Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 15:39

“Təzadlar” qəzetinin 33 yaşı tamam olur-UZUN, ÇƏTİN VƏ İNCƏ BİR YOL!

“Nizami Xudiyev təəssüflə dedi ki, Fatma Abdullazadə zəng edərək göstəriş verib ki…”

…“Təzadlar” qəzetinin 33 yaşı tamam olur… Bu 33 ildə qəzet əməkdaşlarının- kollektivin başına çox müsibətlər gəlib. Şüarı 2020- ci ilədək “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” olub… Kollektiv çalışıb ki, xalqımız ruhdan düşməsin, yurda qayıdış arzusu ilə yaşasın… Hətta Sovet dönəmində belə AzTV efirindən xalqa sözünü “Xalq- qalx” ifadələri ilə çatdıran dünya şöhrətli alim Xudu Məmmədovun şəklini qəzetin başlığında veririblər ki, millət daha ruhlu olsun, ağı qaradan, pisi yaxşıdan, alimini nadanından, dürüstünü yaltağından, şəxsi maraqlarını milli maraqlardan üstün tutmayanları qarın və vəzifə davası edənlərdən fərqləndirsin… Amma onları qəsdən anlamaq istəməyənlər vardı və daim badalaq vurmağa çalışırdılar ki…

XXX

Qəzetin 33 illiyində  33 ildir bu çətinliklərə dözən baş redaktor Asif Mərzili ilə söhbətləşdik… O, indiyədək heç kimin bilmədiyi bəzi detalları dilə gətirməyə məcbur oldu. 1993- cü ildən “Təzadlar”ın baş redaktoru olmuş Asif Mərzilinin söhbətlərindən bəzi məqamları təqdim etməyi “Ölüm- itim dünyasıdır” deyərək diqqətə çatdırmaq istədik… Deyir: “…Xudu Məmmədovun şəklinin qəzetin başlığında verilməsi bəzilərini qıcıqlandırırdı… 1995- ci ilin məlum 13-17 mart hadisələrindən sonra qəzetin təsisçisi  olmuş X.Məmmədov Xeyriyyə Cəmiyyətinin fəaliyyəti dayandırıldı, təsisçiliyi öz üzərimə götürməli oldum… Lakin o vaxtlar Mətbuat və İnformasiya Komitəsinin sədri olan Sabir Rüstəmxanlı qəzeti yenidən qeydiyyatdan keçirməyə çəkindi… Az sonra rəhmətlik Sirus Təbrizli komitənin sədri oldu, qəzet lisenziyasını aldı, lakin “Azərbaycan” nəşriyyatının rəhbərliyi qəzetin çapına risq etmədi… Prezidentin köməkçisi Əli Həsənovla götüşdüm, insafən, sağ olsun, söhbətləşdik, bəzi məsləhətlər verdi və nəşriyyatın direktoru Nazim İbrahimova zəng edərək qəzetin çapına kömək olunmasını bildirdi… Qəzet nəşrə davam etdi… Lakin bu dəfə başqa problemlərə tuş gəldik. “Azərbaycan” qəzetinin indi baş redaktoru, o vaxtlar əməkdaşı və sonralar Ramiz Mehdiyevə xidmətləri sayəsində Ağdamdan deputat olmuş Bəxtiyar Sadıqov yazı və mətbu çıxışlarında Xudu Məmmədovun şəklinin qəzetin başlığından götürülməsini tələb edirdi… “Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayevdən bu barədə soruşdum ki, Bəxtiyar Xudu Məmmədovun şəklindən nə istəyir? Dedi ki, Fatma Abdullazadı Ramiz Mehdiyevə, o da Bəxtiyara göstəriş verib… Beləcə, biz də bu şəkil təhdidlərinə dözməyə davam etməli olduq… Əsas o idi ki, X.Məmmədovun ailəsi hələki bu barədə danışmırdı… Amma az keçmiş bunu da etdilər… Sonra Xalq şairi Bəxtiyar Vahabzadənin və professor Nurəddin Rzayevin məsləhəti ilə öz hesabımıza X.Məmmədovun 70 illiyinə həsr edilmiş “Xüsusi