Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli iş adamı Acun Ilıcalı Sloveniyanın “Maribor” klubunu satışa çıxarmağa hazırlaşır.
Tezadlar.az xəbər verir ki, klubun uğursuz mövsüm keçirməsi bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.
Məlumata görə, Ilıcalı iki il əvvəl səhmlərinin 74 faizini aldığı “Maribor”la ikinci mövsümünü də titulsuz başa vurmaq üzrədir. Komanda son turda lider “Celje” ilə səfər oyununda məğlub olaraq çempionluq şansını xeyli azaldıb.
Bildirilir ki, sahibkar klubdan gözlədiyi idman və maliyyə nəticələrini əldə edə bilmədiyi üçün bu investisiyadan çıxmaq istəyir. Ilıcalının əsas diqqətini İngiltərədə çıxış edən “Hull City” klubuna yönəltmək niyyətində olduğu vurğulanır. Komanda Premyer Liqaya yüksələcəyi təqdirdə, yayım hüquqları və sponsorluqlardan təxminən 300 milyon avro gəlir əldə edə bilər.
Məlumata əsasən, Ilıcalı “Maribor”u təxminən 9 milyon avroya satmağa hazırdır. Klubla yunanıstanlı iş adamı Evangelos Marinakis maraqlanır. Marinakis hazırda “Nottinqem Forest”, “Olimpiakos” və “Rio Ave” kimi klubların sahibidir.
Qeyd edək ki, Sloveniya çempionatında 16 dəfə qalib olan “Maribor” son üç mövsümü ikinci pillədə tamamlayıb. Hazırda 47 xalla ikinci yerdə qərarlaşan komanda mövsümün bitməsinə 9 tur qalmış liderdən 12 xal geri qalır və çempionluq şansı xeyli azdır.