Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“…Güzgüyə baxanda, bütün yaşlarımı görmək istəyirəm”
Bugünkü qonağımız fərqli qadınlardandır – dünyaya baxışı, həyatdan gözləntiləri, xoşbəxtlik barədə düşüncələri ilə…Xəyallarının ardınca uzun və çətin yol gələn, uşaq ikən böyüyən, qanqallar üzərindən ayaqyalın keçərkən batan tikanlara “uf” deməyən, yıxılanda sıyrılan dizlərinə baxmayaraq yürüyən, göynəyən qəlb yarasına “sus” deməyə güc tapan və hər zaman insanlara gülümsəməyi bacaran bir aktrisa, həm də uğur hekayəsini öz əlləri ilə yazan möhtəşəm qadın – Sebahat Adalar!
II HİSSƏ
I -HİSSƏ linkdə:https://tezadlar.az/aktrisa-sebahat-adalarin-umidsiz-qadinlara-isiq-olacaq-heyat-hekayesi-musahibe/
-Çəkiliş meydançalarında bəzən hər hansı bir səhnəni təkrar-təkrar lentə alırlar, yəni rejissorlar ürəyi istəyən nəticəni əldə etməyə çalışırlar. Yəqin ki, bu da aktyorları yorur…
-Mən Boluda bir filmə çəkilirdim. Bəlkə də yerdə bir metr qar vardı. Gecə yağan qarı rejissor daha fərqli, daha gözəl gördü və təkrar-təkrar lentə aldırdı. Onun fikrincə, hər yağan qar əvvəlkindən daha gözəldi… On dəfəyədək qarın içində gedib-gəldim. Yerimək belə çətin idi – qar dizə çıxırdı. Çəkilişlər bitdikdən sonra bir ay xəstəxanada yatdım. Donma təhlükəsi baş vermişdi. Yenə Ərzincanda film çəkilişindəydim. Havanın temperaturu mənfi 21 dərəcə idi. Ayaqlarım qarda qalmaqdan bütün üzüm yara oldu. Mən adanalıyam və soyuq havaya öyrəncəli deyiləm. Amma bütün bunlara rəğmən, sənətimi çox sevirəm. Film çəkilişləri mənim üçün nəfəs kimidir. Çəkiliş olmayanda, sanki yaşamıram, ölürəm: damarlarımdakı qan kimi – həyat bağım! Bəzən deyirəm ki, mən zövq aldığım bir işi yerinə yetirirəm, hələ üsəlik buna görə mənə pul da verirlər (Gülürük). Çalışmağı sevirəm, paltarlarımı, hətta çantalarımı özüm tikirəm, bəzək əşyalarımı özüm hazırlayıram. Film çəkilişlərində lazım olduğu zaman libasımı belə tikə bilərəm. Bunlar da sevdiyim işlərdir. Xalq Sənət Mərkəzində əl sənətləri ilə bağlı 4 il müəllimlik etmişəm. Gözəl şəkillər çəkirəm, kiçik hekayələr yazıram…
-Siz küllərindən doğulmuş bir qadınsız. Həyat sizi çox imtahanlara çəkib. Bugünkü həyatınıza da gec atıldınız, çətinlikləriniz də çoxdur, amma çox dinamiksiniz, səyahətləri sevirsiniz, ətrafınıza müsbət enerji saçırsınız və sizi dinlədikcə əzminizə, həyata olan sevginizə valeh olmamaq olmur.
-Elədir, mən məndən oğurlanmış həyatımı zorla, əzmimlə, dişimlə-dırnağımla geri aldım və Sebahat Adalar brendi yaratdım. Bütün bunlara nail olarkən, əsla başqasının haqqını itirmədim, tapdamadım, ədalətdən yan keçmədim, heç bir sənət dostumun rolunu əlindən almağa çalışmadım. Tam əksinə, çəkildiyim filmlərə onları da dəvət etdim.
– Söz düşmüşkən, sənət aləmində bir-birinin yoluna daş qoyanlar, mane olanlar çox olur. Söylədiyiniz kimi, əksinə, dəstək verənlərdənsiniz. Bəs sizə qarşı belə əngəllər oldumu?
