2 İyun 2026 / 12:10

ADY-nin “fantastik” qiymətləri – “TƏZADLAR”IN ARAŞDIRMASI

Bildiyimiz kimi 26 may tarixindən Bakı-Tbilisi-Bakı sərnişin qatarı 6 illik fasilədən sonra bərpa olunaraq sərnişinlərin ixtiyarına verildi. Bu təqdirəlayiq bir haldır. Amma məsələnin digər tərəfi də var ki, bu mövzu günlərdir öz aktuallığını itirmir və qlobal hal kimi gündəmi zəbt edib. “Tezadlar.az” olaraq biz də məsələnin narahatverici tərəflərini ətraflı şəkildə araşdıraraq oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik.

İlk öncə Bakı-Tbilisi-Bakı sərnişin qatarı hələ istifadəyə verilməmişdən bir həftə əvvəl ADY-dan bilet qiymətlərinin 51-81 AZN olacağı bildirilmişdi. Hətta ADY siyahını tam şəkildə həm öz rəsmi səhifələrində, həm də media və sosial şəbəkələrdə paylaşmışdı. O paylaşıma diqqət yetirək:

Bakı-Tbilisi: 81 AZN-dən

Yevlax-Tbilisi: 67 AZN-dən

Gəncə-Tbilisi: 62 AZN-dən

Ağstafa-Tbilisi: 57 AZN-dən

Böyük Kəsik Qardabani: 51 AZN-dən

Hətta məlumatda “Stadler” vaqonlarında lyuks, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun olaraq da gediş nəzərdə tutulub ki, o vaqonlarda qiymətlərin fərqli olacağı:

Bakı-Tbilisi: 180 AZN-dən

Yevlax-Tbilisi: 144 AZN-dən

Gəncə-Tbilisi: 132 AZN-dən

Ağstafa-Tbilisi: 120 AZN-dən

Böyük Kəsik Qardabani: 102 AZN-dən

Həmçinin komfort+ getmək istəyənlər üçün:

Bakı-Tbilisi: 117 AZN-dən

Yevlax-Tbilisi: 94 AZN-dən

Gəncə-Tbilisi: 86 AZN-dən

Ağstafa-Tbilisi: 78 AZN-dən

Böyük Kəsik Qardabani: 68 AZN-dən başlayacağı bildirilmişdir.

Bu qiymətlər əhalinin büdcəsinə və vaqonların şəraitindən asılı olaraq tətbiq edildiyi ADY tərəfindən bildirilmişdir. Bu da əhali tərəfindən birmənalı şəkildə qarşılanmamışdır. Çünki 6 il bundan öncəki qiymətlərə baxdıqda indiki qiymətlər çox bahadır. Beləki, 6 il öncə kupelərdə bilet 21-37 AZN, SV-də isə 54-57 AZN təşkil edirdi.

ADY-dən bu haqda soruşduqda qiymətlərin bütün sahələrdə olduğu kimi qatar biletlərinə də təsir olduğunu, həmçinin yeni  qatarların son model olduğu bildirildi.

Çoxsaylı şikayətləri nəzərə alaraq, Bakı-Tbilisi-Bakı sərnişin qatarındakı bilet qiymətlərini təqdim edirik:

Komfort kateqoriyalı vaqonlarda qiymətlər iyun – 154, 42 AZN, iyul – 152,64 AZN, avqust – 153,69 AZN, sentyabr – 154,42 AZN, oktyabr – 159,39 AZN, noyabr – 91,48 AZN, dekabr – 92,56 AZN-dən başlayır.

Lyuks və komfort+ kateqoriyalı vaqonlarda isə qiymətlər 184-334 AZN-dək dəyişir.

Ümumiyyətlə qeyd edək ki, bilet qiymətləri ayalara və günlərə görə dəyişir. Əlamətdar günlərdə səfər etmək istəyənlər üçün biletlər daha baha olur.

Bir sözlə, Gürcüstana getmək üçün ADY QSC-nin kassasında 81 manata bilet tapa bilmədim. Bunun səbəbini soruşduqda isə, 81 manata olan biletlərin hamısının satıldığını bildirdilər. Əlavə olaraq, onu da bildirdilər ki, əgər siz 81 manatlıq bilet istəyirsinizsə 2 ay öncədən bronlaşdırmalısınız. Hal-hazırda komfort+ və lyuks kateqoriyalı vaqonlara biletlər kifayət qədərdir. Onlarda da qiymət 200 AZN-dən başlayır…

Qatar biletlərinin baha olduğunu görüb aviabilet kassalarına üz tutdum. İlk öncə onu bildirək ki, Bakı-Tbilisi uçuşları:

Səfər müddəti – 1 saat 10 dəqiqə

Şəhərlərarası məsafə – 433 km

Həftədə uçuşların sayı – 38

Ən erkən uçuş – 07:30

Ən gec uçuş – 23:50

Tbilisi-Bakı uçuşu

Səfər müddəti – 1 saat 10 dəqiqə

Şəhərlərarası məsafə – 433 km

Həftədə uçuşların sayı – 35

Ən erkən uçuş – 09:40

Ən gec uçuş – 02:00

Qiymətlər uçuş ayından asılıdır. Birinci klass və biznes klass öncədən bron edilməlidir.

Ümumiyyətlə, istər ekonom, istərsə də biznes klass biletləri 2-4 ay öncədən sifariş ediləndə daha ucuz əldə oluna bilər. O zaman bilet 167 AZN-dən başlaya bilər. Digər aylarda isə qiymətlər dəyişir. Məsələn, iyun – 269,31 AZN, iyul – 338,38 AZN, avqust – 333,01 AZN, sentyabr – 356,05 AZN, oktyabr – 282,97 AZN, noyabr – 227,60 AZN, dekabr – 322,41 AZN təşkil edir. Qeyd edək ki bu qiymətlər minimum qiymətlərdir.

Məqamında onu da bildirək ki, istər qatarla, istərsə də təyyarə ilə səyahət zamanı baqajın çəkisi 10-23 kq olmalıdır. Əks təqdirdə artıq yük üçün əlavə pul ödənilir.

Son olaraq, sərnişinlərdən aldığımız sorğunun nəticəsində 9 saat 30 dəqiqəlik qatarla getməkdənsə 1 saat 10 dəqiqəyə təyyarə ilə Bakıdan Tbilisiyə getməyin daha məqsədəmüvafiq olduğu məlum oldu.

Məqamında onu da vurğulayaq ki, Gürcüstana getmək istəyən şəxslər tibbi sığortadan keçməlidirlər. Mətn ingilis və gürcü dillərinə tərcümə olunmalı və notariat qaydada da təsdiq edilməlidir. Onun da qiyməti 15,40 – 50,40 AZN təşkil edir. Səfər zamanı şəxs özü ilə şəxsiyyəti təsdiq edən sənədi,  ümumvətəndaş pasportunu, bileti və sözügedən tibbi sığorta kağızını özü ilə götürməsi mütləqdir.

Hazırladı: RÖVŞANƏ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!