Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/7
Qərb ölkələrində Şərqin “Elizabet Teylor”u adlandırılan, Sultan ləqəbi ilə isə Türk mədəniyyətinin və kino irsinin əsl simvoluna çevrilən, ekranların əvəzolunmaz siması və Yeşilçamın dörd yarpaqlı yoncalarından biri, aktrisa, ssenarist, rejisssor və yazıçı olan Türkan Şoray, yarım əsrdən artıq davam edən karyerası ilə nəinki Türkiyədə, hətta bütün dünyada milyonlarla tamaşaçının qəlbində xüsusi yer tutub. O, çəkildiyi filmlər, canlandırdığı unudulmaz obrazlar, individual aktyorluq üslubu, qazandığı saysız-hesabsız mükafatlar, sosial fəaliyyətləri və ictimai həyatı ilə cəmiyyətə təsir göstərməyi lazımi səviyyədə bacarıb.
“Təzadlar.az” olaraq bu əvəzolunmaz xanımın həyat və yaradıcılığını araşdıraraq Siz oxucularımızla bölüşürük.
Türkan Xalid qızı Şoray 1945-ci il iyun ayının 28-də İstanbul şəhərinin Əyyubsultan səmtində dövlət məmuru ailəsində dünyaya gəlmişdir. Onun atası Xalid Şoray çərkəz əsilli dəmiryol növbətçisi, anası Meliha Şoray isə əslən Selanikli olan evdar qadın idi. Ailənin Tükandan başqa Nazan adlı da qızı var idi. 1954-cü ildə Türkanın valideynləri boşanmış və anası Meliha Şoray Karagümrükdə mənzil kirayələyərək qızları ilə ora köçmüşdür, Burada Türkan Şoray Fatih Qızlar Liseyini bitirmişdi.
Türkan ailəsinin kirayədə qaldığı mənzilin sahibi Türkiyənin ilk aktrisalarından olan Emel Yıldız idi. Türkanı kinoya gətirəndə məhz Emel Yıldız olmuşdu. O, Türkan Şorayı tezliklə müqavilə bağladığı Yeşilçam studiyasına gətirdi.
Onun çəkildiyi ilk film 1960-cı ildə “Kənddə bir qız sevdim” olmuşdur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadığı “Acı Həyat” filmi Şoraya ilk Qızıl Portağal mükafatını qazandırmışdır. Bu filmdə manikürçü Nərmin rolunu oynayan aktrisa üçün karyerasında əhəmiyyətli bir addım oldu. 1968-ci ildə Sait Faiq Abasıyanıkın “Bənövşə Vadisi” hekayəsindən ilhamlanaraq Safa Önalın yazdığı “Vesikalı Yarım” filmi ilə Şoray karyerasında ikinci “Qızıl Portağal” mükafatını qazandırmışdı.
Aktrisanın kino karyerası ərzində canlandırdığı rollar arasında bir çox məşhur filmlər yer alır. Onun oynadığı filmlər arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınan layihələr mövcuddur. Dram, komediya və sosial mövzulu filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmışdır. Ən çox sevilən filmləri arasında müasir dövrün problemlərini əks etdirən, həmçinin milli dəyərləri önə çəkən ekran işləri xüsusi yer tutur. Bu filmlər aktrisanın aktyorluq bacarıqlarını nümayiş etdirməklə yanaşı, Azərbaycan kinosunun inkişafına da töhfə verib.
Şöhrətinin artması ilə kişilərin diqqətini cəlb edən aktrisa günlərin birində film çəkilişi zamanı özündən xeyli böyük olan iş adamı Rüçhan Adlı ilə tanış olur. Rüçhan Adlının Şorayın həyatında mühüm yeri olur. Ata məhəbbətindən, sevgisindən məhrum böyüyən aktrisa bu sevgi və qayğını Adlıda taparaq 20 il onunla birgə yaşayır.
