Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 12:50

“Bir millətin iradəsi dünyanın ən ölümcül silahından da qüdrətlidir”-SƏFİRİN “TƏZADLAR”A MÜSAHİBƏSİ

…Bildiyimiz kimi, 2026-cı il fevralın 28-də İsrail və Amerika Birləşmiş Ştatları tərəfindən İrana qarşı birgə hücum əməliyyatı həyata keçirildi. Qeyd edək ki, İsrail tərəfindən “Nərildəyən Şir”, ABŞ Müdafiə Nazirliyi  tərəfindən isə “Epik qəzəb əməliyyatı” adlandırılan bu əməliyyat, İranın Tehran,  İsfahan,  Qum,  Kərəc, Kirmanşah və Məşhəd şəhərlərinə endirilən bir sıra raket zərbələri ilə başladı. Bununla da ABŞ prezidenti Donald Tramp dünya ölkələrinə İsraillə birlikdə İranı vurduqlarını açıqladı.

O, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərini silahları yerə qoymağa və bunun müqabilində toxunulmazlıq əldə etməyə çağırdı, əks halda imtinanın “qaçılmaz ölüm” demək olacağını bildirdi. ABŞ və İsrailin hücumları nəticəsində İranın Ali rəhbəri Ayətullah Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, müdafiə naziri Əmir Nəsirzadənin və digər vəzifəli şəxslərin hələk olmalarına səbəb olmuşdur.

ABŞ prezidenti Donald Tramp, mətbuata etmiş olduğu açıqlamasında “əməliyyatın məqsədinin İranın raket və hərbi imkanlarını məhv etmək, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və nəhayət, İrandakı rejimi devirmək olduğunu” –  bildirdi.

İranın öz ölkəsini qorumaq məqsədilə ona qarşı edilmiş hücumlara qarşılıqlı cavab verməsi, hətta ABŞ-nın İordaniya, Küveyt, Bəhreyn, Qətər, İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən hərbi bazalarını hədəf alması regionda vəziyyəti daha da alovlandırdı. Təbii ki, bu da regional sabitliyi pozduğu və beynəlxalq hüquqazidd olduğu üçün Birləşmiş Millətlər Təşkilatı və bir sıra münaqişəyə qoşulmayan ölkələr tərəfindən ABŞ və İsraillə yanaşı, İranın da şiddətlə qınanmasına səbəb oldu. Hansı ki, İran bunu öz ölkəsini qorumaq məqsədilə cavab əlaməti olaraq etmişdi…

 ABŞ-ın İrana hücum etməsi üçün yaratdığı “zəmin”

 ABŞ-nin 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxması İrana qarşı sanksiyaların tətbiq olunmasına, o cümlədən, ABŞ və onun müttəfiqlərinin İran ilə aralarındakı münasibətlərdə diplomatiya əvəzinə güc tətbiqinə üstünlük verilməsinə səbəb oldu. Beləliklə, Tramp administrasiyası “maksimum təzyiq” strategiyasını qəbul edərək İrana qarşı bir çox sanksiyalar tətbiq etdi. Bəs görəsən ABŞ və İsrailin İrana qarşı hücumlarındakı əsas məqsəd nədir? Bunun üçün əlbəttəki müxtəlif fərziyyələr var. İlkin fərziyyə – İranın ABŞ və ona müttəfiq olan ölkələr tərəfindən müxtəlif sanksiyalara uğramasına rəğmən hələ də mövcud gücünün sarsılmamasıdır. İkinci fərziyyə – İranın yerləşdiyi region üzrə strateji əhəmiyyət kəsb etməsi və həmin regiona ABŞ və İsrailin nəzarət etməsi istəyidir. Üçüncü fərziyyə isə – ABŞ və İsrailin İrana etmiş olduğu birgə hücumlarla İran üzərində qələbə qazanmaqla mövcud rejimi ləğv etmək və bununla da bütün dünyada öz nüfuzlarını gücləndirməkdən ibarətdir.

