10 Aprel 2026 / 18:10

ABŞ–İran gərginliyi fonunda diplomatik siqnallar – danışıqlardan müsbət gözləntilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens aprelin 11-nə planlaşdırılan İranla danışıqlarda iştirak etmək üçün aprelin 10-u Pakistana yola düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “CBS News” jurnalisti Cennifer Ceykobs “X” sosial şəbəkəsində bildirib.

Onun məlumatına görə, Vens danışıqların nəticələrinə dair ehtiyatlı nikbinlik ifadə edib.

“Düşünürəm ki, hər şey müsbət keçəcək”, – o qeyd edib.

Vensin sözlərinə görə, Vaşinqton Tehranın dürüst yanaşması şərti ilə dialoqa açıqdır.

“ABŞ Prezidenti Donald Trampın dediyi kimi, əgər iranlılar danışıqları dürüst aparmağa hazırdırlarsa, şübhəsiz ki, onlara əlimizi uzatmağa hazırıq. Yox əgər bizi aldatmağa cəhd etsələr, o zaman görəcəklər ki, danışıqlar komandası buna çox da reaksiya vermir”, – o deyib.

Vens əlavə edib ki, ABŞ Prezidenti komandasına danışıqlardakı davranışlarına dair dəqiq göstərişlər verib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!