətrafa nəzər yetirən həyəcan dolu baxışlarından aydın görmək mümkün idi. Lakin o susurdu… Bəs niyə heç olmasa qocaya yer verməməsinin səbəbini demirdi? Çox maraqlı idi… Hətta qərara aldım ki, işə çatan kimi bu barədə bir yazı yazıb sosial şəbəkələrdə də paylaşım, cavanlara tövsiyyə edim ki, belə olmaz! Çünki biz nəsil heç vaxt belə olmamışıq, bəs bizdən sonra gələn indiki nəsil niyə belə olmalıdır?!
***
…Avtobus N.Nərimanovun heykəlinin yanındakı dayanacaqda saxladı, düşən, minən sərnişinlər yerbəyer oldular. Qocanı isə dəli bir hirs boğurdu, hələ də özünə gələ bilmirdi. Neçə adam ona yer göstərsə də, o qəti şəkildə imtina etdi. Məncə, qoca sonadək dirəniş göstərirdi ki, bəlkə oğlan səhvini başa düşə, gec də olsa üzr istəyərək ona yer verə. Həm də aydın hiss olunurdu ki, qoca daha çox, onun bir yaşlı insan kimi cavan oğlan tərəfindən nümayişkəranə şəkildə hörmət edilməməsinə qəzəblənmişdi. Duruşundan və zahirindən dünyagörmüş adam olduğu aydın sezilən qoca ona yer vermək istəyən başqa bir qadına tərəf: -İstəmirəm, bir təhər dözəcəyəm, amma onun başına oyun açdıracağam, o mənim kimi yaşlı, xəstə adama yer vermədi… O məndən üzr istəməlidir, -deyərək qəzəbini ətrafa püskürdü.
Digər bir qadın isə qızışdırıcı səslə: -Siz görmürsüz, o utanıb-qızarmır, hələ bir qulağında «nauşnik»lə musiqiyə qulaq asır, ona etdiyimiz iradlara rişxəndlə reaksiya verir, -deyərək oğlana tərəf qeyzləndi: -Eşitmirsən??? Ayıb deyil sənə, elə bil ki, öz babandır, müəllimindir… Sənə dərc keçməyiblər? Deyən olmayıb ki, yaşlı adamlara yer ver avtobusda, metroda???
***
…Artıq avtobusa yeni minənlər də oğlanın bu hərəkətindən xəbər tutmuşdu. Hətta bir qadın kiminləsə telefonda danışarkən həmsöhbətinə cavan oğlanın xəstə, yaşlı kişiyə yer verməməsini həvəslə danışırdı: «Aaaz, Sənəm, sizin Namiq yaşdadı, Həzrət Abbas haqqı, sap-sağlam, yanaqları qıpqırmızı oğlandır. İnanırsan, bu qədər adam üzünə söyüb-söyləndi, vecinə də olmadı… Əlim üzümdə qalıb, imkan olsa, inan bu sumkadakı yumurtaların hamısını onun təpəsinə çırparam, amma ürəyim soyumaz…».
Avtobusda isə hamının nifrət dolu nəzərləri oğlanda idi. Deyəsən, qoca kimi o da üzə düşmüşdü, əvvəldən durub yer vermədiyi üçün indi vəziyyətdən çıxa bilmirdi, özünü sındırmırdı.
***
…Sürücü avtobusu SpaceTV-nin qarşısındakı dayanacaqda saxladı. Hirsindən dili-dodağı səyriyən qoca düşməyə hazırlaşdı. Məncə, oğlanın bu hərəkəti qocaya elə bir güc vermişdi ki, o bu qədər yolu ayaqüstə duruş gətirə bilmişdi. Amma qoca çox qəzəbliydi, hiss olunurdu ki, əlində imkan olsaydı, oğlanı sərt cəzalandırardı. O, sərnişinlərin gözü qarşısında özünü çox hörmətsiz kimi hiss edirdi.
***
…Qoca sərnişinlərin köməyi ilə düşməyə hazırlaşdı… Son anda bir də geri çevrilib oğlana tərəf: -Gör sənin başına nə oyun açdıracağam… Sənin valideynlərini tapacam… Qoy bilsinlər ki…, -deyib düşməyə hazırlaşdı.
