10 Fevral 2026 / 12:54

Makron Avropa liderlərini Rusiya ilə dialoqu bərpa etməyə dəvət etdi

O, gələcək təmasların Rusiya ilə Avropa arasında münasibətlərin real şəkildə yaxşılaşmasına səbəb olacağına ümid etdiyini bildirdi

Fransa Prezidenti Emmanuel Makron bir neçə Avropa liderinə Rusiya ilə dialoqu bərpa etməyi təklif etdiyini söyləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsveçrənin “Tagesanzeiger” qəzeti məlumat verib.

“Rusiya ilə Avropa müzakirələrinin bərpasını strukturlaşdırmaq vacibdir… Buna görə də bir neçə avropalı həmkarıma dialoqu bərpa etməyi təklif etdim”, – Makron nəşrə verdiyi müsahibədə bildirib.

Bundan əlavə, Fransa lideri qeyd edib ki, Avropanın Moskva ilə bu və ya digər şəkildə dialoq qurması lazımdır, çünki “Rusiya sabah burada qalacaq” deyə onun coğrafi mövqeyini vurğulayıb.

“Rusiyanı bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, coğrafi mövqeyimiz dəyişməyəcək. Rusiya sabah burada qalacaq. Axı o, düz sərhədlərimizdədir”, – deyə Fransa prezidenti bildirib.

Makron həmçinin Rusiya ilə texniki səviyyədə əlaqələrin bərpa olunduğunu elan edib. O, bu cür əlaqələrin Rusiya ilə Avropa arasında münasibətlərin real şəkildə yaxşılaşmasına səbəb olacağına ümid etdiyini bildirib.

“Texniki səviyyədə müzakirə kanallarını yenidən qurduq. Ümid edirəm ki, bu məlumat daha sonra Avropa tərəfdaşlarımla paylaşılacaq və yaxşı təşkil olunmuş Avropa yanaşmamız olacaq. Rusiya ilə dialoqu bərpa etmək mümkün olmalıdır. Çünki sülh gələn gün həmin sülh Avropaya da şamil olunacaq”, – Makron vurğulayıb.

Fevralın 5-də Fransanın sağçı “Les Patriots” partiyasının lideri Florian Filippot Makronun karyerasını xilas etmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!