Ancaq deyilənlərə görə, Gülsen İşer adlı jurnalist Müslüm Gürsesin xanımı haqqnda yazdığı “Ömrüm boyu ağladım” adlı kitabında Rüçhan Adlının Türkan Şoraydan əvvəl onun anası Meliha Şoray ilə sevgi münasibətində olduğunu və onları Meliha Şorayın tanış etdiyini yazır. Hətta Meliha Şoray qızı Türkana: “Rühan Adlıdan xoşu gəldiyini, bu səbəbdən onunla mehriban olmağını istəyirəm”- demişdi. Lakin Türkan Şoray ilə Rüçhan Adlı arasında yaranmış sevgi ana-qız münasibətlərinin pisləşməsinə gətirib çıxarmışdı. Bu faktı Türkan Şoray da təsdiqləmiş, jurnalistlərə verdiyi müsahibəsində: “Ana-qız eyni adamı sevirik, bu səbəbdən də Rüçhan Adlıdan ayrılmalıyam”- kimi fikirləri bildirmişnadi. Buna baxmayaraq, Türkan Şoray dediyi kimi etmədi. Günlərin birində anasının təkidi ilə gözəllik salonuna gedərkən yolda Rüçhan Adlının Meliha Şorayın üzərinə avtomobilini sürmüşdü. Hətta bu məsələ Məhkəməyə qədər gedib çıxmış, Meliha Şoray öz ifadəsində baş verən hadisəni təsdiqləyərək Rüçhan Adlı şəxsin onu odunla döydüyünü də bildirmişdi. Bu hadisədə Türkan Şoray Rühan Adlının tərəfini saxlayaraq evi tərk etmiş və xalasının yanına köçmüşdü. Bununla da anası ilə arasında uzun müddət küslük yaşanmış və Meliha Şorayın onu ən böyük düşmənim adlandırmışdı. Meliha Şoray qızına Rüçhanın ondan yaşda böyük olduğu üçün dəfələrlə irad bildirmişdi. Türkan Şoray o vaxtın müsahibələrinin birində bu barədə: “Anam özündən 10 yaş kiçik olan Ahmet Çevik ilə evlənməyə hazırlaşır və mən ona qarışmıram, o da mənə qarışmasın”- deyə fikir bildirmişdi.
Doğrudan da belə oldu. Türkanın anası Meliha Şoray Ahmet Çeviklə ailə həyatı qurdu. Bu evlilikdən Melihanın Figen adlı qızı doğuldu. Bütün küslüklərə rəğmən Türkan Şoray ögey bacısını görməyə getmiş və anasının xəstəliyində də onun yanında olmuşdu.
Ancaq Türkanın Rüçhan sevgisi bütün yaşananlara baxmayaraq bitməmiş, əksinə 20 ilə yaxın davam etmişdi. Bu səbəbdəndir ki, Rüçhan Adlının Türkanın “sultan” olmasında və qanunlarının formalaşmasında böyük rolu olmuşdur. Adlı göndərdiyi gül buketlərinə bağladığı kartlarda və ya qoyduğu qeydlərdə Şoraya həmişə “Sultanım” deyə müraciət edirmiş. Bir müddət sonra həmin söz Şorayın ləqəbinə çevrilir.

Kinoteatrlarda Türkanın eyni mövzuda çəkildiyi filmlərin nümayiş olunması onun əleyhinə işləməyə başlayır. Aktrisa seçici davranmağa, çəkiləcəyi filmlərin müqabilində yüksək qonorar tələb etməyə başlayır. Ancaq bu da film istehsalçıları tərəfindən onun qara siyahıya salınmasına səbəb olur. Belə olan halda Şoray prodüsserlərinin və menecerlərinin köməyi ilə 16 bənddən ibarət qaydalar formalaşdırır. Və təklif olunan hər bir ekran işi üçün bu qaydaları təqdim edir.
Həmin qaydalar bunlardır:
Bu qanunlardan en diqqət çəkəni hesab edilən “Filmdə öpüşmə ve açıq səhnə olmayacaqdır” qadağasını 1982-ci ildə Cihan Ünalla baş rolunu paylaşdığı “Mine” filmi ilə aradan qaldırmışdır.
Lakin aktrisanın karyerasında ən böyük rola malik olan filmi 1977-ci ildə Kadir İnanırla birgə çəkildiyi “Selvi boylum, al yazmalım” adlı filmi olmuşdur.
Yeşilçamın “Sultanı” olan Türkan Şoray filmlərində Cüneyt Arkın, Ediz Hun, Ekrem Bora, Tarık Akan, İzzet Günay, Murat Soydan, Tanju Gürsu və Kadir İnanır kimi tanınmış aktyorlarla başrolu paylaşmışdır.
Türkanın Cihan Ünalla evliliyi
1983-cü ildə aktrisa iyirimi il birlikdə yaşadığı Rüçhan Adlıdan ayrılır. Elə həmin ildə o, kino və teatr sənətçisi Cihan Ünalla ailə qurur. Bu evlilikdən onların Yağmur adlı qızları dünyaya gəlir. Ancaq dörd il davam edir və cütlük 1987-ci ildə ayrılmaq qərarı verir.