buraxılış” hazırladıq. AMEA- da alimin 70 illiyi keçirilirdi, mən də dəvət olunmuşdum. Orada təxminən 200 qəzeti iştirakçılar arasında payladıq… Elmi konfransı AMEA- nın prezidenti Fərəməz Maqsudov açıq elan etdi. Fatma Abdullazadə də iştirak edirdi… Açığı sönük tədbir oldu. Yanaşı əyləşdiyim vətənpərvər şairimiz Famil Mehdi də bunu mənə bildirdi, hətta bir ara dedi ki, dur çıxaq, bu konfransdan gözüm su içmir… Nəhayət, sözü ailə adından təşəkkür etmək üçün X.Məmmədovun oğluna verdilər… O, tribunaya çıxıb duruxdu, ən azı iki dəqiqə sakit dayandı, çox həyəcanlı idi, hiss olunurdu ki, ona nəyi və necə danışmağı tapşırmışdılar, lakin o, tərəddüd içində idi… Amma nəhayət, o, danışdı… Qəzetin və təsisçilərin, qəzetin İdarə Heyət üzvlərinin (İH- də Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nurəddin Rzayev, İlham Rəhimov, Famil Mehdi və başqaları vardı), əleyhinə danışdı, hətta qəzetin düşmənə xidmət etdiyini dedi və qəzetdə dərc edilmiş bəzi siyasi aforizmlərimizi misal da çəkdi… Sonda atası Xudu Məmmədovun qəzetin başlığında hər nömrə verilən şəklinin çıxarılmasını yuxarılara, yəni Fatma Abdullazadəyə xitabən xahiş etdi… Fatma xanımın bu vaxt üzü güldü… Amma zal şokda idi… Hamı qəzetin media xəttini, dövlətçiliyə sadiqliyini bilirdi… Bunları eşidən kimi zalda olan alimlərin hamısı yavaş- yavaş konfransı tərk etməyə başladı… Bu hələ harasıdır… İki gün sonra isə Ağdamda X.Məmmədovun 70 illik yubileyinin keçirilməsi üçün Bakıdan bir qrup ziyalılarla (tarix elmləri doktoru Boran Əziz, Xudu Məmmədovun sevimli tələbəsi, kimya elmləri doktoru İxtiyar Bəxtiyarlı və başqaları) Ağdama getməli olduq… Ağdama axşam saatlarında çatdıq, səhəri gün Üçoğlandakı Mədəniyyət Evində alimin 70 illiyi keçirilməli idi. Ağdamın İcra başçısı Həsən Sarıyev tapşırmışdı, yubiley tədbirinə ciddi hazırlıq görülmüşdü… Axşam olduğumuz qohum evində səhərisi baş tutacaq tədbiri müzakirə edirdik, birdən işıqlar söndü. O dövrlərdə bölgələrdə belə hallar adi idi. Biz dilxor olduq, çünki saat 21:30- da AzTV- də hər il ənənəvi olaraq Xudu Məmmədovun doğum gününə veriliş həsr edilərdi… Saat 21:32-də elə bil Allah üzümüzə baxdı, narahatçılığımıza dəstək verdi, işıqlar yandı. Hamı AzTV- yə hakim kəsildi… Veriliş başlamışdı, amma məlum oldu ki, bu ötən ilki verilişdir, təkrar verirlər… Bir də gördük ki, alimin oğlunun iki gün əvvəl AMEA- da səsləndirdiyi narahat çıxışının fərqli və daha sərt forması xüsusi çəkilərək onun dilindən həmin verilişin içərisinə yamaq kimiverilib…”.

Asif Mərzili danışır ki, dövlət TV- də yayımlanan bu verilişi görüb Bakıya qayıtmaq istəyiblər: “Düşündük ki, icra başçısı bunu gördüsə, birmənalı olaraq tədbir ləğv edilib… Lakin əksini gördük, Bakıya yola düşmək üçün maşınlara minib getmək istəyirdik ki, başçı Həsən Sarıyev zəng etdi ki, bəs hardasız, tədbirə az qalıb, sizi gözləyirik… Çox sevindik… Tədbir yüksək səviyyədə keçirildi…”.

