Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sovetlər-kommunistlər dönəmində Azərbaycanda türk simvollarının, eləcə də islam ənənələrinin, milli bayramların qadağan olunduğu bir vaxtda Ağdamın Mərzili kəndində nəinki 100-150 il əvvəl, hətta bolşeviklərin-kommunistlərin zamanında belə, qəbir daşlarına “ay-ulduz” həkk edilib. Təbii ki, Sovetlər dönəmində belə simvolların daşlaşdırılıb-əbədiləşdirilməsi qadağan edilib, mümkünsüz olub. Lakin kənd erməni işğalından azad edildikdən sonra çəkilmiş fotoşəkillər bunları tamamilə təsdiq edir(Şəkildə: kənd sakini Məmmədov Bahadur Ağa oğlunun qəbir daşı təsvir edilib(1897-1971).
Kəndin məzarlığında apardığımız foto və videoçəkilişlər bir daha təsdiqləyir ki, Sovet-bolşevik rejimi insanların qəlbindəki türk-islam bağlılığını yox edə bilməyib.
Xatırlatma: 1920-1930-cu illərdə Sovet rejiminə qarşı mübarizə aparan Müsavat partiyasının özəklərindən biri də Mərzili kəndində olmuşdur, represiya dövründə 40-dan çox adam həbs edilmiş, onlardan 23 nəfəri rejimin düşməni kimi 1936-37-ci illərdə güllələnmişdir. Lakin sonradan hamısı Ali Məhkəmənin qərarı ilə bəraət almışdır(ölümündən sonra).
***
ARAYIŞ: Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. Türk-müsəlman simvolikasında aypara-ulduz: bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur. Osmanlıların bütün fəth əməliyyatları bu simvolun altında həyata keçirilirdi. Bundan sonra ayrpara və ulduz rəmzi bütün müsəlman dünyasında istifadə edilməyə başlamışdır. Tarixi faktlara əsaslanaraq demək olar ki, aypara-ulduz rəmzi qədim türklərin İslamdan öncəki simvolu olmuşdur. Buna dəlil kimi, arxeoloji qazıntılar zamanı Orta Asiyada tapılmış və VI–VII əsrlərdə basılmış Göytürk imperiyasının sikkələrini göstərmək olar. Onların üzərində bu rəmz təsvir olunmuşdur.[1] Bəlkə də bu fakt qədim türklərin şumerlərin nəsli olduğunun daha bir dəlilidir. Bu şəkillərdə diqqəti cəlb edən amil ulduzun altıguşəli olmasıdır.
Bundan sonra da, müxtəlif türk və müsəlman dövlətləri öz simvollarında aypara-ulduzdan istifadə edib və etməkdə davam edirlər. Bəzi hallarda isə ayparalar ulduzsuz da təsvir olunmuşdur. Buna misal olaraq Qızıl Orda (XIII–XIV əsrlər) və Qəznəvilər (X–XII əsrlər) dövləti kimi böyük türk imperiyalarının bayraqlarını göstərmək olar. Ulduzlarla bağlı simvol Yaxın Şərq ölkələrində müsəlman-türk memarlığında da geniş istifadə olunurdu. Məsələn, Misirdə türk sülaləsi olan Tulunilərin hakimiyyəti (IX əsr) zamanı inşa edilmiş sultan Əhməd ibn Tulun məscidinin günbəzində Quran ayələri ilə birlikdə altıguşəli ulduzun da təsviri həkk olunmuşdur. Qahirədəki bəzi məscidlərin minbərlərində də bu rəmzə rast gəlinir.
Daha bir misalı Azərbaycan memarlığından gətirmək olar. Şirvanşahlar dövründə (XI əsrdə) Bakıda inşa olunan Məhəmməd məscidinin üstündə beş və altıguşəli ulduzlar həkk olunmuşdur. O dövrdə Şirvan səlcuğ türklərinin təsiri altında olmuş və bu simvol məhz türklər tərəfindən burada yayıla bilərdi.
Asif MƏRZİLİ
(Foto: müəllifindir)