-Bəli, belə halları çox yaşamışam, hətta kimlər olduğu da mənə məlumdur: bəzən razılaşma olub, amma son anda çəkilişə başqası çağırılıb. Həm də çox gözəl seriallarda… Ad çəkmirəm. Sektorla bağlı dedi-qodu etməyi də sevmirəm. Kimsənin eyibini də üzünə vurmaram. Onu da bildirim ki, filmlərdəki rollarımı özüm səsləndirmişəm. Uzun illər dublyaj sahəsində də fəaliyyətim oldu. Amma indi tamamilə dayandırmışam.

–Heç bu sahədə pedaqoji fəaliyyətiniz oldumu, yəni sənətinizin sirlərini öyrətdiyiniz davamçılar yetişdirmə fürsətiniz yarandımı?
-Zəlzələdən əvvəl Hataya getdim və bir sənət mərkəzində təhsil verdim. İstanbulda özəl tələbələrim oldu, amma hansısa təhsil müəssisəsində pedaqoji fəaliyyətim olmayıb. Yalnız çoxlu sayda Workshop-larda (ustad dərsləri-red.) iştirak etmişəm. Bakıda da Yalçın Çobanın – Çoban Yıldızı Film Akademiyası tərəfindən Workshop-a dəvət edilmişdim. Siz də iştirak etmişdiniz.
-Bəli, mən sizin tələbələrə verdiyiniz tövsiyələri eşitdikdə düşündüm ki, bu, heç bir universitetdə tədris edilməyəcək, səmimi şəkildə dilə gətiriləcək məsləhətlərdir. Bunu yalnız təcrübəli, film və teatr sahəsində tələbləri bilən, səhnənin görünməyən tərəfini görən böyük sənətkarlar deyə bilər. Tələbələrin də xeyli suallarını cavablandırdınız. Diqqətimi çəkən suallardan biri isə mənfi rolları necə oynamağınızla bağlı idi. Daha doğrusu, sizin cavabınız.
-Mən mənfi rollarımı onlara nifrət edərək oynayıram. Canlandırdığım obraza çox nifrət edirəm və bu, mənə rolumu ifa etməkdə kömək edir. Hər aktyorun bir strategiyası var – mənimki də budur.
-Siz həm də teatr aktrisasınız. Tamaşalarda oynamağa nə zaman başladınız?
-İlk rolum məktəb illərində olub. Professional olaraq İstanbulda “Karanfil” teatrının səhnəsində yer almışam. Ümumilikdə, cəmi iki teatrda çalışmışam. “Dünya malı dünyada qalır” komediya tamaşasında, “Ailə sandığı”nda baş rollarda oynadım. “Fələstində bir gün” tamaşasında ana rolu vardı, onu canlandırmışam. 7 nəfəlik bir tamaşaydı. Ailə üzvləri və əsgərlər. Bu tamaşanı 9 il oynadıq. Çox seyr edildi. Fələstində yaşanan acı bir həyat dramı idi. Müxtəlif şəhərlərə qastrollara gedərək tamaşanı nümayiş etdirdik. Televiziya tamaşalarına isə çəkilmədim. Hər zaman teatrda göstərilən canlı tamaşalarda rollar ifa etdim. İki il əvvəl şərq turuna çıxdım. 3 ay ərzində bütün bölgələri gəzib məktəblərdə tamaşalar göstərdik. Yenə də bu barədə təklif gəldi, amma getmək istəmirəm. Çünki çox yorucudu. Ümumilikdə, 10-dək tamaşada rol almışam. Elə tamaşam olub ki, illərlə oynamışıq.
-Bəzən aktyorlar hansısa filmə, seriala çəkilirlər sonra bildirirlər ki, ödəniş olunmayıb, yaxud zəhmətlərinin haqqı düzgün qiymətləndirilməyib. Filmdə rolunu yarımçıq qoyub gedən də olur, illər sonra bunu dilə gətirən də… Yəni belə hallara rast gəlinir. Sizdə necədir, maddi anlamda sizə qarşı haqsızlıq oldumu?
-Bəli, oldu. Bir neçə işlər oldu ki, pulumu ala bilmədim. Məsələn, ikisindən tamamilə ödəniş almadım, amma birindən bir neçə seriyanın pulu verilmədi. Hələ də alaram ümidi ilə gözləyirəm…
-Haqsızlığa uğramış sənətçi olaraq nə əcəb məhkəməyə müraciət etmədiniz?