Asif Mərzili ən vacib bir məqamı da diqqətə çəkdi: “…Bakıya qayıdanda AzTV sədri Nizami Xudiyevə zəng vurub görüşmək və X.Məmmədovla bağlı verilişin bu dəfəki variantının nə demək olduğuna aydınlıq gətirmək istədim… AzTV-də, özünün kabinetində görüşdük… Mənə veriliş və Xudu Məmmədovun oğlunun çıxışı ilə bağlı dedi ki, “…Fatma Abdullazadə zəng edib tapşırdı ki, təcili olaraq Xudu Məmmədovun oğlunu tapın, özünə deyilib, o, çıxış edəcək, olduğu kimi, bu axşam efirə gedəcək verilişə əlavə edin…”.

Artıq vəziyyət bəlli idi. Qəzetə qarşı sərt hücuma start verilmişdi… Nizami Xudiyev daha bir vacib məqamı xatırlatdı: «…Mən xeyli düşündüm, amma səni tanıyırdım, qəzetin fəalmiyyətini, Qarabağla bağlı ürək yanğılı məqalələrinizi daim oxuyurdum. Faima Abdullazadə təkrrar zəng etdi ki, operatoru tez göndərin. Mən operatoru Xudu məmmədovun evinə göndərdim… Çəkilişdən qayıtdılar, çıxışa baxdım ki, bu efirə getsə, ən azından Xudu Məçmmədovun adına yaxşı deyil, üstəlik, oğul atası haqqında efirə gedəsi verilişdə belə mənasız bir mövzunu ortaya atır, bu yamaq kimi görünəcək. Rejissoru çağırdım, inanırdım ona, dedim bu lenti qəsdən xarab elə, səs xırıldasın… Dedi, baş üstə… Sonra Fatma Abdullayevaya zəng etdim ki, bəs səs çox pis düşüb, xırıltı var, efirə yaramır… O, dərhal dedi ki, yaxşı, mən öz operatorumu göndərirəm. Beləcə, F.Abdullazadə özünün operatorunu çəkilişə göndərdi, ixtisarla verilişin arasına saldırdıq…». Amma o, çox təəssüflənirdi ki, görkəmli alimin oğlunu siyasətə qatmışdılar… Mən bu barədə Xudu müəllimin yaxın qohumu, Ağdam RİH başçısının sabiq müavini Akif Məmmədova bu barədə danışdım, onunla birlikdə Xudu Məmmədovun həyat yoldaşı Maya xanımla evlərində görüşdük… Toğrul da evdə idi. Maya xanım oğlunun məlum çıxışından çox təəssüfləndi və başqa əlavə heç nə demədi, ətraflı söhbətimiz oldu… Akif müəllim də bildirdi ki, artıq F.Abdullazadə bu işə qarışıbsa, sərt addım atmamaq məsləhətdir… Beləliklə, Xudu müəllimin şəklini qəzetin başlığından çıxarmalı olduq».

Asif Mərzili daha bir inanılmaz faktı da açıqladı: «…Sonralar da Fatma Abdullazadə «Təzadlar»dan əl çəkmədi, bizi qaralamaqdan çəkilmədi… Qeyd edim ki, Xalq şairi, ustad Məmməd Arazın həyat yoldaşı (Allah hər ikisinə rəhmət eləsin!) Gülxanım Fətəliqızı Məmməd Arazın xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabını ərsəyə gətirmişdir. Kitabda Məmməd Arazla bağlı xatirələrin biri də “Təzadlar” qəzeti ilə bağlıdır. Təxminən yadımdadır, 1997-ci ildə «Təzadlar”da belə bir siyasi replika dərc olunmuşdu: “ELAN: Etibarsız sayılr! Vaxtında dədə-baba torpağına qayıtmadığı üçün Qarabağ camaatı etibarsız sayılır!”. Növbəti siyasi replika: “Bu Qarabağ köçkünlərini heç başa düşə bilmirik. AzTV-də çıxış edib deyirlər ki, “Möhtərəm Prezident nə vaxt əmr eləsə, əlimizə silah alıb gedib torpaqlarımızı azad edəcəyik!” Yaxşı, tutalım Prezidentin başı qarışdı, heç sizə o əmri vermədi, gedib torpağınızı azad etməyəcəksiniz??? Qalxın ayağa, səfərbər olub gedin dədə-babanızın yurdunu azad edin də!”. Bir aforizmdə isə belə deyilirdi: «Halva, halva, halva… Sülh, sülh… Sülh…». Yəni, mənası bu idi ki, halva deməklə ağız şirin olmadığı kimi, sülh deməklə də sülh quşu uçub başımıza qonası deyil… Xalq şairi Bəxtiyar Vahabzadə zəng edib dedi ki, “Ay oğul, o “Azərbaycan” qəzetində Bəxtiyar kimdi, zəng edib Fatmaya deyib, Fatma da Ramiz Mehdiyevə bildirib ki, bəs, Asif Mərzili bu günkü qəzetdə xalqı meydanlara, üsyana çağırır, yazıb ki, xalq ayağa qalxmalıdır… Bu nə məsələdir???”. Mən də Horadizdə idim, Beyləqan şərab zavodunun mərhum direktoru Nizami Məmmədov və yaxın dostum Teyyub Abdullayevlə birlikdə hərbi hissəyə yardım aparmışdıq… Bəxtiyar müəllim onların yanındaca  izah verdim ki, bu günkü qəzetdə elə şey yoxdur…

