16 Fevral 2026 / 03:09

Hindistan Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi üçün 288 zenit raketi alacaq – MEDİA

Hindistanın Müdafiə Satınalma Şurası ölkənin əvvəllər Rusiyadan aldığı S-400 Triumph hava hücumundan müdafiə sistemi üçün 288 zenit raketinin alınmasını təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, müqaviləyə əsasən, ölkənin 120 qısa mənzilli raket və 168 uzun mənzilli raket alması tələb olunur.

Bu raketlərin ümumi dəyəri 10.000 kror rupi və ya təxminən 1,2 milyard dollardır.

Bundan əlavə, Hindistan Hərbi Hava Qüvvələri ölkənin strateji əhəmiyyətli bölgələri üzərində sıx müdafiə günbəzi yaradacaq S-400 Triumph hava hücumundan müdafiə sisteminin daha beş batareyasını almağı planlaşdırır.

Hindistan həmçinin vacib infrastrukturun və hərbi aerodromların qorunmasına diqqət yetirir. Buna görə də ölkə hakimiyyəti Pantsir qısa mənzilli zenit-raket və top sistemlərini əldə etmək istəyir.

Eyni zamanda, “Militarnı” nəşri yazır ki, bu cür planlara baxmayaraq, Hindistan hökuməti və Müdafiə Nazirliyi hazırda S-400 zenit-raket sistemlərinin alınmasında gecikmələrlə üzləşir.

“Bu, birbaşa Ukraynadakı müharibə və Rusiyanın bu sistemlərə olan təcili ehtiyacı ilə bağlıdır”,- məqalədə əlavə olunub.

Hindistan silah toplayır

“Bloomberg” daha əvvəl Hindistanın böyük bir partiya “Rafale” qırıcı təyyarələrinin alınmasını təsdiqlədiyini bildirmişdi. Dassault Aviation ilə gələcək müqavilənin dəyəri 39 milyard dollar olacaq. Yerli jurnalistlərin məlumatına görə, təyyarələrin təxminən 20-si birbaşa Dassault tərəfindən təchiz ediləcək, qalanları isə Hindistanın daxili müəssisələrində istehsal olunacaq.

Hindistanın da yeni hipersəs raketi ilə öyündüyü bildirilirdi. Bu, Rusiya Tsirkonlarının alınmasına alternativ kimi təqdim edilən LRAShM-dir.

Hindistan raketinin elan edilən mənzili 1500 km-dir və mütəxəssislər LRAshM döyüş başlığının təxminən 350 kq ağırlığında olduğunu təxmin edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!