Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Veysəl Şatıroğlu 25 oktyabr 1894-cü ildə Sivas vilayətinin Tenos (indiki Şarkışla) mahalında dünyaya göz açıb. Lakin talenin sınağı sonradan onu bu dünyaya baxmaqdan məhrum edib… Əfşar tayfasının Şatırlı nəslindən olan Veysəl uşaqkən görmə qabiliyyətini itirib. Özü bu haqda belə deyirdi:
“Çiçək xəstəliyinə yoluxmazdan əvvəl anam mənə gözəl bir paltar tikmişdi. Onu geyinib məni çox sevən bir qadına göstərməyə getdim. O, paltarı çox bəyəndi. Həmin gün yağçurlu-palçıqlı bir gün idi və evə gedərkən sürüşüb yıxıldım. Bir daha qalxa bilmədim. Çiçək xəstəliyinə tutulmuşdum… Çiçək xəstəliyi ağır idi. Sol gözümdə çiçək lezyonu əmələ gəldi. Və yəqin ki, sol gözümdəkinin şiddətinə görə, sağ gözümdə katarakt yarandı. O gündən bəri dünya mənim üçün həbsxana oldu”.
Uşaqlıqda keçirdiyi xəstəlik səbəbindən görmə qabiliyyətini itirməsinə baxmayaraq, o, sazı həyatının əsas hissəsinə çevirməklə xalqın məşhur ozanı olub.
Türk dünyasının şairi və ozanı olan Aşıq Veysəlin şeirlərində sevgi, birlik, vətənpərvərlik əsas yer tutur. O, eyni zamanda təbiət mövzularına da müraciət edib. Şairin “Uzun, incə bir yoldayam”, “Dostlar məni xatırlasın”, “Qara torpaq” kimi məşhur şeirləri türk ədəbiyyatında yer alıb. Bu şeirlər Türkiyədə həm xalq arasında, həm də məktəblərdə geniş yayılıb.
Aşıq Veysəl Türkiyədə aşıq sənəti ənənəsinin ən əhəmiyyətli nümayəndələrindən biri hesab edilir, belə ki, o, türk dilini ən sadə və ən güclü şəkildə istifadə edən şairlərdən biri hesab olunur. Şairin şeirləri Tarkan, Barış Manço, Güldən Qaraböcək, Selda Bağcan və s. əksər sənətçi tərəfindən mahnı olaraq səsləndirilib. Amerikalı elektrik gitara virtuozu Co Satriani 2008-ci ildə çıxardığı albomuna özünün bəstələdiyi “Aşıq Veysəl” adlı instrumental əsərini daxil edib.
Veysəl gənc yaşlarında olanda atası ona saz alır. Əvvəlvə başqa ozanların mahnılarını ifa etməyi öyrənən Veysəl 1933-cü ildə Əhməd Qutsi Tecer ilə tanış olur və sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır. Türk Aşıq Məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məhşurlaşmağa başlayır.
Türk mətbuatında və akademik məqalələrdə onun yaradıcılığı torpaq və həyat fəlsəfəsi kimi təsvir olunur. Yəni insan torpaqdan gəlir, torpağa qayıdır. Onun ən məşhur şeirlərindən biri – “Qara torpaq” məhz bu ideyanı özündə ehtiva edir.
Aşıq Veysəl türk xalq ədəbiyyatının ən böyük ozanlarından biridir.
Türk mətbuatına görə, o, sadəcə, şair yox, xalqın səsi və vicdanı kimi qəbul olunur. Sənətkar 1930–40-cı illərdə dövlət tərəfindən tanınmağa başlayıb.
…1973-cü il 21 martda ağciyər xərçəngindən dünyasını dəyişən Aşıq Veysəl elə doğulduğu kənddə dəfn edilib. Hər il 16-21 mart tarixləri arasında Şarkışlanın Sivrialan kəndində anım mərasimləri və Oxucu Festivalı keçirilir.
***
“Uzun İnce Bir Yoldayım” – Aşıq Veysəlin ən məşhur və ən fəlsəfi şeirlərindən biridir. Bu əsər, əslində, bir həyat metaforasıdır. Şeirdə “yol” – insan həyatıdır və insan həyatı uzun, incə bir yola bənzəyir. Bu yol – başlanğıcı bilinən, amma sonu qeyri-müəyyən olan bir səfərdir. Şeirdə “yol” – sadəcə, fiziki yol deyil. Bu yol – həyatın özü, insanın doğulub ölmə arası, zaman içində keçdiyi prosesdir. Yəni ömür – yoldur. İnsan – yolçudur. Şeirə görə insan – sabit deyil, daim hərəkətdədir. Və heç kim yerində qalmır, hər kəs gedir. Həyat isə incədir, kövrəkdir. Hər zaman hər şey dəyişə bilər, yəni elə anındaca… Amma bu həssas həyat həm də gözəldir.
Ən gizli məqam isə – “Sən nə qədər gedirsən get, yol səndən böyükdür”. Yəni insan kiçik, həyat isə böyük və axıcıdır. Əslində belədir – insan uzun, incə və geri dönüşü olmayan bir yolda sakitcə irəliləyir. Və nə qədər dursa da, yol onu özü ilə aparır. Sivaslı Aşıq Veysəlin həmin şeirinin bir parçasında deyildiyi kimi…
Uzun ince bir yoldayım
Gidiyorum gündüz gece.
Bilmiyorum ne haldeyim
Gidiyorum gündüz gece.
Dünyaya geldiğim anda
Yürüdüm aynı zamanda.
İki kapılı bir handa
Gidiyorum gündüz gece.
Düşünülürse derince
Uzak görünür görünce.
Bir zaman sonra gelince
Gidiyorum gündüz gece…
Zeynəb Əliqızı (Əli Yaşa)