Bəxtiyar müəllim bildirdi ki, təcili Bakıya qayıt, prezident Heydər Əliyev işə qarışıb, vəziyyət çox gərgindir… Məlum oldu ki, Fatma Abdullazadə qəzetdəkiləri Ramiz Mehdiyevə tərsinə məruzə edir, o da Prezident Heydər Əliyevə fərqli izahlayıb… Gəlirəm əsas məsələyə: üstündən uzun illər keçdi, Gülxanım Fətəliqızının həyat yoldaşı, ustad Məmməd Arazın xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabı işıq üzü gördü. Kitabda oxuyuram… Demək, həmin vaxt Fatma Abdullazadə Bəxtiyar Vahabzadəyə zəng edir ki, təcili olaraq «Təzadlar» qəzetinin Redaksiya Heyətindən istefa verirsiniz və qəzetlə bağlı bəyanata imza atırsınız və s. Budur, neçə illər sonra kitabda yazılır: “…Bəxtiyar müəllim əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bu məqamda telefona zəng gəldi, Prezident Aparatından Fatma Abdullazadə Məmmədlə danışmaq istədiyini bildirdi. Dedim ki, Bəxtiyar Vahabzadə ilə danışır… 

Dedi: 

– Buyursunlar, gözləyirəm… Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu… Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var?.. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq… (Qəzet 1993-cü ildə təsis edilib, Xudu müəllim isə 1988-ci ildə vəfat edib. RED.”Təzadlar”). Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.

– Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Ona görə də özünüz zəng edərsiniz.

Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım.

Bəxtiyar müəllim təzədən zəng edib telefonla danışdı:

– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır,  danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə?  Dedim  ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür… Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib… İndi Fatma deyir ki, qəzetin Redaksiya Heyətindən çıxıb bəyanat verməlisiniz…

– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…

– Elədir… Qəzetdə mənim və Məmmədin də adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar… Fatma mənə deyir ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən… Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.

–Yaxşı, Bəxtiyar müəllim, danışaram.

– Hə bala, Məmmədlə danış görək neyləyirik…”.

 Sonda: Məmməd Araza təkrar zəng edəndə, Fatma Abdullazadənin təklifini rədd edir… Və Bəxtiyar Vahabzadə isə prezident Heydər Əliyevlə danışır, vəziyyəti olduğu kimi söyləyir, Fatma xanımın məsələni şişirtdiyini bildirir, qəzetdə xalqı üsyana deyil, torpaqların azadlığına çağırış olduğunu söyləyir… Bəxtiyar müəllim deyirdi ki, Rəhmətlik Heydər Əliyev PA-nın şöbə müdiri Fatma Abdullazadəni bu yanlış izahlarına görə o ki var danlayıb…».

***

Xatırladırıq ki, bu gün “Təzadlar” qəzetinin 33 yaşı tamam olur: yəni, 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi gündür-, anadan olduğu gün(ilk sayı isə aprelin 14-də işıq üzü görüb). Bu günədək bizə dəyər verən oxucularımızı salamlayır və var olun deyirəm… MEDİA Agentliyinin rəhbərliyinə, Mətbuat Şurasının hazırkı rəhbərliyinə… təşəkkürümüzü çatdırıram! Çətin, mürəkkəb və məsuliyyətli, amma olduqca incə bir yoldayıq… O yol ki, Azərbaycanımızın və dövlətimizin adınadır-özümüzün seçdiyimi-getdiyimiz yoldur!

«Təzadlar»

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!