Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

II Dünya müharibəsi qurtardıqdan sonra keçmiş Sovet İttifaqının başqa respublikalarında oduğu kimi, Azərbaycan ədəbiyyatında da ideya məzmununun istiqaməti və tematika baxımından müharibə mövzusu hələ də davam edir, daha doğrusu, özünün analitik bədii təhlil mərhələsinə qədəm qoyur. XX əsr Azərbaycan ədəbiyatını daha böyük diapazonlu, dolğun kompozisiyalı, geniş əhatə dairəsinə malik povest, roman və poemalarla zənginləşdirən yeni bir dövr başlanır.
Poeziya sahəsində müharibə mövzusu daha intensiv və sistemli ardıcıllıqla işlənməklə hələ müharibə illərində başlanıb artıq müəyyən ənənəsi mövcud olan xüsusi inkişaf yoluna malik idi. Daha çevik və operativ janr sayılan poeziya Səməd Vurğunun məşhur “Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən” misraları ilə başlanan mövzu hələ müharibənin ilk günlərindən Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Məmməd Rahim, Əhməd Cəmil və s. şairlərin yeni-yeni əsərləri ilə zənginləşməyə başlamışdı. Daha çox mənəvi hərbi sursat rolunu oynayan – döyüşçüləri və ümumiyyətlə vətəndaşları səfərbər edib ruhlandırmaq məqsədi güdən bu şeirlərin yarandığı dövrdə vaxtın darlığı, gərginliyi və dinamikliyi baxımından xüsusi analitik bədii təhlilə o qədər də imkan olmadığından onlardakı şüarçılıq, tribunluq və zahiri pafosla əlamətləndirilən poetik ifadə tərzi aparıcı mahiyyət daşıyır, müharibə dörünün faciə və təzadlarını əks etdirən epik poemaların yaranması isə özünün xüsusi mərhələsini gözləyirdi.
Müharibədən sonra, xüsusən 1947-48-ci illərdə artıq ilk əlamətləri hiss edilməyə başlayan ideya-bədii keyfiyyət dəyişiklikləri poeziyada hansı konkret cəhətləri özünü büruzə verirdi? Poeziyanın inkişafı hansı problemlərdən keçir və ədəbiyyatın qarşısında nə kimi problemlər qoyurdu. 1945-55 – ci illər mərhələsi poetik axtarışlar yollarında hansı konkret keyfiyyətlərlə poeziyanın əvvəlki dövrlərindən fərqlənir və ya onu yaradıcı şəkildə davam etdirirdi?
Mövzu və ideya məzmunu etibarilə bu ümumilik və onun daxilindəki xüsusi istiqamətlər hələlik eyni ideoloqiyaya xidmət etməklə, “ümumsovet” ədəbiyyatının ab-havası ilə nəfəs alır, onun məlum və zəruri atmosferindən kənara çıxa bilmirdi. Bir tərəfdən 1930-cu illər represiyasının və az qala bu represiyanı tamamlayan müharibə qanunlarının xofu, o biri tərəfdən döyüşlərdə müxtəlif səbəblər üzündən əsir düşüb qələbədən sonra düşərgələrin dəmir məngənəsindən çıxıb onları gözləyən bütün təhlükələrə baxmayaraq vətənə can atan əsgərlərin kütləvi sürgünü haqqında verilən fərmanlar cəmiyyətin başqa sahələrində olduğu kimi ədəbiyyatın da arzu olunan dərəcədə əl-qol açmasına, mövcud məzmun və ideya məhdudluğu dairəsini yarmasına imkan