2 İyun 2026 / 09:53

Qazaxıstanda sosial evlər üçün nəzərdə tutulmuş 431,5 min dollar mənimsənilib

Kökşetauda (Qazaxıstan) Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları əhalinin sosial cəhətdən həssas təbəqələri üçün evlərin tikintisi zamanı mənimsəmə hallarının baş verdiyini aşkarlayıblar.

Tezadlar.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Agentliyinin məlumatında bildirilib.

“2021-ci ilin dekabrında “Kökşetau şəhəri Tikinti Şöbəsi” Dövlət İdarəsi ilə “Aydana-İK” MMC arasında Kökşetauda əhalinin sosial cəhətdən həssas təbəqələri üçün çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı 1 milyard tengədən (2 milyon dollar) çox məbləğdə müqavilə bağlanıb”, – məlumatda vurğulanıb.

Bildirilib ki, podratçı avans almaq üçün saxta müqavilələr təqdim edib.

“Sonradan sifarişçi tərəfindən “Aydana-İK” MMC-yə 211 milyon tengə (431,5 min dollar) məbləğində pul vəsaiti köçürülüb, lakin tikinti işləri tam şəkildə yerinə yetirilməyib. Nəticədə obyektlər istismara verilməyib”, – məlumatda qeyd edilib.

Əldə edilmiş büdcə vəsaitləri şəxsi ehtiyaclara sərf edilib, eləcə də nağdlaşdırılıb. Şübhəli şəxs həbs edilib, istintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!