Təbii ki bütün bu fərziyyələrin hamısı bir ehtimal olaraq qalır, lakin dəqiq olan odur ki, bu müharibə nəticəsində İran və İsrailin bir çox şəhərləri, strateji əhəmiyyət kəsb edən obyektləri, məktəb və xəstəxanaları dağıdılmış, o cümlədən dinc əhali bundan xeyli ziyan görmüşdür. Danılmaz faktdır ki, bundan ən çox əziyyət çəkən isə İran olmuşdur. İran iqtisadiyyatına külli miqdarda zərər dəymişdir… Məqamında bildirim ki, mən siyasətçi deyiləm. Sadəcə ömrünün 34 ilini jurnalistikaya həsr etmiş müxbir, vətəndaş, hətta vaxtilə 14 dəfə İran İslam Respublikasında olub, o ölkəni az-çox yaxından tanıyan bir şəxs kimi baş verən bu müharibənin tezliklə sülh yolu ilə həll olunmasını arzulayıram.

Çünki bəşəriyyət və dünya xalqlarına sülh, əmin-amanlıq, firavanlıq və xoşbəxtlik yaraşır. Müharibələr nəticəsində saysız-hesabsız yetim qalan uşaqlar, ailə başçılarını itirmiş ailələr, onların çəkdikləri maddi və mənəvi psixoloji travmalar illərlə bərpa oluna bilmir. Odur ki, ABŞ-İsrail-İran müharibəsi heç də təqdirəlayiq hal deyil. Üstəlik də ABŞ İrandan 12000 km uzaq bir məsafədə yerləşir… Qeyd etdiyim bu fikirlər şəxsi dünyagörüşümün nəticəsindən irəli gəlir. Odur ki, regionda cərəyan edən hadisələrin hal-hazırkı vəziyyətinin necə olduğunu dəqiq bilmək üçün İran İslam Respublikasının Azərbaycandakı Səfiri, cənab Müctəba Dəmirçilu ilə görüşərək suallarımıza cavab aldıq. Müsahibəmizə keçmədən öncə Tezadlar.az-ın oxucularına ilk öncə cənab səfir –  Müctəba Dəmirçilu haqqında qısa bir xatırlama verək. Məqamında bildirək ki, İranın Azərbaycan Respublikasındakı Səfiri, cənab Müctəba Dəmirçilu 1966-cı ildə Təbrizdə anadan olub. Beynəlxalq münasibətlər və hüquq üzrə bakalavr, Siyasi elm üzrə isə magistr təhsili alan Müctəba Dəmirçilu eyni zamanda geosiyasət üzrə fəlsəfə doktorudur.

Son dərəcə təcrübəli diplomat hesab olunan cənab Müctəba Dəmirçilu indiyədək bir çox vəzifələrdə çalışıb.

Cənab Səfirin diplomatik xidmətləri bunlardır:

  • 2006-2010-cu illərdə İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri,
  • İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə Katibliyinin rəisi,
  • İran Xarici İşlər Nazirliyinin Şərqi Asiya və Okeaniya Departamentinin direktor müavini,
  • İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya ölkələri departamentinin direktor müavini,
  • İranın Ukraynadakı səfirinin müavini,
  • İran Xarici İşlər Nazirliyinin KİV-lə əlaqələr departamentinin direktor müavini,
  • İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə ikinci departamentinin direktor müavini,
  • İranın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci katibi,
  • 2014-2018-ci illərdə İranın Qazaxıstan Respublikasındakı fövəladə və səlahiyyətli səfiri,
  • İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri,
  • 2025-ci ilin iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən cənab səfir Müctəba Dəmirçilunun etimadnaməsi qəbul edilib.

Bununla yanaşı, diplomatın beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş SSRİ respublikaları və idarəetmə mövzularında elmi araşdırmaları və “Xəzər dənizində neft yataqlarının qanuni işlənməsi” adlı kitabı da mövcuddur.

Cənab Səfirin tərcümeyi-halından aydın olur ki, onun elmi təcrübələri çox geniş və çoxşaxəlidir. Belə ki, o, İranın Cənubi Qafqaz siyasətində balanslı və realist mövqeyini layiqincə təmsil edir və öz diplomatik fəaliyyətində regionun etnik, dini və geosiyasi xüsusiyyətlərini nəzərə alan yanaşması ilə seçilir.