-Çünki bu işləri görərkən həqiqi ünvanlar olmur: ünvanı dəyişdirirlər, əmlakı yox. Məhkəmələrdə boş yerə sürünürsən, vaxt itirirsən. Çox insanlar çalışır film çəkilişlərində – ssenarist, rejissorlar, prodüser… Ödəməni kim edir, necə olur, bilmirik. Biz yalnız pulun ödənişini edəcək adamın, yəni bizi çəkilişə çağıranın – ünsüyyətdə olduğumuz şəxsi bilirik.
– Sebahat xanım, sizdə necədir, çəkiliş üçün ödənişini alan aktyorlara sonradan yerli, yaxud xarici ölkələrdəki sinemalarda yayımlandığı üçün faiz ödənilirmi? Belə deyək, film satılırsa, filmdə əməyi keçənlər də yada salınırmı?
– Çox vacib nöqtəyə gəldiniz. Bu isə ondan ibarətdir ki, ölkəmizdə qanunda müəllif haqları qeyd olunub, amma tətbiqdə yoxdur. İstehsalçı (prodüser) bunu ödəmir. Məsələn, o film hər yayımlananda ödənilməlidir. Filmlər var ki, illərdir yayımlanır, amma heç bir aktyor buna görə pul almır. Sən film çəkilişində istehsalçı şirkətdən razılaşdığın pulu alırsan, bununla da məsələ bitdi. Əgər istehsalçı filmi televiziya kanalına, yaxud Netflix-ə satarsa, istehsalçı şirkət pulunu alacaq, amma bundan aktyorlara pay düşməz. Xarici ölkələrdən isə alınır, amma hər ölkə də vermir. Amerika, Yunanıstan, Yaxın Şərq və ərəb ölkələri əsla ödəmir. Məsələn, mən vəkilimlə danışdım. O ölkələr deyir ki, siz də bizim filmləri yayımlayırsınız, bizə müəllif haqqı verirsizmi, biz də verək? Amma İspaniya, İtaliya, təzəlikcə Macarıstan da verir. Mənin kolleqalarım var ki, xarici ölkələrdən müəllif haqqı ala biliblər. Mənim çəkildiyim “Leyla ile Mecnun” serialı dünyada ən çox izlənilən komediya filmləri sırasında beşinci olub. Çinə də satılıb. Amma ödəniş olmadı.

– “Arka sokaklar”da da çəkilmisiniz…
– Orda 2 seriyada rol oynadım. “Yahşi Cazibe”də 4 seriyada… Bir çoxunda çəkilmişəm, amma qonaq aktrisa olaraq dəvət edilmişəm. “İhlamurlar altında” da iki il çəkilmişəm. Televiziya filmlərində də, sinema filmlərində də çox rol oynamışam. Kanal 7-nin dini filmlərində çəkilmişəm…
-Söylədiyiniz kimi, seriallar var ki, illərlə davam edir. Serial nümayiş olunan dövrdə bir də görürsən ki, filmin aktyorlarından biri başqa bir filmə çəkilir. Məsələn, hazırda “Uzak şehir”in baş qəhrəmanlarından olan Ozan Akbaba yay tətilində “Postaçı” filminə çəkilmişdi. Bu, necə baş verir?
-Serial sezon finalına gedərkən çəkiliş mayda bitir. Yayda fasilə olur. Sentyabrda aktyor öz çəkildiyi filmin çəkilişlərinə başlayır. Lakin 3 ay boyunca aktyor başqa filmə çəkilməkdə sərbəstdir. Məndə də olub. “Leyla ile Mecnun”un çəkilişi gedən zaman başqa filmə çəkilmişəm.
-Bizdə sənət adamlarına müxtəlif adlar verilir. Bu adları alan şəxslər dövlətdən hər ay pul alırlar. Dövlət seçilən sənətkarları mükafatlandırır, hətta bəziləri evlə təmin olunur və ilaxır. Məsələn, xalq artistləri 300 manat, əməkdar artistlər 200 manat, Prezident təqaüdçüləri 1700 manat aylıq təqaüdlə təmin edilirlər. Sizdə bu sahədə vəziyyət necədir?