vermirdi. Hələlik qələbənin təntənəsini tərənnüm etmək, bərpa və quruculuq illərinin vüsətini əks etdirməklə yanaşı, poeziya “geniş sosializm quruculuğu” dövrünün aydın səmasını, geniş üfüqlərini öz bəlağətli misraları ilə bir az da aydınlaşdırıb işıqlandırır, hərdən təbiət və məhəbbət lirikasına üz tutmaqla müəyyən təsəlli axtarırdı. Yüksək səviyyəli dövlət strukturları, yaradıcılıq təşkilatları və onlarla həmahəng nəfəs alan ədəbi tənqid isə ədəbiyyatın, o cümlədən poeziyanın qarşısında yeni siyasi-ictimai tələblər qoymaqla “həyat həqiqətinə dərindən yiyələnmək”, “əbədi sənətkarlığa diqqəti artırmaq” amilini də unutmurdu. Azərbaycan Yazıçılar İtifaqının müharibədən bir az sonra 1946-cı ilin may ayında keçirdiyi şeir konfransında da və bu konfransda “Azərbaycan Sovet şeirində lirika” mövzusunda məruzə edən Məmməd Arifin mülahizələrində də məhz bu məsələlər ətrafında söhbət gedirdi. Məmməd Arif həmin məruzə əsasında hazırladığı “Lirika” məqaləsində vaxtında və haqlı olaraq belə bir mülahizəsini də bildirməyi zəruri hesab edirdi ki, “Sovet gəncləri Avropanı yaxından görüb qayıtmışlar. Onlar çox şey görmüş, çox şey hiss etmişlər. İndi onların çoxlarının sinəsi şairlərə məxsus coşğun hisslərlə doludur. Bu oxucular ağla və hissə həqiqi qida, ideya verən əsərlər tələb edirlər, həqiqi, yüksək sənət əsəri istəyirlər, həqiqi və səmimi hiss və ehtiraslardan doğan, insanın böyük duyğularına təsir edən, onun fikrini və hissini ələ alan, zehninə hakim olan əsərlər gözləyirlər, dəbdəbəli və gurultulu sozlərlə oxucunu küyə basmayan, əksinə, hər misrasında bir hikmət oxunan, sənətkaranə təşbeh və məcazlarla öz şairanə ağıl və kamalına inandıran lirik şeirlər eşitmək istəyirlər” [1, 160]. Bunun ardınca Azərbaycan K (b) P MK-nın 1948-ci il 22 avqust tarixli qərarı da “sovet adamlarının yüksək əxlaq və mənəviyyatını əks etdirmək” məsələsini ön plana çəkirdi. Bu qərardan sonra bir-irinin ardınca meydana çıxan Səməd Vurğunun “Avropa xatirələri” şeirlər silsiləsi, “Leninin kitabı”, “Zəncinin arzuları”, “Zamanın bayraqdarı”, “Muğan”, Rəsul Rzanın “Lenin”, Süleyman Rüstəmin “İki sahil”, “Sülh nəğmələri”, “Qaraqumun ağ günü”, “Qafurun qəlbi”, Məmməd Rahimin “Leninqrad göylərində” poemaları, Əhməd Cəmil, Zeynal Xəlil, Milvari Dilbazi, Osman Sarıvəlli və s. şairlərin bir sıra şeirləri mövcud dövrün poeziyasının məhsuldarlığından xəbər verirdi. Bütövlükdə bu əsərlərin hamsında və hər birində ayrılıqda partiya qərarının və elmi-ədəbi konfransların vacib və zəruri tövsiyələrinin mahiyyətindən asılı olmayaraq istedadın dərəcəsinin, onun ideya-bədii göstəricilərinin nəticəsi kimi müxtəlif səviyyəyə malik poeziya nümunələri üzə çıxırdı. Hər şeydən əvvəl Azərbaycan poeziyasında artıq 1950-ci