Əsas məzmuna keç

Rusiya Ukraynaya yeni kütləvi zərbə üçün hazırlıqları başa çatdırır – Zelenski

Rusiya ordusu Ukraynaya yeni kütləvi zərbə üçün hazırlıqları başa çatdırır və kəşfiyyat məlumatlarına görə, bu hücumun hədəfləri enerji və logistika infrastrukturu, eləcə də şəhər və qəsəbələrdəki vacib infrastruktur olacaq.

Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu konfrans zəngini yekunlaşdırarkən açıqlayıb.

Prezident qeyd edib ki, hazırda Xarici İşlər Nazirliyindən hava hücumundan müdafiə aktivlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı tərəfdaşlarla danışıqların nəticələri barədə hesabat gözləyir. Prezidentin sözlərinə görə, əsas məqsəd Patriot və NASAMS sistemləri üçün tutucu raketlərdir.

Prezident həmçinin qeyd edib ki, ruslar Ukraynadakı yarımstansiyalara, hava elektrik xətlərinə və bütün elektrik şəbəkəsinə hücumlarını davam etdirirlər.

“Hazırda Dneprdə, bölgənin Dnepr rayonunda və Pavloqradda vəziyyət xüsusilə çətindir. Bütün lazımi təmir resursları səfərbər edilib. Həmçinin Odessa və ətraf bölgədə, Xarkov bölgəsində, Konotopda və bütövlükdə Sumı bölgəsində görülən işləri qeyd etmək istərdim. Ehtiyat avadanlıqların mövcud olması, təmir briqadalarının peşəkar olması və işlərin gecə-gündüz aparılması vacibdir”, – deyə prezident vurğulayıb.

Xatırladaq ki, 26 noyabr gecəsi ruslar Kiyevə ballistik raket hücumu həyata keçiriblər. Hücum nəticəsində yeddi nəfər yaralanıb. Mer Vitali Kliçko Desnyanski rayonunda raket zərbələrinin sənaye zonasına və qeyri-yaşayış binasına dəydiyini bildirib. Raketlər həmçinin paytaxtdakı ticarət mərkəzinə də dəyib.

26 noyabrda ruslar Xarkova dronlarla hücum ediblər. Zərbələr qeydə alınıb, o cümlədən universitet binasına bir zərbə endirilib, bir qadın ölüb. Hücum nəticəsində daha altı nəfər yaralanıb.

ELBAR   

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…