13 Mart 2026 / 16:09

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 17-ci HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda) 

https://tezadlar.az/tofiq-bayram-memmed-rahime-hemise-dede-deyerdi-omurden-yarpaqlar-gulxanim-feteliqizi-16-ci-hisse/

11 iyul – Gecə itlərin konsertinə qulaq asdınmı? – soruşdu Məmməd.

– Yox, yorğun idim, yatdım.

– Hayıf, çox şey itirdin.

Kənddə evimiz çiy kərpicdən olduğu üçün yayda sərin olur, eyvanımız isə əksinə. Soruşdum:

– Məmməd, otaq sərindir?

– Əgər eyvandan keçə bilsən otaq sərindir.

Təzədən suallarımı yağdırmağa başladım:

– Təkcə şeirdə yox, nəsrdə də yeni sözlər, ifadələr işlədirsən, hardandır onlar?

– Hansıdır o?

– Məsələn:  “Taleyin yoluna qəfil zəlzələ çıxana qədər”,  ifadəsi…

Sonra da əlimə düşən yarımçıq misralarını oxudum:

                     Düşünməyə macalım yox,

                     Gecə-gündüz mən işdəyəm.

                     Od içində, su içində,

                     Buz içində yürüşdəyəm.

Misraları təzədən mənə oxutdu, bir də təkrarlatdı:

 – Mənim ola bilməz – dedi.

14-15 iyul –  Eyvandan yenə həsrətlə dağlara baxıram. Məmməd də nə isə qaralamağa başlayıb, yəqin işləmək istəyir. Həmişə ayın 14-15-i ay bədirlənər, çinarların arasından balkonumuza boylanardı. Ay görünmədi.

Yenə də “solaxay” suallarıma başladım:

– Həmişə bu vaxtlar ay çıxardı, indi niyə yoxa çıxıb görəsən?

– Qocalmışıq deyə, ay da bizdən küsüb.

– Kişi dünyaya görəsən bir də gəlmək məsələsi düzdür?

– Çox “ağıllı” suallar verirsən, təklənmə, arvad!

– Gözəl cavabına təşəkkürlər. Niyə təklənmə dedin?

– Nə bilim, bir anlığa təsəvvürümə tənhalığını gətirdim, ürəyim sıxıldı. Çünki tənhalara hücumların sayı çox olur.

1989-cu ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş məqalədə belə bir birləşmə yazmışdı:

– “Hər yerdə səsi eşidilənlər birliyi” – yaratmaq.

Məqalədə söhbət İranda asılmış azərbaycanlılardan gedirdi. Sözarası mənə çatdırdı:

– Axırıncı dəfə Məhəmmədin bacısı oğlu bizi yoluxmağa gəlmişdi, ha. Burada “Savakın” adamları çoxdur. Gəlib gördü ki, xəstəyəm, həm də o söhbətlərə meyl etmədim, çıxıb getdilər.

Arada xatirələrimi ona göstərdim:

– Bax, nə yazmışam, yaxşı əsər alınacaq, dahiyəm, ha.

– Arvadlardan heç vaxt dahi olmur, çünki dahi olmağa onları mətbəx qoymur.

18 iyul – Xatirəsi:

– 1956 – cı il idi. Budaqla mən Ləzə kəndinin kənarında bulaq başında çadır qurmuşduq. Bizi orada gecələməyə qoymadılar, olmaz dedilər, qonaq saxlamağa yerimiz çoxdur. Evə apardılar. Qonaq qaldığımız evdə 100 yaşlı kişi vardı. Adına Ata deyirdilər. Beli əyilmiş bir arvad da gəlib bizimlə görüşdü. Qoca dedi ki, arvadıdır və   yaşda məndən böyükdür. Arvadın 100 yaşdan sonra dişləri çıxmışdı. Dişlər ağ sədəfə oxşayırdı. Ata adlanan qoca söhbətə başladı:

– Çar dövründə dəmir yolu çəkiləndə Bakıda işləyirdim. Məni vərəm tutdu, qayıdıb gəldim. Anam məni təmiz inək südünə tutdu, xəstəlik yoxa çıxdı, mən sağaldım. 100 il yaşadım. Südün qüdrəti çox böyükdür.

