14 Aprel 2026 / 22:17

“Qarabağ”ın qapıçısından alqışlanacaq addım: Mateuş Koxalski Salyan kəndində!

Tezadlar.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın polşalı qolkiperi Mateuş Koxalski yaşıl meydanlardan kənarda nümunəvi hərəkəti ilə diqqət çəkib. Təcrübəli qapıçı Salyan rayonunun Kürsəngi kəndinə səfər edərək yerli sakinlərin və gənc futbolçuların qonağı olub.

Koxalski səfər zamanı Kürsəngi kəndində fəaliyyət göstərən eyniadlı komandanın azyaşlı futbolçuları ilə görüşüb. Polşalı qapıçı uşaqlarla söhbət edib, onlara öz məsləhətlərini verib və xatirə şəkilləri çəkdirib. Bu görüş gənc futbolçular üçün böyük motivasiya mənbəyinə çevrilib.

Görüş zamanı uşaqların həm Azərbaycan, həm də Polşa bayraqlarını dalğalandırması diqqətdən yayınmayıb. Bu mənzərə idmanın xalqlar arasında dostluq körpüsü rolunu oynamasının növbəti sübutu olub.

Sosial mediada böyük maraqla qarşılanan bu addım azarkeşlər tərəfindən yüksək qiymətləndirilib. Bir çox izləyici Koxalskinin həm peşəkarlığına, həm də sadəliyinə görə onu Azərbaycan futbolunun ən yaxşı legioner qapıçılarından biri hesab etdiklərini vurğulayıblar.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!