Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı tədbirlər keçirildi. Bu anım mərasimləri barədə hər kəs öz fikrini dilə gətirdi, tənqid edənlər də az olmadı. Xüsusilə, Niderlandda yaşayan bir gəncin — jurnalist Fikrət Hüseynlinin “Facebook” səhifəsində yazdıqları diqqətimi cəlb etdi. Hollandiyada Beynəlxalq Sülh Məhkəməsinin yerləşdiyini nəzərə alaraq, onun yazdıqlarının nə dərəcədə doğru olduğunu araşdırmaq qərarına gəldim. O yazırdı: “Vay o gündən ki, bir tədbir və ya məsələ barədə tənqidi fikir bildirəsən; təşkilat sədrləri dərhal deyəcəklər ki, xoşun gəlmir, gəl özün keçir”.
Bu gənclə əlaqə saxladım. Öyrəndim ki, o, uzun müddətdir Niderlandda yaşayır, oranın vətəndaşlığını alıb və “TIME TV”-də çalışır. Fikrət Hüseynli “Niderland-Azərbaycan Ana Vətən Qadınlar Birliyi” və “Niderland-Azərbaycan Türk Kültür Mərkəzi”nin keçirdiyi tədbirləri tənqid edib. Qeyd edim ki, bu gənclə yaxından tanışlığım olmasa da, hər iki təşkilatın sədrini tanıyıram və onlarla birgə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişik.
İlk öncə “Niderland-Azərbaycan Ana Vətən Qadınlar Birliyi”nin Amsterdamın Dam meydanında, açıq havada təşkil etdiyi tədbirə toxunaq. Belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir, çünki əcnəbi vətəndaşlar soyqırımı haqqında məlumatlanırlar. Lakin böyük çətinliklərlə ərsəyə gələn bu aksiyada iştirakçı sayının az olması məni məyus etdi. Görəsən, Niderlandda təhsil alan tələbələr, gənc ailələr belə tədbirlərə niyə qatılmır? Axı bu, Azərbaycanın tale yüklü məsələsidir. Bu ölkədə 30 mindən çox soydaşımız yaşayır və 30-a yaxın təşkilat fəaliyyət göstərir. 70-80 yaşlı xanımlar soyuq havada, saatlarla əllərində plakat tutub dayandığı halda, gənclərimiz onları əvəzləmir. Unutmamalıyıq ki, 34 il öncə gənclərimiz qadınları və uşaqları xilas etmək üçün özlərini ölümün pəncəsinə ataraq şəhid oldular.
Neytral mövqe nümayiş etdirərək tənqidçi Fikrət Hüseynliyə belə bir sualla müraciət etdim: — Siz bir gənc olaraq özünüz niyə bu tədbirdə iştirak etmirdiniz? Özünüzlə bir neçə gənc də gətirə bilərdiniz. — Əvvəllər hər kəs bu tədbirlərə könüllü qatılırdı, — deyə o cavab verdi, — baxmayaraq ki, bir nəfərin başqa şəhərdən gəlməsi 30-60 avroya başa gəlirdi. 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komitəsi vəsait ayırdıqdan sonra hərc-mərclik yarandı. Qruplaşmalar tədbirlərin yüksək səviyyədə keçirilməsinə mane oldu, incikliklər yarandı.
İndi isə “Niderland-Azərbaycan Türk Kültür Mərkəzi”nin keçirdiyi tədbirə keçək. Burada iştirakçı sayı çox olsa da, yenə yaşlılar gəncləri üstələyirdi. Mərasim abidə ziyarəti ilə başladı. Protokol qaydasına görə, abidə önünə əvvəlcə təşkilat sədri İlhan Aşqın, sonra Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım və xanımı, daha sonra Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazqan və ən sonda Azərbaycanın səfiri Məmməd Əhmədzadə gül dəstələri qoydular.
Fikrət Hüseynlinin tənqidinə İlhan Aşqın “protokol qaydası belə idi” deyə cavab verir. İlhan bəy ya protokol qaydalarını bilmir, ya da özünü səfirdən üstün hesab edir. Unudur ki, bütün səfirləri, o cümlədən Məmməd müəllimi cənab Prezident təyin edib. Heç kimə özünü dövlətin rəsmi nümayəndəsindən üstün tutmaq ixtiyarı verilməyib.
Məlumat üçün bildirim ki, həmin abidənin qoyulması üçün dövlətimiz tərəfindən 35 min avro ödənilib, 5 min avro isə vətənpərvər soydaşlarımız tərəfindən toplanılıb. İlhan bəy Türkiyə səfirini də, görünür, son anda dəvət edib, yoxsa o xanım matəm mərasiminə qırmızı yaylıqla qatılmazdı. Əcnəbilər belə anım günlərində qara libas və baş örtüyündən istifadə edirlər.
Tədbirdə insanların çox olmasını Fikrət bəy belə izah edir: Birincisi, Niderlandda Anadolu türkləri sayca çoxdur. İkincisi, bu dərnəklər bələdiyyələrdən subsidiya alaraq gələnlərin yol xərclərini qarşılayırlar. Həmçinin dərnəyin ofisi olduğu üçün yaşlılar oraya toplaşmağa vərdiş ediblər.
Ötən il həmin dərnəkdə Xocalı şəhidlərinə həsr olunmuş “Onlar heç vaxt böyüməyəcəklər” (63 uşaq haqqında) və “Xocalıdan gələn var” (106 qadın haqqında, holland dilində) kitablarımın təqdimatını keçirərkən xoşagəlməz anlar yaşadım. Uşaqlar haqqında kitabımı şəxsi vəsaitimlə, qadınlar haqqında olanı isə Dövlət Komitəsinin dəstəyi ilə nəşr etdirmişdim. Tərcüməni Gülnarə Əliyeva və holland Henri van Rens təmənnasız etmişdilər. Dərnək rəhbəri təqdimatın keçirilməsinə kəskin etiraz etdi. Yalnız səfirin müdaxiləsindən sonra tədbir baş tutsa da, tərcüməçilərə söz verilmədi və mövzuya aidiyyəti olmayan uzun bir film nümayiş olundu.
Bu il isə Azərbaycanın Türkiyədəki səfirliyinin dəvəti ilə Ankarada “Hardasınız, 13?” adlı kitabımın təqdimatı keçirildi. Bu tədbirin Türkiyə Böyük Millət Məclisində baş tutmasında millət vekili Şamil Ayrımın böyük rolu oldu. Onun Keçiörən bələdiyyəsindəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməməsini heç vaxt unutmayacağam. Ulu Öndər Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” fəlsəfəsi məhz belə təəssübkeş insanların çiyinlərindədir.
İnanıram ki, xaricdə yaşayan həmyerlilərimiz şəxsi incikliklərə son qoyaraq Xocalı şəhidlərinin ruhu naminə birlik nümayiş etdirəcəklər. Xocalıda ucaldılan Memorial Kompleks bir daha sübut edir ki, bu soyqırımı bütün dünya tərəfindən tanınacaq və layiqli hüquqi qiymətini alacaqdır.
Səriyyə Müslümqızı
