…Səhiyyə sisteminin çağdaş durumda uğur müstəvisinə çıxması, vətəndaşın məmnunluğunun ali səviyyəyə yüksəlməsi üçün hansı addımlar atılmalıdır?
İlk öncə ailə həkimi sığortanın giriş qapısına çevirməlidir. Xidmət paketini real xərclərə uyğun yenidən hesablamaq vacibdir. Həkimin maaşı sığorta nəticəsinə bağlanmalıdır ki, xəstənin taleyi ilə birbaşa məşğul olacaq həkim prosesdən məmnun qalsın. Xəstəxanaya real maliyyə muxtariyyəti vermək üzərində düşünülməlidir. Şəffaflıq təmin olunmalı, xəstənin məmnunluğu üçün hər şey edilməlidir. Çünki, o, vətəndaşdır, amma xəstədir, himayəyə ehtiyacı var.
Elə etmək lazımdır ki, xəstəxanalar xəstələrə yüksək səviyyədə qulluq üçün bütün şəraitə sahib olsun, amma xaotik yüklənmə yaranmasın, həkim sistemi düşmən yox, tərəfdaş kimi görsün, vətəndaş proses haqda dolğun bilgiyə sahib olsun, səhiyyə xərci idarəolunan və şəffaf həyata keçirilsin.
Burada idarəetmə və məsuliyyətin təmizlənməsi çox vacibdir. TƏBİB yalnız xəstəxanaların idarə edilməsi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yalnız strateji siyasət, standartlar müəyyən edilməsi ilə, nəzarətlə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə pul, paket, tarif məsələlərini həll etməklə məşğul olmalıdır. . Qanunla səlahiyyət ayrılığı təmin olunmalı, paralel qərar vermə qadağan olunmalıdır.
Ailə həkimi məcburi giriş qapısına çevrilməlidir. Ailə həkiminin maaşı qeydiyyatda olan əhali, profilaktika göstəricisi, yönləndirmə keyfiyyəti ilə ölçülməlidir.
Poliklinikalar bürokratik kağız yazmaq yeri yox, filtr mərkəzi rolunu oynamalıdır. Həkim və xəstəxana motivasiyası düzgün hesablanmalıdır. Xəstəxana rəhbərləri büdcəyə cavabdeh, zərərə görə dəyişdirilən olmalıdır. Bunlar ilkin başlanğıc ola bilər. Əgər təklif olunanlar sistemə oturarsa, davamlı olub, daha fundamental idarəetmə sisteminə keçiləcəksə, rüşvət azalacaq, həkimlə xəstə arasında etimad bərpa olunacaq, həkim əməyini verməkdən məmnun olacaq, xəstə isə xidmətdən mənəvi rahatlıq tapacaq, dövlətin ayırdığı vəsait nəzarət altına düşəcəkdir. Bu planları icra etmək üçün iradə tələb edilir…
Zəlimxan Məmmədli,
ictimai xadim