15 Aprel 2026 / 04:28

İsrailin Qəzzaya hücumları nəticəsində 16 nəfər həyatını itirib

Atəşkəsə baxmayaraq, son 48 saat ərzində İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində 16 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, xəstəxana mənbələrinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Şati qaçqın düşərgəsinə hava hücumu həyata keçirib.

Hücum nəticəsində beş nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Günün əvvəlində İsrail ordusu Qəzza şəhərinin şərqində polis maşınını pilotsuz təyyarə ilə bombalayıb, nəticədə, biri uşaq olmaqla dörd fələstinli həlak olub və bir çox insan yaralanıb.

Köçkünlərin yaşadığı Cəbəliya Beled bölgəsindəki Halave qaçqın düşərgəsində 14 yaşlı Adam Halave İsrail əsgərlərinin atəşi nəticəsində həlak olub.

Bu gün İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

Dünən İsrailin Qəzza zolağına hücumlarında altı fələstinli həlak olub.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında ən azı 757 nəfər ölüb, 2111 nəfər yaralanıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında 72 mindən çox fələstinli həyatını itirib, 172 mindən çox insan isə yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!