15 Fevral 2026 / 17:08

Ermənistanda katolikos II Qareginə qarşı cinayət işi açıldı

Ötən gün Ermənistan prokurorluğu II Qaregin-ə qarşı cinayət işi açıb. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı onun vəkili yayıb. Vəkilin sözlərinə görə, katolikosun ölkədən çıxışına qadağa qoyulub. Bu səbəbdən o, Avstriyada keçirilməsi planlaşdırılan yepiskoplar toplantısında iştirak edə bilməyəcək. Açıqlamada bildirilir ki, cinayət işi Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyan barədə məhkəmə qərarının icrasına mane olma ittihamı ilə başlanıb. Yanvarın 10-da II Qaregin Saroyanı vəzifəsindən uzaqlaşdırıb, daha sonra isə onu ruhanilikdən kənarlaşdırıb. Yanvarın 15-də Saroyan vəzifədən azad olunması ilə bağlı məhkəməyə müraciət edib. İstintaq çərçivəsində Avstriyada 16–19 fevral tarixlərinə planlaşdırılan yepiskoplar toplantısında iştirak etməli olan ruhani şuranın altı üzvünün də ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilib.
Fevralın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, toplantının ölkə xaricində keçirilməsi qərarı katolikosluğu Ermənistandan “uzaqlaşdırmağa” yönəlib. Baş nazir vurğulayıb ki, hökumət buna imkan verməyəcək: “Deyirlər ki, Ktriç Nersisyan getmək niyyətində deyil. Biz elə etməyi planlaşdırırıq ki, o, öz niyyətini dəyişsin. Heç kimin getmək niyyəti olmur. Serj Sarkisyanın da belə bir (2018-ci ilin yazında – red.) niyyəti yox idi, lakin o, getmək məcburiyyətində qaldı. Eyni məsələ Ktriç Nersisyana da aiddir”, – deyə o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!