illərə doğru bu vaxta qədər daha çox zahiri əlamətlərdə müşahidə edilən bir qayda olaraq fikrin deyil, məhz sözün yaratdığı pafosun daxili məna dərinliyinə keçməsi prosesi diqqəti cəlb edir. Bu cəhət Səməd Vurğunun bir sıra şeir və poemalarında, xüsusən “Avropa xatirələri” silsiləsində və “Muğan” poemasının bəzi fəsillərində daha aydın şəkildə müşahidə olunur. Dövrün siyası-ictimai tələblərindən doğan kapitalizm-sosializm, kapitalist-kommunist bölgüləri “Avropa xatirələri” silsiləsində də hiss edilsə də, şair yeri gəldikcə imkan daxilində özünəməxsus poetik düşüncələrə də müəyyən yer verir, fikrini daha çox poeziyanın ümumiləşdirilmiş obrazlı müqayisə və qarşılaşdırılmaları ilə ifadə etməyə çalışır. Bəzən eyni şeirin müxtəlif bəndlərində, bəzən də eyni silsilədən olan və bir-birinin ardınca yazdığı iki şeirdə ritorik pafosun daxili məna dərinliyi ilə əvəz olunması prosesi müşahidə olunur. “Ziyafət” şeirində nəzərə çarpan qarşılaşdırma və inkarçılıq şairin daha çox əvvəlki şeirlərində olduğu kimidir. Bunun ardınca gələn “Marksın qəbri üstündə” şeirində isə həmin ritorik pafosu fikir və mənanın obrazlı poetik ifadəsi əvəz edir:
Yeri-göyü ana kim basıb bağrına –
Hər çiçəyə, hər yarpağa ürək açarmış.
Çaxan şimşək qılıncını qoyanda qına,
Onun fikri qaranlığa işıq saçarmış [2-186].
Dörd misralıq bu parçadakı bütün misralar müxtəlif səciyyəli bənzətmə və metaforolardan ibarət olduğuna görə ümumilikdə şeirə xususi bir əlvanlıq gətirir. Belə poetik misralar həmin silsilənin başqa nümunələrində get-gedə artaraq müəyyən sistem təşkil edir, şeirlərin obrazlı ifadə gücü dəyişdikcə forması da dəyişir, əlvanlaşır:
Oder çayı dolanmışdır gümüşü bir kəmər kimi
Vrotslavın gövdəsinə;
Şırıl-şırıl göy ləpələr axdıqca nəğmələr kimi,
Heyran olur öz səsinə,
Ağaclarda kölgə salır
Bu saf suyun aynasına
Könlüm-gözüm heyran qalır
Su üstdəki ehdişamın….
Min ulduzlu bir axşamın
Ürək açan mənasına [2-191].
“Avropa xatirələri” silsiləsi ilə Səməd Vurğun yaradıcılığının müəyyən dönüş mərhələsi, orijinal poetik axtarışlar dövrü başlanır. Janr özünəməxsusluğu, forma əlvanlığı, metaforik ifadə tərzi bu dönüşü əlamətləndirən əsas xususiyyətlərdəndir. Analitik bədii təhlil üsulu ilə ifadə edilən daxili pafos həmin dövrdə Cənub mövzusunda yazılmış əsərlər içərisində Səməd Vurğunun “Körpünün həsrəti” şeirində daha qabarıq şəkildə meydana çıxır ki, bu da, şübhəsiz, fitri istedadın dərəcəsi və poetik səviyyənin hüdudsuzluğu ilə bağlıdır. Şair bu əsərində elə bir hüznlü və həsrətli bədii lövhə yaradır ki, oxucu uzun müddət onun təsirindən çıxa bilmir:
Kim bilir, kim bilir nə vaxtdan bəri,
Bir insan keçməyir bu daş körpüdən.
Elə bil yol çəkir onun gözləri,
Fəqət nə gələn var, nə də bir gedən…[2, 210].
