Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/10
Aprelin 14-də “Alov qüllələri”nin (“Flame Towers”) kino pavilyonunda Türkiyə istehsalı olan “Öteki Yüz – Kilis” filminin Qala gecəsi keçirildi.
Gecəyə filmin yaradıcı heyəti, filmin icraçı prodüseri Yalçın Çobanın Bakıdakı tələbələri (Çoban Yıldızı Film Akademiyasının), Türkiyə və Azərbaycandan məşhur şəxslər, sənət adamları, media və ictimaiyyət nümayəndələri təşrif gətirmişdilər.
Xəbər verdiyimiz kimi, “Öteki Yüz – Kilis” filmin baş rollarından birinə azərbaycanlı aktyor Şahin Cavadov çəkilib.

Layihənin rejissoru İbrahim N. Bülbül, ssenari müəllifləri isə Ayşe Gül Varçin və İbrahim N. Bülbüldür.
“Defne Yapım” istehsalçı şirkəti tərəfindən lentə alınan filmin prodüseri Hasan Arslandır.
Filmdə bir çox filmlərdə və seriallarda rol alan məşhur simalar, o cümlədən Azərbaycanda da sevilərək izlənilən və zamanında böyük səs-küyə səbəb olan “Kurtlar Vadisi Pusu”nun Zülfikar ağası – Halil İbrahim Kalaycıoğlu, Raskoln xarakterini canlandıran Selahattin Bel, eyni zamanda Halil Yırtıcı, Sezen Naz Soylu, Eva Faraj, Ayhan Işık, Emrah Doğan, Erdal Çapanoğlu, İmren Çapanoğlu, Nailya Amanova, Mesut Bilişik, Abil Sevidov kimi sevilən aktyorlar rol alıblar.

Filmin nümayişindən öncə səhnəyə dəvət edilən “Öteki Yüz – Kilis”in prodüseri Hasan Arslan, ssenari müəllifi Ayşe Gül Varçin, Halil İbrahim Kalaycıoğlu, Selahattin Bel və digər aktyorlar çəkiliş prosesindən danışdılar, yaradıcı heyətə təşəkkürlərini bildirdiər. Hasan Arslan və Halil İbrahim Kalaycıoğlu Azərbaycanı tez-tez ziyarət etdiklərini, çoxlu dostluq əlaqələri qurduqlarını və ölkəmizi ikinci vətənləri kimi sevdiklərini dilə gətirdilər.

Daha sonra qonaqlar tamaşaçılarla birlikdə filmi izlədilər.

Qeyd edək ki, film Türkiyənin sərhəd şəhərlərindən biri olan Kilisdə çəkilib. Filmdə baş verən hadisələr Kilis küçələrində doğulmuş bir hekayədir… Amma bu, sadəcə bir mafiya hekayəsi deyil.
O insanların özlərində gizlətdiyi ikinci həyatdan bəhs edir. Bu serialın məqsədi qan tökmək deyil, həqiqəti göstərməkdir. Çünki bəzən ən təhlükəli şey güllə deyil, həqiqətin özüdür. Çəkiliş prosesində Kilis əhalisinin göstərdiyi güclü maraq və dəstək istehsal qrupu tərəfindən xüsusilə vurğulanan elementlər arasındadır. Filmdə Kilisdən bir çox insan iştirak edib və bəzi yerli aktyorların performansı diqqətəlayiq olub. Bu vəziyyət layihəyə təbii realizm qatmaqla yanaşı, yeni aktyorların kəşfi üçün də imkanlar yaradıb.
Real hadisələrə əsaslanan və bugünkü dünyanın görünməyən tərəflərinə yönəlmiş “Öteki Yüz – Kilis” layihəsi kinoteatrlarda xüsusi nümayişləri ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə diqqət cəlb etməyə başlayıb. Güclü hekayəsi və real atmosferi ilə geniş auditoriyaya tez bir zamanda çatan layihə uzunmüddətli bir serialın ilk addımı kimi təqdim olunur. Layihə müasir dünyanın görünməyən üzünü, fərdlər və sistemlər arasındakı mürəkkəb münasibətləri və cəmiyyətləri fərqli bir perspektivdən formalaşdıran hadisələri çatdırmağı hədəfləyir.
“Öteki Yüz – Kilis” bugünkü dünyada siyasi, sosial və təhlükəsizliklə bağlı inkişafların fonunu araşdıran bir hekayə təqdim edir.
Film (“Öteki Yüz – Kilis”) Türkiyə və Azərbaycan arasında kinematoqrafiya sahəsində inkişaf edən əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur. Azərbaycanlı aktyor Şahin Cavadovun layihədə iştirakı türk dünyası arasındakı mədəni əlaqələri əks etdirən mühüm element kimi seçilir.
İstehsalçılarının açıqlamalarına görə, uzunmüddətli bir serial olaraq planlaşdırılan film, tək bir layihə ilə məhdudlaşmır, gələcəkdə yeni hekayələr və beynəlxalq personajlarla-xarakterlərlə genişlənəcək.
Onu da əlavə edək ki, Azərbaycanda bu filmin kinoteatrlarda ilk nümayişi sabah – aprelin 16-da başlayacaq.



JASMİN