Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 13:45

Son səfər -ESSE-NURƏDDİN ƏDİLOĞLU YAZIR

Son səfər

(Esse)

8 aprel – xalqımızın görkəmli sənətkarı Yaqub Zurufçunun dünyaya gəldiyi gündür….                                

…Ayrılıq üzüntüsü, vüsal həsrəti taleyin və zamanın fövqündə dayanan hər bir insan oğlunun qisməti  ola bilər. Fəqət iki yerə bölünmüş Vətənimizin vüsal türküsünə çevrilən məşhur “AYRILIQ”  mahnısı AZADLIQ HƏRƏKATI dövründə milyonlarla soydaşımızı milli birliyinə KÖRPÜ salan könül rübabının nişanəsi olmaqla bahəm, xalqımızı Azərbaycançılıq ruhunda köklədi.

***

…Tale ölməz sənətkar Yaqub Zurufçuya illərlə həsrətində olduğu doğma Azərbaycana “Ayrılıq” mahnısı  ilə qovuşmaq   nəsib  eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da öz nəğməsi var! Hərə  öz dilində oxuyur nəğməsini. Yaqub Zurufçu da hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla azərbaycanlının qəlbində əbədi TAXT qurmuşdu.

…“Ayrılıq”  xalqımızın bir araya yığışdığı məkana – Azadlıq  meydanına intizar, həsrət,  göz yaşları ələdi . İnsanlar bu nəğmənin sədaları altında keçmişdən gələcəyə, bu taydan o taya  ümidlə boylandı.  “Ayrılıq” Azərbaycanın milli – mənəvi dirçəlişinə təkan verdi, “el arası çəpər olmaz”  məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza göz dikən yağı düşmənlə  savaşa ruhlandırdı. Əbəs  yerə Yaqub bəy demirdi ki, “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin ömür və sənət yollarına  silsilə  məqalələr həsr etmiş Əməkdar jurnalist  Rəhman Orxan deyirdi ki, Yaqub Zurufçu Vətən həsrətli qəlbini “Ayrılıq”dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib. Görkəmli sənətkar 65 illik ömründə dünyanın çox olkələrinə səfər etmişdi…

7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub Zurufçu elə həmin illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu “Cücələrim” mahnısı ilə bütün İranda tanınmış,  adı dillər əzbəri olmuşdu. 15 yaşında isə Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ifa edən müğənni özünün oxumaq istəyini və istedadını atası Qulu kişinın uzun müddət Bakıda yaşamasıyla, doğma xalqının musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.

…Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu il inqilabından 1 il sonra Almaniyaya köçdü. Lakin Təbrizdən başlayan sənət uğurunu sonralar qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ,  Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.

Hansı ölkədə  yaşamasından  asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə  Azərbaycan eşqi ilə döyünürdü… Son müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi… Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var…”

Yeri gəlmişkən, qeyd edim ki, dünya şöhrətli məşhur Azərbaycan  və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq” Yaqub bəyə qədər xalq mahnısı hesab  olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq” və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının musiqisi 1922-ci ildə Bakı şəhərinin Kubinka adlanan məhləsində dünyaya göz açan, lakin Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki mahnı kövrək  və  həsrətlə ifa olunsa da sanki Azərbaycanın Cənub və Şimal hissələrini mənən və ruhən qovuşdurur… Əli Səlimi həm də Güney Azərbaycanın məşhur tarzəni  idi.  O, tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. “Ayrılıq” mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi (Allah ona da rəmət eləsin!) idi.

Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desək, bu mahnı öz müəlliflərini həmişə diri saxlayacaqdır. 

…İctimai Televiziyada işləyəndə Yaqub  Zurufçu Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi. “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura – Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub…” İranda Azərbaycan dilində təhsilin olmadığını dilə gətirən müğənni  ürək yanğısıyla deyirdi  ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”

Təqribən 24 -25  il qabaq Yaqub Zurufçunun  bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni onun ifasından ən çox heyrətləndirən, rayonda uşaqdan  böyüyə  hamının tanıyıb sevdiyi, cəddinin möcüzələri  barədə sağlığında əfsanəvi  söz-söhbətlər gəzən Seyid Sadıq ağanı ziyarət etməsi oldu. Viləşçay dəryaçasının sahilində Seyid Sadıq ağa ilə yadigar şəkil çəkdirən müğənni ondan xeyir-dua istədi…

 …2009-cu ildə Yaqub Zürufçu  həm Azərbaycan vətəndaşlığı aldı,  həm də “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü.

…Qəlbi  hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu  2021 -ci il sentyabrın 15-də “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Yaqub Zurufçunun canlı ifasını dinləyən azərbaycanlı  sənətsevərlər üçün onu belə tez itirmək çox üzücü idi. Ancaq onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək  bizə – qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək…

 Ruhuna böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU,

YAZIÇI

 

 

                                         

 

 

                                          

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!