Şeiri tamamlayıb ona yekun vuran bu misralar “Araz qırağında dayanan qatar”dan həssas bir şairin müşahidə etdiyi ürək ağrıdan mənzərəni son dərəcə təsirli ifadə etməklə, müharibədən sonrakı Azərbaycan poeziyasında baş verən ideya – bədii keyfiyyət dəyişikliklərinin əsas bir cəhətini daxili pafosun, analitik bədii təhlil üsulunun səciyyəsini də müəyyənləşdirir. Ədəbiyyatşünas Qurban Bayramov, Səməd Vurğun sənətinin bu cəhətini belə səciyyələndirir: “həyatın poetik, fikri bədii dərk Səməd Vurğun şeirində qanadlı fikirləri, güclü ehtirasları, zamanın qabaqcıl meyllərinə, mütərəqqi ideallarına hissi-rəğbəti daha da qüvvətləndirir” [3-122]. Belə daxili ənənəvi poetik təhlil üsulu Səməd Vurğunun bir az sonra yazacağı “Şair, nə tez qocaldın sən”, “Unudulmuş tək məzar” kimi poeziyamızın qızıl fonduna daxil olan yeni mahiyyətli şeir üsuluna keçid üçün hazırlıq mərhələsi rolunu oynayır.
1945-50-ci illər poeziyasında ideya-bədii keyfiyyət dəyişikliklərdən danışarkən ikinci əsas cəhət olaraq şeirdə daxili bir ünsür kimi formalaşmağa başlayan fikrin ifadəsindəki konkretlik, ritorik pafosun poetik detallarla əvəz edilməsi prosesi haqqında xüsusi bəhs açmaq lazım gəlir ki, “Körpünün həsrəti” şeiri bu baxımdan həmin cəhətləri özündə əks etdirən ilkin nümunələrdəndir. Ancaq poeziyamızda bu cəhət birdən-birə formalaşmadığı kimi, onun ritorik pafosla parallel şəkildə yanaşı fəaliyyəti də uzun müddət davam etmişdir. Bu paralellik bir çox hallarda eyni əsərin müxtəlif hissə və parçalarında, misra və bəndlərində özünü göstərir, biri o birini üstələyir, ancaq tamamilə aradan götürülmür və bu da təbiidir. Çünki, zamanın diktəsi, dövrün konkret tələbləri istər ideyaya, istərsə də bu ideyanın bədii ifadəsinə təsirsiz qalmır poeziyada vəsf və tərənnüm ruhu hələ də üstünlük təşkil edir. Elə Səməd Vurğunun özünü “Leninin kitabı”, “Zəncinin arzuları”, “Muğan”, xüsusən “Zamanın bayraqdarı” poemalarında mövzunun istiqaməti, ideya-məzmunun mahiyyəti və səciyyəsi bəzən bədii mühakimə bəzən də poetik ifadə üsulunun tələblərinə uyğunlaşmalı olur. “Leninin kitabı” və “Bakının dastanı” poemalarında mövzunun konkret tələbləri vəsf və tərənnüm üsulunun daxili mahiyyətinə uyğun olaraq hələlik patetik ifadə vasitələrindən birdən-birə uzaqlaşmaq mümkün olmadığı kimi zəruri də hesab bedilmir. Ancaq buna təşəbbüs və sənətkarlıq səyi hər iki poemanın elə ilk bəndlərindən özünü göstərməyə başlayır:
Özüm də bilmirəm bu axşam nədən,
Şeirdən, sənətdən uzaq kimiyəm.
Fikirlər karvanı keçir gözümdən,
Fəqət yazılmamış varaq kimiyəm.
Səyyar bulud kimi dolaşıram mən,
Ağlımın göyləri naxış-naxışdır.
Bəlkə də ilhamdır məni gəzdirən?
Bəs niyə körpə tək dil açmamışdır? [4-429]
(“Leninin kitabı”)
Daha sonra fəsillər dəyişdikcə fikrin ifadə vasitələri də onların məzmununa uyğun olaraq dəyişir;
Fəqət natamamdır o böyük kitab,
Onun son varağı hələ dümağdır.
O böyük dastanı qurtaracaqdır,
İnqilab! İnqilab! Yalnız inqilab!
və ya
Elə bil dünyaya gəldim yenidən,
Ayrıldım o səhər xəyallarımdan.