Birdən oğlanın səsi eşidildi, sürücüyə tərəf: -Dayı, mən də burda düşməliyəm, xahiş edirəm gözləyin, -deyərək ayağa qalxdı. Yol boyu onu o ki var danlayan qadınların acılı səsi eşidildi: “Hə, yəqin əməlindən peşmansan, tez düşüb aradan çıxarsan…”.
Qoca oğlanın düşəcəyini eşidib avtobusun qapısı ağzında dayanıb onu gözlədi. Oğlan qarşı tərəfdə dayanmış hərbi geyimli zabitdən kömək istədi:
-Mümkünsə, mənə kömək edin, düşmək istəyirəm…
Ətrafdakılar bir ağızdan:
-Yooox… Siz ona kömək etməyin, o yaşlı adama qarşı hörmətsizlik etdi, -deyərək zabitə səsləndilər.
Bu tikanlı sözlər oğlanı bərk sarsıtmışdı. Əsəbindən rəngi qaralmışdı, amma bu məqamda da səbrli olub susmağa üstünlük verdi. Sürücü isə “Ay oğlan, qocaya yer verməməyin bəs deyil, indi də düşməyə tələsmirsən, ləngitmə bizi, tez düş, onsuz da gecikmişik…”, -deyə ona xəbərdarlıq etdi.
Oğlan ətrafı seyr etdi, qəzəbli baxışlar ona tuşlanmışdı. Hamı ona baxırdı. Bəlkə də gözləyirdilər ki, oğlan heç olmasa son anda bir söz deyəcək, səhvini etiraf edəcək…
Oğlan yenidən zabitə səsləndi:
-Cənab mayor, xahiş edirəm, mənə kömək edin…
Sonra paltosunun düymələrini açdı. Bu vaxt pencəyinin yaxasından asılmış çoxsaylı orden və medallar bərq vurdu, onlar müharibədəki xüsusi igidliyə görə verilən təltiflər idi… Zabit dərhal ona kömək etməyə tələsdi. Avtobusdakılar hələ də əsəbini gizlədə bilmirdi, iradlı pıçıltılar davam edirdi.
Oğlan əyilib oturacağın sağında gizlətdiyi qoltuq ağaclarını götürdü, var gücünü toplayıb yavaşca ayağa qalxdı. Bu vaxt avtobusda dərin bir uğultu qopdu, «ah» səsi eşidildi, salon sükuta qərq oldu. Hamı şokda idi. İlahi, nə baş verirdi! Oğlanın iki ayağı yox idi. Ayaqqabısında gizlədilmiş protezlərin metal hissəsi aydın görünürdü… Sərnişinlərin hamısı ayaq üstə dayanaraq ona baxırdı. Oğlan isə qoltuq ağaclarını əlinə alıb zabitin köməkliyi ilə avtobusun çıxış qapısına tərəf addımladı… Başını qaldıranda qarşısında az əvvəl yer vermədiyi qəzəbli qocanın əvəzində baş verənlərdən təəssüflənərək pərt olmuş başqa bir qocanı gördü… İkisi də çox təsirlənmişdi… Oğlan 1-ci qrup əlilliyi olan qazi idi, döyüşlərdə minaya düşmüş, iki ayağını itiribmiş…
***
Qoca yaz buludu kimi dolmuşdu. Titrək əlləri ilə oğlanın boynunu qucaqladı, hönkürüb ağladı. Sonra başını qaldırdı, nəsə demək istədi. Oğlan başa düşdü ki, qoca ondan üzr istəməyə hazırlaşır, tez qocanın başını sinəsinə sıxdı, danışmağa qoymadı…
Bu mənzərədən təsirlənmiş sərnişinlərin hamısı sürücü ilə birlikdə yerdə idi, oğlanın düşməsini gözləyirdi…
***
…Beləcə gəlib çatdıq avtovusdakı reportajımıza… Bunları niyə təqdim etdim: bəzən elə hadisələrlə qarşılaşmalı oluruq ki, sonunu gözləmədən mövqe bildirir, qiymət veririk. Gəlin ətrafımıza diqqətli olaq, hadisələrə təmkinli yanaşaq. Axı hərənin özünəməxsus dili, dünyagörüşü, nitqi var… Olub ki, metroda bir qız bilmədən başqa bir sərnişin xanımın ayağını tapdayıb, qadın ondan üzr istəməyi tələb edib. Az qala məsələ dava həddinə çatıb. Qız isə susub. Amma sonda məlum olub ki, qız eşitmir, laldır…
Asif MƏRZİLİ