İndi isə cənab Səfirlə olan müsahibəmi oxuculara çatdıraq:

-Atəşkəslə bağlı əldə olunmuş razılaşmaların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Bilirsiniz, atəşkəs deyəndə müharibəni dayandırmaq nəzərdə tutulur. İran İslam Respublikası heç vaxt müharibə istəməyib, hətta bugün belə müharibə istəmir. İstər iyun ayında, istərsə də fevral ayında bizim tam səyimiz o idi ki, müzakirələr yolu ilə bu məsələlər həll olsun. Baxmayaraq kı, onların iddia etdiyi məsələlər həqiqətdə boş iddiadır və əsassızdır. Onlar 25 ildir deyirlər ki, İran nüvə silahı əldə etmək istəyir. Buna görə də dəfələrlə beynəlxalq təşkilatlar açıq-aşkar nəzarət aparıblar. Lakin nəticə əldə etməyiblər. Amma bütün bunlara baxmayaraq, İran hər zaman müzakirələrə hazır olub. Aparılan son müzakirələrin ortasında isə ölkə olaraq təcavüzə məruz qaldıq. Biz müharibənin davam etməsini istəmirik. Çünki bu heç kəsə xeyirli deyil. Bu səbəbdən də biz razılaşdıq ki, atəşkəs olsun.

-Atəşkəs rejiminin pozulmasının əsas səbəbləri nədən ibarətdir?

-Açıq şəkildə etiraf edilməli olan acı reallıq ondan ibarətdir ki, ABŞ və İsrail rejimi atəşkəsə bir öhdəlik deyil, öz hərbi potensialını bərpa etmək və təcavüzkarlığı davam etdirmək üçün müvəqqəti bir alət kimi baxır. Sanki müharibənin dayandırılması bir hədəf deyil, sadəcə hərbi əməliyyatların davamlılığını təmin edən qısa müddətli bir fasilədir. ABŞ və İsrailin İrana qarşı apardığı təcavüzkar müharibədə elan olunmuş iki həftəlik atəşkəsə rəğmən, cinayətkar rejim razılaşmanın müddəalarını pozaraq Livana qarşı daha intensiv hücumlara start vermişdir…İndi artıq ehtiyatlı ritorika və şablon “narahatlıq” ifadələri dövrü geridə qalmışdır. Əgər beynəlxalq birlik humanitar prinsiplərə həqiqətən sadiqdirsə, sübut etməlidir ki, beynəlxalq öhdəliklərin pozulması təqsirkarlar üçün ağır siyasi-hüquqi bədələ malikdir və dünya artıq “ikili standartlar” siyasətinə dözmək niyyətində deyil. Əks təqdirdə, geriyə qalan sülh deyil; zorakılıq, ədalətsizlik, dağıntı və cinayətlərin bitmədən davam edən dövriyyəsi olacaqdır. Bu dövriyyənin əsas qurbanları isə mülki şəxslər, xüsusilə qadınlar, uşaqlar və bəşəriyyətin gələcək qurucuları olacaqdır.

-Hörmüz boğazı nəyə görə strateji əhəmiyyətə malikdir?

-Hörmüz boğazı həqiqətən strateji əhəmiyyətə malikdir. Belə ki, dünyanın 700 neft emalı zavodunun Hörmüz boğazından asılılığı yalnız xam neftlə məhdudlaşmır, eyni zamanda qaz kondensatı, mayeləşdirilmiş təbii qaz (LNG), saflaşdırılmış neft məhsulları və bölgənin mineral, habelə neft-kimya ixracatının bir hissəsi də bu marşrut vasitəsilə daşınır.

-İran tərəfindən irəli sürülən 10 maddəlik sülh planının detalları və prioritetləri nələrdir? Kompensasiya (təzminat) barədə nə deyə bilərsiniz?

-İrana qarşı bütün təcavüzlərin tam dayandırılması, ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması və İrana qarşı hücumların qadağan edilməsi, Hörmüz boğazından gəmilərin gündəlik keçidinin iki həftə müddətinə İran ordusu ilə koordinasiyada məhdudlaşdırılması, bütün əsas sanksiyaların ləğvi, ikinci dərəcəli sanksiyaların ləğvi, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi, İnvestisiya və maliyyə fondu yaradılaraq İrana dəyən zərərin ödənilməsi, İranın uranı zənginləşdirmək hüququnun tanınması, İranın region ölkələri ilə ikitərəfli və çoxtərəfli sülh müqavilələri bağlamasına imkan yaradılması, bütün öhdəliklərin BMT rəsmi qətnaməsi ilə təsdiqlənməsi. Ümid edək ki, bu 10 maddəlik Sülh planına riayət ediləcək və dəymiş zərərin kompensayiyası İran xalqına ödəniləcək. Çünki biz müharibə başladan ölkə deyil, əksinə müharibəyə məruz qalan dövlətik.