Leninə hörmətlə baş əydikcə mən,
Dayandı qarşımda böyük bir cahan [4-435].
Belə paralellik, yanaşı mövcudluq, şairin sənət tələbləri hesab edilən və bir çox vəziyyətlərdə mövzunun çərçivəsini yarıb kənara çıxan misra və bəndlərlə zəngin “Zəncinin arzuları” və “Muğan” poemalarında da aparıcı mahiyyət daşıyır. Bu təbii proses 1945-55-ci illər poeziyasının inkişafını, onun doğurduğu konkret problemləri daha əyani şəkildə nümayış etdirir. Əsas problem isə ritorik pafosdan uzaqlaşmaq yollarında qarşıya çıxan vəsf və tərənnüm üsulunun yaratdığı əngəlləri adlamaq üçün dramatik ifadə üsulunu, bədii mühakimə, fəlsəfi poetik ümumiləşdirmə amillərinin yaratdığı imkanlardan istifadə, dialoq və detallar vasitəsilə fikrin konkret ifadə tərzinə qovuşmaq, təşəbbüslərində meydana çıxır. Ancaq orasını da nəzərdən qaçırmaq düzgün olmazdı ki, dövrün, konkret tarixi-ictimai mərhələnin qarşıya qoyduğu həmin problemləri Səməd Vurğun hələ bu mərhələni xeyli əvvəl özünün “Komsomol poeması”nda həll etməyə başlamışdı və 1945-55-ci illərin ədəbi ab-havası onu varlığında mövcud olan bu potensial imkanları üzə çıxartmağa yenidən həvəsləndirmişdi. Haqqında söhbət gedən iki poemada artıq bu amillərin konkret nümunələrini müşahidə edirik.
Ədəbiyyatşünas Məsud Əlioğlu “Zəncinin arzuları” poemasından danışarkən poeziyada daha çox 60-cı illərin əvvəllərində formalaşacaq milli-mənəvi problemlərin hadisələrin yerini dəyişmək, onları başqa mühitə köçürtmək yolu ilə ifadəsi üsuluna işarə edərək hələ 1961-ci ildə yazırdı: “Şair göstərmək istəyir ki, artıq yer kürəsinin hər tərəfində sadə insanlar ayağa qalxmışlar. Onlar həqiqi azadlıq və hüquq bərabərliyi istəyirlər, haqqın və ədalətin güclü nəfəsi altında rəzalət və fitnəkarlığın qorxunc kabusu əriməkdədir….” [5-187]. Belə ifadə üsulunu şairin “Ölüm kürsüsü”, “Ziyafət”, “Rəssamın son əsəri” və s. əsərlərinə də aid etmək olar.
Səməd Vurğunun bu poemaları həm də dramatik ifadə tərzi ilə şair təhkiyəsinin yanaşı, bəzən də bir-birinə qovuşaraq birinin o birini tamamlamaq səciyyəsini nümayiş etdirir. İdeya məzmununun mahiyyəti ilə əsasən azadlıq ruhunun tərənnümünə həsr olunan və bunu Amerika zəncilərinin tipik bir nümayəndəsinin timsalında ümumiləşdirən “Zəncinin arzuları” poeması şairin “Ölüm kürsüsü” əsəri kimi konkret və dramatik bir vəziyyətin təsviri ilə başlanır:
O, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,
Çatıb qara qaşlarını fikrə getdi o bir anlıq;
“Salon heyrət içindədir”, Sükut edir başdan-başa”.
Qara zənci kürsüdədir ona min göz baxır yerdən”…[4-359]
Ancaq bundan sonrakı məzmunca və vəzncə dəyişən hissədə şairin ifadə üsulu da birdən – birə dəyişir,dramatik vəziyyəti aparıcı personajın daxili monoloq səciyyəli nitqi əvəz edir:
…Yüz həvəsə düşüb bəzən
Səyahətə çıxıram mən.