-Türkiyədə “Dövlət sənətçisi” adı var. Mədəniyyət Nazirliyi tərəfindən verilən addır. Məsələn, Yıldız Kenter, Türkan Şoray, Macide Tanır, Hülya Koçyiğit və bəzi sənətçilər o adı alıblar. Həmin adla təltif olunanların dövlətdən maaş aldığını eşitmişəm, amma bunun davamlı verilib-verilmədiyini bilmirəm.

-Sonuncu çəkildiyiniz film “Muamma-Cenin-i-Cin” oldu. Bu qorxu filmini Türkiyədə də tamaşaçılar kino mərkəzlərində seyr edirlər, yoxsa artıq televiziyada yayımlanıb?
– Türkiyə tamaşaçıları da bu filmi sinemalarda izləyir. Filmin çəklişləri bitir, amma sinemalarda da sıraya qoymaq xeyli vaxt alır. Yəni növbəni gözləməlisən. Onu da açıqlayım ki, bu filmi çəkən mənim fanatım imiş. Bütün filmlərimi izləyib. Məhz bu filmdə də mənim çəkilməyimi istəyib. Bu filmdəki rolum indiyədək oynadığım rollarımdan ən kiçiyidir – çox da aktiv biri deyil. Amma onlar mütləq mənim çəkilməyimi arzuladılar və mən də qəbul etdim. 10 gün İstanbulun Şilə rayonunda çəkliş aparıldı. Prodüser Emre Coşkun idi. Çox da yaxşı oldu. Bu filmdən sonra Emre bəy daha iki film çəkdi, hələ nümayiş olunmayıb. Hər iki filmdə də mən oynayacaqdım. Mənə zəng etdi, lakin şəhər kənarındaydım. İzmirdən qayıdarkən qatar qəzası baş verdi. Həyatını itirən də oldu. Mən bu səbəbdən gecikdim. Onlar başqa bir aktrisa ilə razılaşası oldular. Amma Qala gecəsinə məni də dəvət etdilər.
– “Muamma-Cenin-i-Cin”də rolunuzun çox kiçik olduğunu söylədiniz, amma rolun böyüyü-kiçiyi olmaz deyirlər, əsas tamaşaçını inandırmaqdır. Sevdirmək, yaxud nifrət etdirmək…
-Düzdür, mən oynadığım digər qorxu filmlərində də kiçik rollarım var. “Üç Harfliler: Adak”, “Siccin 4″dəki qədər tanıdan qorxu filmi deyildi.
– Əslində, sizin kiçik dediyiniz rolunuz da çox uğurlu idi. Siz o aktrisalardansınız ki, mimikanız, baxışlarınız belə danışır…
-Təşəkkür edirəm. Mimiklərimdə çox bacarıqlıyam. Bir rejissorum belə demişdi: “danışmağına ehtiyac yoxdur, gözlərinlə oynayırsan”… 10-dan çox qorxu filminə çəklimişəm. Şəxsən özüm qorxu filmini seyr etmirəm. İlk dəfə idi ki, Qala gecəsində filmimi izlədim. Yəni Qalası keçirilirsə, gedib baxıram, yoxsa televizor qarşısında əyləşib əsla baxmıram. Mən rola çəkilərkən qorxu filmi kimi çəkilmirəm ki, sadəcə rolumu oynayıram. Sonradan effekt, səs, işıq və digər əlavələr edilir. Ondan sonra qorxulu filmə çevrilir.
– Heç övladlarınızla da əyləşib çəkildiyiniz qorxu filmini seyr etmirsiniz?
-Onlar da qorxu filmləri seyr etmirlər. Övladlarım da filmlərə çəkilirlər. Böyük oğlum Alper Yağmurçu da 10-dan çox filmə çəkilib. Kiçik oğlum da rejissordu. Mən zatən filmdəki rolumun sözlərini evin içərisində danışarkən, rolumu oynayarkən görürlər, izləyirlər… (Gülür).
