Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2026 / 08:55

Amerika-İran müharibəsi Moskaya fürsət yaradıb ki…

…Cənubi Qafqazda baş verən proseslər artıq lokal hadisələr kimi izah oluna bilməz. Regionda müşahidə olunan dəyişikliklər böyük güclərin paralel və çoxqatlı rəqabətinin nəticəsidir. Xüsusilə İran ətrafında yaranmış müharibə vəziyyəti bu rəqabəti yeni mərhələyə keçirib və onun təsirləri birbaşa Cənubi Qafqaza daşınmağa başlayıb. Bu kontekstdə ABŞ-da fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Center for European Policy Analysis” tərəfindən yayımlanan “Europe’s Edge” platformasında dərc edilən material xüsusi diqqət çəkir.

Bu qurum Avropa və Avrasiya regionunda təhlükəsizlik, geosiyasət və strateji prosesləri araşdıran beyin mərkəzidir. Mərkəzin analitiki Fuad Şahbazovun “Russia Scents Iran War Opportunity in South Caucasus” (Rusiya İran müharibəsində Cənubi Qafqaz üçün fürsət görür) adlı məqaləsində qeyd olunur ki, Moskva İran ətrafında yaranmış gərginliyi regionda itirdiyi mövqeləri bərpa etmək üçün fürsət kimi qiymətləndirir. Bu yanaşma digər Qərb mənbələrində də əksini tapır. Analitiklər açıq şəkildə bildirir ki, “America’s adversaries surely see the Iran war as a reciprocal opportunity”. Bu fikrin tərcüməsi ondan ibarətdir ki, ABŞ-ın rəqibləri İran müharibəsini qarşılıq vermək üçün fürsət kimi görür. Bu yanaşma mövcud geosiyasi vəziyyətin mahiyyətini aydın şəkildə ortaya qoyur. Qərb təhlillərində vurğulanır ki, “The Iran war will have long-lasting geopolitical consequences”, yəni İran müharibəsi uzunmüddətli geosiyasi nəticələr doğuracaq.

Bu nəticələrdən biri də Cənubi Qafqazda güc balansının dəyişməsi və regionun daha geniş geosiyasi oyunun bir hissəsinə çevrilməsidir. Avropa analitik mühitində qeyd olunur ki, “Promising prospects have emerged amid the Iran crisis”, yəni İran böhranı fonunda yeni imkanlar yaranıb. Bu imkanların əsas istiqaməti isə Rusiyanın regionda itirdiyi təsiri bərpa etmək cəhdləridir. Moskva artıq əvvəlki kimi açıq hərbi dominantlıq qurmaq imkanında olmasa da, yeni metodlara keçir və bu metodlar iqtisadi təsir, diplomatik təzyiq və enerji rıçaqları üzərindən formalaşır. Son illərdə Azərbaycan və Ermənistan Rusiyadan asılılığı azaltmağa çalışaraq Qərblə əməkdaşlığı genişləndirib və alternativ nəqliyyat layihələrinə qoşulub. Xüsusilə Rusiya və İranı kənarda qoyan tranzit marşrutları regionun geosiyasi xəritəsini dəyişməkdədir. Bu layihələr Moskva üçün təkcə iqtisadi deyil, strateji təhlükə kimi qiymətləndirilir.

Bu proseslərdə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Ölkə son illərdə həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik sahələrində strateji mövqeyini gücləndirib və Şərqlə Qərbi birləşdirən əsas qovşaqlardan birinə çevrilib. Bu isə Azərbaycanın böyük güclərin maraq dairəsinin mərkəzinə çıxması deməkdir. Regionda baş verənlər açıq müharibə formasında olmasa da, gizli və çoxqatlı qarşıdurma şəklində davam edir. Bu qarşıdurma iqtisadi təsir, kəşfiyyat fəaliyyəti və diplomatik təzyiq vasitəsilə aparılır. İran müharibəsi isə bu prosesi sürətləndirən əsas amillərdən biridir və regionda qeyri-müəyyənliyi artıraraq böyük güclərin manevr imkanlarını genişləndirir. Bununla belə, yaranmış vəziyyət yalnız risklərdən ibarət deyil. Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı xarici siyasət göstərir ki, ölkə mürəkkəb geosiyasi şəraitdə belə öz mövqeyini qorumaq qabiliyyətinə malikdir. Enerji layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq tərəfdaşlıqlar Bakının strateji dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirib. Digər tərəfdən, ABŞ-ın İrana ciddi güzəştlərə getməsi və bunun nəticəsində Cənubi Qafqazı Rusiyanın təsir zonasına buraxması real görünmür. Regionun artan əhəmiyyəti və qlobal güc balansı belə bir ssenarini mümkünsüzə yaxın edir. Eyni zamanda, Qərbin dəstəklədiyi əsas nəqliyyat layihələrinin Rusiyanın nəzarətinə keçməsi ehtimalı son dərəcə aşağıdır.

Bu reallıqlar onu göstərir ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycan mövcud geosiyasi şəraitdə öz müstəqil kursunu qoruyub saxlamaq imkanına malikdir. Regionda rəqabət artsa da, Bakı artıq bu oyunun passiv iştirakçısı deyil, aktiv və təsirli aktorudur. Elbəyi Həsənli

Bakı

(Russia Scents Iran War Opportunity in South Caucasus – CEPA)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!