Deyirəm ki, öz firçamla
Rəng toplayım çiçəklərdən.
Gəzim vətən torpağını;
Payız düşüb saraltmamış
Ağacların yarpağını [4-360].
Daha sonra bu daxili monoloq özünün kulminasiya səviyyəsinə qalxdığı zaman onun məzmunu da, forma və vəzni də emosionallaşır və yenidən müəllif təhkiyəsinin dramatik səciyyəsilə əvəz edilir. Bu əsər artıq istər ideya istiqaməti, istərsə də poetik ifadə konkretliyi və ritorik pafosun daxili-mənəvi səciyyəsi ilə reallaşma yollarında gedən ədəbi prosesin 1945-55-ci illərin poetik məhsuludur. Bundan sonra gələn və eyni dövrün ədəbi nümunəsi kimi səciyyələnən “Muğan” poeması ilə müəllif təhkiyəsinin üstünlüyü ilə seçilsə də, dramatik vəziyyət və dialoqlarının mahiyyəti etibarı ilə ümumi inkişafın növbəti mərhələsini təşkil edir. Ümumiyyətlə, poeziyamızın inkişaf meylləri baxımından Səməd Vurğunun əsərləri, xüsusən poemaları özünü həm ideya məzmunu, həm də forma xüsusiyyətləri ilə sadədən mürəkkəbə doğru gedən inkişaf problemlərinə malikdir. Bu həm də eyni, vahid yaradıcılıq, daxilində ümumilikdə poeziyamızın ikişaf problemlərini özündə cəmləşdirən xüsusi bir ədəbi mərhələdir. Şair sanki hər hansı bir poemanı yaradarkən onun bədii səciyyəsinin müstəqilliyini qorumaqla, eyni zamanda növbəti poeması üçün hazırlıq prosesini yaşayır “Komsomol poeması”ndan “Muğan”a və “Muğan”dan sonrakı “Aygün”ə qədər. Yeri gəlmişkən, orasını da qeyd edək ki, “Muğan” poemasının ilk dəfə çap edildiyi dövrün mətbuatında bu əsər haqqında yazılan məqalələr içində onu poeziyamızın inkişafında oynadığı rolu əsasən düzgün: qiymətləndirən fikirlərlə yanaşı, bəzən qeyri-obyektiv və uyğunsuz mülahizələrə də təsadüf edilir: “Muğan dedikdə müəllif Muğan haqqında hər şeydən danışmağa məcbur olmuşdur, hətta yeri gəldikcə Muğanın uzaq və yaxın keçmişinə də qısa bir səyahət etmişdir. Buna görə də müasir insanların həyat və fəaliyyətinə, yaradıb quran əməyinə həsr edilmiş nəğmələri gözlənilən qədər hərtərəfli və geniş çıxmamışdır” [6-153]. Dövrün ədəbi tənqiddə hələ də davam edən vulqar-sosioloji mahiyyətindən irəli gələn bu qənaətə qısaca belə cavab vermək mümkündür ki, “Muğan” poemasının yüksək poetikliyini və ideya istiqamətini, dolğunluğunu təmin edən ən səviyyəli məqamlar ondakı məhz “Muğan”ın uzaq və yaxın keçmişinə həsr edilən həmin səhifələrdə özünü büruzə verir. “Muğan” poemasında artıq “Aygün” əsərinin epik-dramatik elementləri mövcuddur, mövzu, məzmun və bəzi forma xüsusiyyətləri ilə də “Aygün”, “Muğan” poemasının davamı kimi səslənir. “Muğan”da hələ ilk təməlləri atılan, özülü qoyulan bir şəhər “Aygün”də yaşıllığa bürünmüş bütöv bir mahala, bütöv bir təcrübə poliqonuna çevrilir. Səməd Vurğunun əvvəlki poemalarında tez-tez təsadüf edilən dramatik elementlər, ayrı-ayrı vəziyyətlərdə