– Belə çıxır ki, evdə bir film səhnəsi var: siz və övladlarınız. Rejissor, aktyor… hamısı var. Hamınız sənət adamı…
– Bəli, istedad bizim genlərimizdən gəlmədir. Heç zaman sənətimlə bağlı kimsəyə boyun əymədim, kimsədən bir şey xahiş etmədim, rollara da dəvət edilərkən “bu rolun öhdəsindən yalnız Sebahat Adalar gələr” deyə çağırıldım. Az oynadım bəlkə, amma yaxşı oynadım. Sənətə gec gəldim, amma yenə də xoşbəxtəm: təbiəti sevirəm, müharibəyə “yox” deyirəm, dünyada sülh istəyirəm. Mən sərhədlərin əleyhinəyəm, hər yer insanın evi olmalıdır. Bu dünya yaşamaq üçün hamımıza yetər. Nəyin davasını aparırıq, nəyi paylaşa bilmirik? Ortalama insan ömrü 60-70 yaşdı. Biz xərçəngi yaratdıq, təbiətə zərər vurduq, bir çox heyvanların nəslini kəsdik… Halbuki nə heyvanlar, nə də təbiət bizi öldürmür. Təbiət bizə həyat verir. Bu məsələdə də çox dərdliyəm. Düşünürəm ki, insanların dünyaya vəfa borcu var.
– Sizə Bakıdan sənətinizlə bağlı hər hansı bir iş təklifi gələrsə, “yox” deyərsiniz?
– Xeyr, əsla demərəm. Bakını çox sevirəm.
-Sizin heç bir toxunuş olmayan, təbii cizgiləri olan simanıza baxıram və düşünürəm ki, bu sualı mütləq verməliyəm. Bu gün nəinki sənət adamları, iş qadınları, evdar xanımlar belə müxtəlif plastik əməliyyatlar etdirirlər, yaxud kosmetoloji prosedurlardan yararlanırlar. Son dövrlər bu, daha geniş vüsət alıb. Məlumdur ki, qadınlar yaşlanmağı heç sevmirlər. Sənət adamı olaraq siz bu barədə nə düşünürsünüz?
-Bu yaşa qədər heç bir plastik əməliyyat etdirməmişəm və etdrməyi də planlaşdırmıram. Çünki güzgüyə baxanda, bütün yaşlarımı görmək istəyirəm.
-Sebahat xanım, sevdiyiniz işlə məşğul olmaq üçün çox böyük mücadilə vermisiz, ağır həyat şərtləri ilə üzləşmisiz. Bilirəm ki, açıqlamaq istəmədiyiniz qayğılarınız də var. Dünyada bir çox qadın öz həyatı ilə bağlı müstəqil qərar verə bilmir. Elə bütün dünya miqyasında olduğu kimi, bizim cəmiyyətimizdə də zamanın keçdiyini, geriyə dönüşün olmadığını düşünən, təhsili, peşəsi olmayan yüzlərlə ümidsiz qadın var. Fürsət düşmüşkən, burdan onlara hansı mesajı vermək istərdiniz?
-Mənim qadınlara tövsiyəm: əsla təslim olmasınlar! Cənnət xəyallarının gerçəkləşdiyi yerdir. Ona görə də hər kəs xəyalının ardınca qaçsın. Mən indi 71 yaşındayam, amma özümü 30-40 yaşında hiss edirəm. Hələ də dinamikəm, çalışmağı sevirəm, həyatı sevirəm. Yəni, həyat insan övladına bir hədiyyədir. Bunun qiymətini bilməyimiz lazımdır. Öncə ana, sonra qadınam, amma mən insanam. Bunu dərk etməliyik – qadın, ya kişi fərq etməz, öncə insanıq. Kölə deyiləm, uşaqlarımı da böyüdəndə onları öncə insan olaraq tərbiyə verdim. Mən bu günümə görə Mustafa Kamal Atatürkə borcluyam. Əgər Atatürk olmasaydı, biz qadınlar dəyərsiz olaraq yaşayacaqdıq. Dünyada bir çox ölkədən öncə -1934-cü ildə bizə seçmə-seçilmə (qadınlara səs vermək və seçilmək hüququnun verilməsi – Atatürk islahatlarından biri – red.) haqqı verdi. Ona bu gün minnətdarıq. Ata-anama da minnətdaram. Yaxşı ki, məni bu dünyaya gətiriblər, bu gözəl dünyada mən də yaşayıram. Can Azərbaycanı çox sevirəm. Burdakı dostlarımı çox sevirəm. Özümü evimdəki kimi hiss edirəm. Hamıya sevgilərimi göndərirəm.
– Mən də öz həyat hekayənizi bizimlə bölüşdüyünüz üçün oxucularımız və redaksiyamızın kollektivi adından sizə dərin təşəkkür edirəm.
Yasəmən Məmmədli