-İran xalqı bu müharibədə birlik nümayiş etdirərək bir çox ölkələrə örnək oldu. Heç kim ölkəni tərk etmədi. Bu haqda nə deyə bilərsiniz?

-Bəli, tamamilə doğru dediniz. İran güclü dövlətdir və onun xalqı da çox güclüdür. Xalq yüksək potensiala, dünyagörüşə, səbrə və əzmə malikdir. Onlar hər zaman harada və necə hərəkət etməli olduqlarını çox gözəl bilirlər. Bu dəfə də xalq birlik nümayiş etdirdi. Ölkəni heç kəs tərk etmədi. Əksinə, digər ölkələrdə olan bütün İran vətəndaşları İrana geri döndü və birlik nümayiş etdirdilər. Bildirim ki, dərin tarixi köklərə malik olan İran xalqı son illərdə ən ağır təzyiqlər, təhdidlər və düşmənçilik aktları ilə üz-üzə qalıb. Lakin bu ölkəni fırtınalar qarşısında ayaqda saxlayan təkcə hərbi texnika deyil, məhz kritik tarixi anlarda öz missiyasını layiqincə yerinə yetirən xalqın sarsılmaz iradəsidir.

iran sefir

 –Münaqişə nəticəsində dəymiş ziyanın dəqiq həcmi barədə rəsmi proqnozlar nədən ibarətdir?

-Təəssüflər olsun ki, dağıntılar nəticəsində 90.063 yaşayış evi məhv edilib və İranın mülki infrastrukturuna ağır zərbə dəyib. İndiyədək 113.570 qeyri-hərbi obyekt, 22.422 ticarət mərkəzi, 307 səhiyyə və təcili yardım mərkəzi, 760 məktəb binası dağıntılara məruz qalıb. 234 şagirdin, o cümlədən yüzlərlə dinc sakinin həlak olub, eyni zamanda, əhalinin 130 min nəfəri psixoloji baxımdan zərər görüb. Dağıntılar Tehrandakı tarixi abidələrdən də yan keçmədi. Belə ki, Tehranda 50-dən çox abidə zərər görmüşdür. Bu abidələr arasında Gülüstan sarayı, Müharibə Universiteti Muzeyi (Teymurtaj evi), Keçmiş Jandarmeriya binası, Baharistan Polis İdarəsi, Milli Məclisin keçmiş binası (Senat sarayı), Şükufə kino teatrı, Mərmər sarayı və Sədabad saray kompleksi yer alır.

-ABŞ prezidenti Donal Tramp çıxışlarının birində “bugün dünya xəritəsindən bir sivilizasiya silinəcək” kimi iddialı fikir bildirir, 90 dəqiqədən sonra isə İranla atəşkəs elan edir. Donald Trampın İrana qarşı qəfil mövqe dəyişikliklərinin əsas səbəbini nədə görürsünüz?

-Düzü ABŞ prezidenti Donald Trampı tam anlamaq çox çətindir. Təəssüf ki bu barədə tam olaraq bir söz deyə bilmirəm. Çünki o, hər dəqiqə fikrini dəyişir və hər an da dəyişə bilər. Sadəcə bildiyim odur ki, ABŞ xalqı da Trampın başlatdığı müharibədən və verdiyi qərardan narazıdır. Amerika xalqı bu müharibəni istəmir. Onlar deyir ki, bu müharibə bizə heç nə vermir. ABŞ senatının demokrat üzvü və Nyu-York ştatının nümayəndəsi Çak Şumer, Yaxın Şərqdə hökm sürən qeyri-sabitlik və xaosun birbaşa Donald Trampın yürütdüyü siyasətin nəticəsi olduğunu bəyan edib. Şumer öz kəskin çıxışında regiondakı mövcud gərginliyə görə məsuliyyətin “tamamilə Trampın üzərinə düşdüyünü” vurğulayaraq, onun qərarvermə mexanizmini sərt tənqid atəşinə tutub. Digər siyasi xadimlər də bildirir ki, Tramp real vəziyyəti və strateji nəticələri dərindən təhlil etmədən xaotik qərarlar qəbul edir və onun siyasi mövqeyi qısamüddətli konyunkturadan asılı olaraq sürətlə hər an dəyişir…

 –Bu müharibədə Azərbaycan – İran münasibətləri necə təzahür etdi?