nəzərə çarpan konkret detallar müharibədən sonrakı dövr yaradıcılığında xüsusən “Muğan” və daha çox “Aygün” poemalarında sistemli yaradıcılıq istiqaməti kimi müəyyənləşir. Əlbəttə bu inkişaf bütün klassik şairlərdə olduğu kimi Səməd Vurğun yaradıcılığında da müəyyən ideya-bədii problemlərlə üzləşir və ümumilikdə nəinki milli poeziyanı, eyni zamanda keçmiş Ümumittifaq poeziyasının da qarşısında xüsusi problemlər qoyur. Fikrin konkret ifadə tərzinə meyl etməklə yanaşı poeziyada uzun müddət hökm sürən sözçülük və ritorik pafosdan tədricən uzaqlaşmaq, vəsf və tərənnüm üsulunda patetikadan xilas olmaq yolları, mübaliğə və şişirtmənin real, təbii poetik hadisə və detallarla əvəz edilməsi, birbaşa təsvirlərdə obrazlı düşüncə vəziyyətlərinə kecid mərhələsinin münasib bədii vasitələrini axtarıb tapmaq və s. belə zəruri problemlərdən idi və Səməd Vurğun öz yaradıcılığında bunun müəyyən nümunələrini verməyə çalışır.
Beləliklə,1950-ci illərə doğru şeirdə məzmun və ifadə konkretliyi, ritorik pafosun məna və fikir dərinliyi ilə əvəz edilməsi prosesi gücləndikcə bu ədəbi istiqamətin daşıyıcılarının sayı da artmağa başlayır. Artıq “yaşlı yazıçılar” adı ilə tanınan və ədəbiyyatda müəyyən təcrübə məktəbi keçən şairlərimiz xüsusi və fərdi üslubi istiqamətərdə birləşir, yanaşı fəaliyyət göstərirdilər. Bəzi şairlər bu istiqamətdə öz fərdi ifadə vasitələrində “yolüstü” dəyişikliklər etməyə, dövrün konkret bədii tələbləri ilə öz imkanları daxilində hesablaşmağa məcbur olurdular. Bununla da poeziyanın ümumi mənzərəsi xüsusi və fərdi cizgilərlə zənginləşir, məzmun və ifadə dairəsi genişlənirdi. Poeziyada müharibə mövzusu, bütün Ümumittifaq miqyasında olduğu kimi, bir tərəfdən kütləvi şəkildə sülh mövzusu ilə əvəz edilməyə başlayır, digər tərəfdən isə hələ də müstəmləkə vəziyyətində yaşayan xalqların azadlıq mübarizəsini tərənnüm edən əsərlər yaranırdı. Tarixi-milli problemlərin bədii həlli hələ lazımi şəraitini və imkanını gözləyir və bu vəzifə daha çox ədəbiyyata yenicə qədəm qoyan ədəbi nəslin öhdəsinə düşürdü. Poeziyanın fikir, məna və ifadə konkretliyi, ritorik pafosdan daxili pafosa dönüş mərhələsi hələ də davam edir, obrazlı poetik təfəkkür tərzinə keçid üçün hazırlıq prosesi hələ də hazırlıq dövrünü yaşayırdı. Bu hazırlıq dövrünün ayrı-ayrı əlamətləri isə hələlik daha çox Səməd Vurğun və Rəsul Rza yaradıcılığının bəzi nümunələrində, misra və bəndlərində təzahür edirdi. Səməd Vurğunun müharibədən sonra qələmə aldığı “Bakının dastanı”, “Leninin kitabı”, “Muğan”, “Aygün”, Rəsul Rzanın isə yenicə tamamladığı “Lenin” poemasında belə obrazlı təfəkkür tərzinə meyl bu və ya digər dərəcədə daha aşkar hiss edilir.
Vaqif Saleh oğlu Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun Ağcabədi filialı
