Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ın Hörmüz boğazında dəniz qaydalarına müdaxiləsinin atəşkəsin pozulması demək olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən bir şirkətin sosial media hesabında verdiyi açıqlamada Əzizi ABŞ-ın Hörmüz boğazında yeni dəniz qaydalarına hər hansı müdaxiləsinin “atəşkəsin pozulması” hesab ediləcəyini vurğulayıb.
İran rəsmisi bildirib ki, “Hörmüz boğazı və Fars körfəzi (ABŞ prezidenti Donald – RED.) Trampın yanlış açıqlamaları ilə idarə oluna bilməz”.
Əzizi əlavə edib ki, heç kim “qarşılıqlı günah oyunu ssenarilərinə” inanmayacaq.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərinin Hörmüz boğazından keçməsini təmin etmək üçün bu gün başlayacaq “Azadlıq Əməliyyatı”nı dəstəkləməyə başlayacağını və prosesə 15.000 hərbi qulluqçunun cəlb olunacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp da bu gün Hörmüz boğazında ilişib qalmış və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan “neytral” ölkələrin gəmilərinə kömək etməyə başlayacaqlarını və onların boğazdan keçməsinə icazə verəcəklərini açıqlayıb.
“İranın, Yaxın Şərqin və ABŞ-ın rifahı naminə biz bu ölkələrə gəmilərini bu məhdud boğazdan təhlükəsiz şəkildə keçirəcəyimizi və beləliklə, onlar öz işlərini sərbəst və problemsiz davam etdirə biləcəklərini söylədik”, – Tramp bildirib.
Tramp heç bir konkret ölkənin adını çəkmədən onları “dünyanın müxtəlif yerlərindən olan və Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələr” kimi təsvir edib və əməliyyatın əsasən humanitar məqsədlər üçün həyata keçiriləcəyini bildirib.
E.ŞİRİNOV