-Azərbaycanla İran arasındakı münasibətlər dostluq, qonşuluq və qardaşlığa əsaslanır. Belə ki, Azərbaycanla İran arasındakı ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə qarşlılıqlı münasibətlər iki ölkəni daima bir araya gətirir. Bu müharibədə də Azərbaycan İranın yanında oldu. İstər göndərdiyi humanitar yardımlarla, istərsə də regionda baş verən hadisələrə qarşı göstərdiyi həssaslıq və əzmi ilə. Bəzi qüvvələr, xüsusilə sionist rejimi, İranı qonşu dövlətlərlə qarşı-qarşıya qoymaq üçün intensiv cəhdlər göstərdi. Lakin xoşbəxtlikdən, Azərbaycan Respublikası tərəfindən ən ali səviyyədə bəyan edildi ki, Azərbaycan heç bir zaman üçüncü qüvvələrin öz ərazisindən qonşu İrana qarşı istifadə etməsinə imkan verməyib və verməyəcəkdir. Biz mehriban qonşuluq siyasətini prioritet hesab edərək ikitərəfli əlaqələrimizi hər zaman bu təməl üzərində davam etdirməliyik. Bu, hər iki dövlətin milli maraqlarına tam uyğundur və hesab edirəm ki, bu strateji xətt gələcəkdə də qətiyyətlə qorunmalıdır. Bu da təqdirəlayiq haldır. Bütün bunlar üçün İran Azərbayacan dövlətinə minnətdardır.

-Cənab Səfir, son olaraq bu müharibə haqqında nə demək istəyirsiniz?

-Bildiyiniz kimi, üç ölkənin – Misir, Pakistan və Türkiyənin vasitəçiliyi ilə İran-ABŞ-İsrail rəsmiləri bir masa ətrafında görüşüb danışıqlar apardılar. O danışıqların nəticəsində atəşkəs elan olunmaqla, 10 maddəlik plan və kompensasiya təklifi irəli sürüldü. Arzu edərdik ki, bu müharibə ümumiyyətlə sona çatsın. Çünki müharibənin heç bir xalqa faydası yoxdur. Bu müharibə üç ölkə – İran, ABŞ və İsrail arasında olsa da, bir çox ölkələr də zərər gördü və bu da heç kimə fayda vermir. Ona görə də BMT və bütün dünya ölkələri baş verən bu müharibə haqqında öz fikrini bildirməlidir. Bəli, onlar bəyan etməlidirlər, araşdırmalıdırlar ki, bu müharibə nə idi? Niyə oldu? Səbəb nə idi? Kimə və niyə lazım idi bu müharibə? Bu müharibədə kimlər nə əldə etdi? Burada əsl səbəb və gizli məqamlar nədən ibarət idi? Buna görə də belə müharibələrin qarşısı birmənalı şəkildə alınmalı və təxribatlara yol verilməməlidir. Dünya xalqları birlik və həmrəylik nümayiş etdirməlidir. Ümid edək ki, sözügedən müharibə atəşkəslə qalmayıb, tamamilə bitmiş olsun…

***

Sonda bu səmimi söhbətə və geniş müsahibəyə görə cənab səfir Müctəba Dəmirçiluya mənə vaxt ayırdığına görə dərin minnətdarlığımı bildirdim və arzu etdim ki, müharibə tez bir zamanda tamamilə müsbət şəkildə öz həllini tapsın… Cənab səfir Müctəba Dəmirçilu da bu arzuya qoşularaq bildirdi ki, İranın üzərində dolaşan qara buludlar tezliklə dağılsın, sülh və əmin-amanlıq bərqərar olsun. Artıq növbəti müsahibəmizdə tezadlar.az-ın oxucularına müjdəli xəbərləri təqdim edək.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!