Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Dövlət Departamenti İsrail və Livan arasında Vaşinqtonda keçirilən görüşdən sonra bütün tərəflərin qarşılıqlı razılaşdırılmış vaxt və yerdə birbaşa danışıqlara başlamaq barədə razılığa gəldiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən və “1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa görüş” kimi xarakterizə edilən görüşlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada görüşün “çox məhsuldar” olduğu, ABŞ hər iki ölkəni təbrik etdiyi və bugünkü görüşün gələcək müzakirələr üçün möhkəm təməl qoyduğu bildirilib.
Açıqlamada bütün tərəflərin qarşılıqlı razılaşdırılmış vaxt və yerdə birbaşa danışıqlara başlamaq barədə razılığa gəldiyi vurğulanıb.
Livan “Ərazi bütövlüyünü” vurğulayır
Livan tərəfi İsrailin davam edən hücumlarına istinad edərək açıqlamada bildirib: “Livan dövləti 2024-cü ilin noyabr ayında elan edilən atəşkəs müqaviləsinin tam şəkildə həyata keçirilməsinə təcili ehtiyac olduğunu bir daha təsdiqləyir və ərazi bütövlüyü və tam dövlət suverenliyi prinsiplərini vurğulayır.”
Açıqlamada ABŞ və İsrailin “Hizbullah”la bağlı gözləntilərinin açıq şəkildə ifadə olunduğu qeyd edilərək əlavə edilib: “ABŞ danışıqların 2024-cü il müqaviləsinin əhatə dairəsindən kənara çıxacağına və hərtərəfli sülh müqaviləsinə gətirib çıxaracağına ümid etdiyini bildirib. ABŞ həmçinin İsrailin “Hizbullah”ın davam edən hücumlarına qarşı özünümüdafiə hüququnu dəstəklədiyini bildirib.”
Açıqlamada həmçinin gələcək danışıqların ABŞ-ın vasitəçiliyi ilə aparılmalı olduğu və Livanın yenidən qurulması üçün mümkün yardımla bağlı məsələlərin də müzakirə olunacağı vurğulanıb.
İsrailin görüşdəki yanaşması ilə bağlı açıqlamada deyilir: “İsrail dövləti Livandakı bütün qeyri-dövlət terrorçu qruplarının tərksilah edilməsinə və bütün terror infrastrukturunun ləğvinə dəstəyini ifadə edib və hər iki ölkə xalqlarının təhlükəsizliyini təmin etmək üçün Livan hökuməti ilə əməkdaşlıq etmək öhdəliyini təsdiqləyib.”
Dövlət Departamentinin binasında keçirilən görüşdə ABŞ Dövlət Katibi Marko Rubio, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Mayk Valts, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, ABŞ-ın Beyrutdakı səfiri Mişel İssa, İsrailin Vaşinqtondakı səfiri Yeçiel Leyter və Livanın Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad iştirak ediblər.
Görüşdən əvvəl verdiyi qısa açıqlamada ABŞ Dövlət Katibi Rubio iki ölkə arasındakı problemlərin bir gecədə həll olunmayacağını, lakin bu görüşün son dərəcə vacib olduğunu bildirib və əlavə edib: “Bu, tarixi bir fürsətdir. Bizi bu nöqtəyə və bu fürsətə gətirən onilliklər boyu davam edən tarixdən dərslər var.”
E.ŞİRİNOV