Mən də hər səhər süd içirəm, o söhbət yadıma düşdü, sənə danışdım.

26 iyul – Uşaqlar hələ yatırdı. Səhər dünənki verilişin təkrarı gedirdi. Veriliş ağdamlı Zeynal müəllimdən idi. Zeynal müəllim hamıdan çox Bəxtiyar müəllimlə yaxın idi. Soruşdum:

– Görəsən, Bəxtiyar müəllim də çəkilib? Zeynal müəllim gözüaçıq adam idi. Torpağın vurğunu olduğunu görmüşdüm. Turşsuda torpağı qucaqlayıb necə öpdüyünü  görmüşdüm. Belə adamları qorumaq lazımdır, – dedim

Düzdür, – təsdiqlədi Məmməd, – amma bizdə belə bir adət yoxdur.

Hə, o günlərimiz yuxu kimi keçdi, Zeynal müəllim indi xatirələrdə yaşayır.

29 iyul – Dünən Aqillə İsmayıl Şıxlı haqqında nə danışırdın?

– Heç, İsmayılın mənə qarşı hörmətindən danışırdım. Danışırdılar ki,  mənə dövlət mükafatı verilməyində onun rolu olub. O vaxt İsmayıl İttifaqın üçüncü katibi idi. Əməkdar incəsənət xadimi adına da məni o təqdim edib. Yazıçıların rəyasət heyətində Şamil Salmanov haqqında çox qəti çıxışı olub, onun haqqımda yazdığı qərəzli məqaləsini tənqid edib. Mənim və Səməd Vurğunun haqqında danışıb. Onun apardığı şeir dərnəyinə qəbul olunduğum gündən ta ömrünün axırına kimi, mənim haqqımda yaxşı fikirdə olub. Fikrini heç dəyişdirməyib.

İsmayıl müəllim Hüseyn Ariflə də dost idi. Hüseyn Arifin şeirlərini tez-tez “Azərbaycan təbiəti” juranalında verər, şeirlərindən misallar gətirərdik. Ona görə də Hüseynin redaksiyamıza vaxtaşırı yolu düşərdi.

Bir dəfə Hüseyn mənə zəng etdi ki, axşam bizə gəl, qaban ətindən yaxşı kabab verəcəyəm. Getdim, İsmayıl Şıxlı və İsaq İbrahimov da orada idilər. O məclisdəki söhbətlər yadımda deyil, ancaq Hüseyn Arifin oğlunu yadına salıb ağlaması yadımdan çıxmır. Kişinin elə göz yaşı tökməsini birinci dəfə görürdüm. İsaq İbrahimov ona çox misallar gətirdi, lakin əlavə etdi ki, bunlar təskinlik üçündür səni heç nə kiridə bilməz.

31 iyul – Sakit kənd gecələrində Məmməd yatmayıb  söhbət edərdi:

– Yadıma neçə illər bundan əvvəlki bir əhvalat düşdü. Mən və Tofiq Bayram Xasıgilə (Xasməmməd mənim qardaşımdır) düşdük. Xası bizi Xucbaladan aşağı bir kəndə apardı. Yaxşı bir məclis qurdular. Bağçada ot dizə qədər qalxmışdı. Təmiz havada oturduq. Həm Tofiq, həm də Xası içən idilər. Ay işığında səhərə qədər yatmayıb söhbət etdiyimiz yadımdadır. Cavan idik, qayğımız bir o qədər yox idi. Onda cavan şairləri tez-tez görüşə çağırardılar. Biz də elə ona görə getmişdik. Həmin görüşdən gözəl bir gecə yadigar qaldı bizə.

