25 Fevral 2026 / 21:59

SU ÇƏRŞƏNBƏSI–SAF SU KIMI KİMİ DURU OLUN!

Elimizin milli adət-ənənələri içərisində elələri var ki, zamanın sərt küləkləri belə onların alovunu söndürə bilmir. O adətlər xalqın ruhundan doğur, torpağın nəfəsindən güc alır. Bahar çərşənbələri də məhz belə müqəddəs mirasdır. Xüsusilə də ilk qeyd etdiyimiz Su çərşənbəsi – həyatın başlanğıcı, təmizliyin, yenilənmənin, dirçəlişin rəmzi kimi könüllərdə yaşayır.

Baharın ilk müjdəçisi sayılan Su çərşənbəsi qədim türk mifoloji düşüncəsinin dərin qatlarından süzülüb gəlir. Əcdadlarımız suyu adi təbii ünsür kimi deyil, canlı varlıq, müqəddəs başlanğıc hesab edirdilər. Onların təsəvvüründə su – həyatın anası, torpağın oyadıcısı, insanın ruhunu yuyan ilahi qüvvə idi. Təsadüfi deyil ki, Su çərşənbəsi axşamı insanlar sübh tezdən bulaq başına gedər, axar suyun üstündən atlanar, “ağırlığım-uğurluğum bu suya” deyərək öz mənəvi yükünü saflaşdırmağa çalışardı.

Bu ənənənin kökləri bilavasitə Novruz mərasim sisteminə bağlıdır. Novruz yalnız təqvim hadisəsi deyil; o, milli yaddaşın, kosmik harmoniyanın, təbiətlə insanın vəhdətinin ifadəsidir. Su çərşənbəsi isə həmin harmoniyanın ilk akkordudur. Sanki kainatın musiqili dünyasında ilk səs sudan gəlir – şırıltı, axar, təmizləyici, oyadıcı.

Xalq inanclarında deyilirdi ki, bu gecə sular dayanır, özünü təzələyir, sonra yenidən axmağa başlayır. Bu mifoloji təsəvvür əslində insanın öz daxilində baş verən yenilənmənin bədii obrazıdır. İnsan da dayanır, düşünür, keçmişin tozunu çırpır, sonra yeni ümidlərlə yoluna davam edir.

Su çərşənbəsi axşamı həyətlərdə ocaq qalamaq adəti digər çərşənbələrlə müqayisədə daha sadə olsa da, burada da su ilə odun vəhdəti diqqəti çəkir. Türk düşüncəsində dörd ünsür – su, od, torpaq və yel – kainatın əsasını təşkil edir. Su çərşənbəsi bu dördlüyün başlanğıcıdır. Əgər od insanın iradəsini, torpaq sabitliyi, yel hərəkəti təcəssüm etdirirsə, su mərhəməti, şəffaflığı və həyat enerjisini simvolizə edir.

Kəndlərdə bu axşam bulaqların başında suya xitabən niyyət tutulardı. Gənc qızlar, oğlanlar axar sudan götürər, evə aparıb ailə üzvlərinin üstünə çiləyərdi ki, il boyu evdə ruzi-bərəkət, sağlamlıq olsun. Bu, həm ritual, həm də sosial birlik aktı idi. Su insanları bir araya gətirir, ortaq inam ətrafında birləşdirirdi.

 Bu gün texnoloji sivilizasiyanın sürətli axını içərisində yaşasaq da, Su çərşənbəsinin mənəvi mahiyyəti öz aktuallığını itirməyib. Əksinə, ekoloji çağırışların artdığı bir dövrdə suyun müqəddəsliyi daha dərindən dərk olunur. Qlobal iqlim dəyişmələri, su ehtiyatlarının azalması fonunda əcdadın “suya hörmət” fəlsəfəsi yeni məzmun qazanır. Bu, sadəcə adət-ənənə, folklor elementi deyil, bu həm də ekoloji etikadır, sirkulyar iqtisadiyyat paradiqmasıdır.

Bir qədər romantik publisistik baxışla yanaşsaq, Su çərşənbəsi milli kimliyimizin poetik manifestidir. O, bizi kökümüzə bağlayır, tarixi yaddaşı oyadır, mənəvi koordinatlarımızı bərpa edir. Suyun şəffaflığı kimi düşüncəmiz də saflaşmalıdır.

Axar su kimi cəmiyyət də durğunluqdan çıxıb hərəkətə gəlməli, inkişaf etməlidir.

Çərşənbə  axşamı yenə də suların, bulaqların səsi eşidiləcək. Bəlkə şəhər mühitində o qədim ritualın bütün çalarlarını görməyəcəyik. Amma hər birimiz daxilimizdə bir su saflığı, suyun həzin şırıltısını hiss edə bilərik. Bu yenilənmək, bağışlamaq, təmizlənmək istəyidir. Çünki Su çərşənbəsi yalnız təqvimdə bir gün deyil; o, ruhun dirçəliş çağırışıdır.

Gəlin bu çağırışı eşidək. Axar suyun aynasında özümüzə baxaq. Keçmişin tozunu, kinini, kidurəyini, qəmini, dərdini yuyub gələcəyə ümidlə addımlayaq. Çünki bahar artıq həyətimizdə, həyatımızda, qapımızda, evimizdədir. Bahar özünün ilk salamlarını da bizlərə suyla göndərir.

SAF SU KİMİ OLUN!

BAHARINIZ XOŞ GƏLSİN!

SUYUNUZ BOL, ÇƏRŞƏNBƏNİZ MÜBARƏK OLSUN!!!

Əlövsət Qaraca ƏLİYEV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!