Çoxları aktrisanın iyirmi il birlikdə olduğu Rüçhan bəyi sevdiyini iddia etsələr də, aktrisa verdiyi müsahibələrdə və açıqlamalarda qızının atasını sevdiyini hiss etdirib. Türkan Şoray müsahibələrinin birində deyir: “Rüçhan bəy mənim üçün ata kimi idi, çünki o, məndən xeyli yaşlı idi. Cihan bəyin hər zaman ürəyimdə yeri var. Ölənə qədər də belə olacaq. Ən qiymətli varlığım olan qızım Yağmurun atasıdır. Cihan bəy. Çox yaxşı atadır. Yağmurun bütün özəl günlərində bizimlə olub, hər zaman bir yerdə olmuşuq”.
Əsli Naxçıvandan olan Sultan
Bəzi yerli mənbələrdə aktrisanın ata tərəfdən Naxçıvanlı olduğu yazılır. Bu haqda o, müsahibələrinin birində deyir: “Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir”.
Rekorda imza atan kinoulduz
Türkan Şoray karyerası boyu 222-dən çox filmdə rol alaraq bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. Onun çəkildiyi məşhur filmlərə “Sultan”, “Dila hanım”, “Artık sevmeyəceğim”, “Meleklerin intikamı”, “Tapılacak kadın”, “Dünyanın en güzəl kadını”, “Fosforlu cevriyem”, “Mavi eşarp”, “Melek mi, Şeytan mı”, “Unutulan kadın” və s. filmləri misal göstərmək olar.
Türkan Şoray bununla yanaşı, ümumilikdə 11 serialda rol almışdır. Həmin seriallar arasında ən çox rəğbət qazanılanlar isə 1998-1999-cu illərdə Şener Şen ilə birlikdə oynadığı “İkinci bahar” və 2001-2004-cü illərdə Haluk Bilginer ilə baş rol paylaşdığı “Tatlı hayat” serialları olmuşdur.
Türkan Şorayın dövrünün digər aktrisalarından üstünlüyü onun həm də rejissorluq etməsi idi. Belə ki, o, “Dönüş” (1972), “Əzab” (1973), “Bodrum Hâkimi” (1976), “İlanı Öldürsələr” (1981) və “Uzaqlarda” “Axtarma”(2015) filmlərini çəkmişdir.
Zövqlü aktrisanın estetik əməliyyatları
81 yaşlı aktrisanın karyerasının ilk illərindəki görünüşü ilə sonradan əldə etdiyi görünüşü arasındakı yaranmış fərq geniş müzakirələrə səbəb oluşdur. Belə ki, Türkan Şorayın keçirdiyi estetik əməliyyatların uğurlu, yerli-yerində olmasında onun peşəkar cərrahlara müraciət etməsinin böyük rolu var.
Türkan Şorayın bugünə kimi keçirdiyi estetik əməliyyatlar bunlardır:
Aktrisa öz estetikləri ilə yanaşı geyimlərinə də xüsusi diqqət yetirib. Belə ki, aktrisa film çəkilişlərində geyinəcəyi libasları zövqünə güvəndiyi üçün özü seçərdi. Hətta bu onun tərtib etdiyi qanunlarda da öz əksini tapırdı.
Təbii haldır ki, Türkan Şorayın tanınmasında, özünü sevdirmsində çəkildiyi filmlərin sayı ilə rekorda imza atmasında, ən əsası ikonaya çevrilməsində sənətçinin ifa etdiyi peşəkar və təbii rolları ilə yanaşı, keçirdiyi uğurlu əməliyyatların və zövqlü geyimlərinin də xüsusi rolu var.
Xeyriyyəçi aktrisa
Türk kinematoqrafiyasının qızıl dövrünə damğa vurmuş aktrisa müxtəlif sosial məsuliyyət layihələrində aktiv rol oynayıb. Məsələn, İstanbulun Rumelihisarı qəsəbəsində məcburi köçkün uşaqlar üçün bir məktəb tikdirmişdir. Həmçinin insan haqları, uşaq hüquqları mövzusunda xeyriyyə aksiyalarında və maarifləndirmə layihələrində iştirak edib. Məhz buna görə də o, 12 mart 2010-cu ildə Türkan Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: “Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik”.
81 yaşlı aktrisa dəfələrlə ölkədə və ölkədən kənarda çoxsaylı mükafatlar qazanıb. O, hətta Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi adını qazanmışdır. Bununla yanaşı, “Sinemam ve ben” adlı kitabın da müəllifidir.
Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, Türkan Şoray yalnız aktrisa, rejisor və ya ssenarist deyil, o, eyni zamanda çəkildiyi qadın rollarına yeni bir dərinlik gətirərək bir çox gənc aktrisaya ilham verməklə türk mədəniyyətinin simvollarından birinə çevrilmişdir. O, Türk kinosunun inkişafında böyük rol oynayan dəyərli sənətkardır. Onun irsi həm kino sənətində, həm də ictimai həyatda qadınların güclənməsinə verdiyi töhfələrlə yadda qalır.
Hazırladı: RÖVŞANƏ