Yasamaldakı evimiz də yadımdan çıxmır. Ay işığında çinarların kölgəsi yataq otağımızın divarına döşərdi. Onda bilirdim ki, sən də yatmamısan, aya baxırsan…

Hə, keçdi yuxu kimi o günlər…

4-10 avqust – Səhər Aqilin qonaqları – Bayram Bayramovun qardaşı oğlu ailəsilə birlikdə  gəldilər. Həyətimizə daxil olan qonaqlar dilləndi:

– Aqilin xoşbəxtliyi bir də ondadır ki, qaynanası belə gözəl kənddəndir.

Aqil bildirdi ki, bu gün yenə qonağım olacaq. İradə etiraz etdi ki, evimiz qonaq qəbul edilməli ev deyil. Mən isə evi təriflədim:

– Bura bizim üçün bağ yeridir. Daimi yaşamırıq ki, hər cür şərait yaradaq. Bir – iki həftə qalıb, çıxıb gedirik, lap yaxşıdır.

Soyuq hava olsa da hamımız Qəçrəşə getdik. Qonaqlardan Adil Minbaşyev dedi:

– Bu süfrə gözəl və tarixi bir süfrədir ki, Məmməd müəllim başda oturub. İçək Azərbaycanın dahi şairi Məmməd Arazın sağlığına, valideynlərin sağlığına, onların sağlığına ki, sağlığında qiymətlərini bilmirik, adam elə bilir ki, belə də olmalıdır. Onları itirdikdə hiss edirsən ki, ölüm yavaş-yavaş sənə də yaxınlaşır.

13 avqust – Artıq təbiətdən şəhərin tüstülü havasına qayıtmışıq. Qardaşxan Əzizxanlı Məmmədə bildirdi ki, təbiətlə əlaqədar bir xeyriyyə cəmiyyəti təşkil etmək istəyirlər. İcazə versən, sənin də adını ora yazarlar. Onda nazirlikdən keçər.

Məsələni sonraya qoydular.

– Məqalələrini yazanda yenə də sənin maraqlı bir birləşmənə rast gəldim.

– Nə demişəm yenə?

– “Kəklik küsəyənliyi” ifadəsi təzədir.

– Hə, “Məhəbbətdə kəklik küsəyənliyi olmaz” misrasını, deyəsən, “Araz axır” poemasında işlətmişəm. Yazıçılar İttifaqında bir çoxlarına sual verdim ki, “Kəklik küsəyənliyi” nə deməkdir? Heç kim cavab verə bilmədi, Qasım Qasımzadədən qeyri. Əslində belədir:  Kəklik yuva qurub yumurtlayır. Əgər həmin kola insan nəfəsi, hənirtisi dəysə kəklik ora qayıtmaz.

Dostu İsa ilə söhbətində Məmməd bir də bu ifadəyə qayıtdı:

– Gülxanımdan başqa stoluma toxunan olsa, məndə də kəklik küsəyənliyi baş verir.

15  avqustBəxtiyar müəllimin 71 illiyi ilə əlaqədar “İstiqlal şairi”  adlı veriliş gedirdi:

– Bəxtiyar müəllimi tez-tez yada salırlar – dedim.

– Bəxtiyar müəllim məndən 10 yaş böyükdür, çox yazıb, yaxşı yazıb, gözəl də sənətkardır. Bir ağıllı fransız deyib ki, dahilik kəmiyyətdədir. O, özü də bilirdi ki, yalan deyir. Lakin hər-halda düz də deyirdi. Bir-iki əsərlə dahi olmaq olmaz. L.Tolstoy bir əsər yazsaydı Tolstoy olmazdı.

Hər-halda şərəfli keçmişin çox oğullarına bu günün pasportunu vermək olar. Sənət sarayının yaşı bəşərin yaşı qədərdir.

Sənət hamının anladığı, hamının deyə bilmədiyi qeyri-adilikdir. Hər bir sənətkarın öz yeri, öz yaradıcılıq yolu vardır…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!