Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçikanın Vervye şəhərində aprelin 7-də Azərbaycanın musiqi mədəniyyətinə həsr olunmuş gecə keçirilib.
Tezadlar.az ın Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə “Butam” Həmvətənlər Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilib və Vervye konservatoriyasında baş tutub.
Gecənin qonaqlarına Azərbaycanın musiqi ənənələri, muğam və Üzeyir Hacıbəyli tərəfindən Şərqdə yazılmış ilk opera haqqında məlumat verilib.
Qonaqlar, həmçinin tanınmış Azərbaycan musiqiçilərinin canlı ifasından zövq ala biliblər – Sadıx Ağamalıyev muğam və xalq mahnılarını ifa edib, Cavid Səlimov tarda, Emin Sadıxlı isə kamançada çalıb.
Tamaşaçılar gözlənilməz interpretasiyaları hərarətlə qarşılayıblar: klassik Qərb əsərləri Azərbaycan alətləri sayəsində tamamilə yeni tərzdə səslənib. Alqışlardan da göründüyü kimi, məhz bu anlar ən çox yaddaqalan anlardan biri olub.
Gecəni rəqs nömrələri tamamlayıb. Onlardan biri əsl heyranlıq yaradıb – gənc rəqqas getdikcə sürətlənən ritmə dəqiq ayaqlaşaraq tək ayaq üstündə sürətli hərəkətlər nümayiş etdirib.
Tədbirin sonunda təşkilatçılar simvolik bir jest ediblər: 150 ildən çox əvvəl əsası qoyulmuş konservatoriyaya tar və kamança hədiyyə ediblər. Direktor müavini Reyçel Vintagenə həmçinin ənənəvi Şəki kəlağayısı təqdim olunub.
Təşkilatçılar ümid edirdilər ki, bu gecə sadəcə tanışlıq yox, həm də ilham mənbəyi olacaq və tələbələrdən kimsə Azərbaycan musiqi alətlərini öyrənmək istəyəcək.