Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
24-25-27 yanvar – Telefonda Akif Mədətovun səsi eşidildi:
– Həkimə gəlmişəm, ayaqlarım yaman ağrayır, görək buranın həkimləri nə deyəcəklər. Şair Naxçıvana gələndə bizə düşmədiyinə görə möhkəm incimişəm, xüsusən də səndən.
– Akif, – dedim, – incimə, o vaxt yaman qarışıqlıq idi. Sizə gələ bilmədik. Sən şeir xoşlayansan, gəl bizə. Məmmədin yeni şeirlərini oxu.
Akif sabah axşam Şölə xanımla gələcəyini söylədi.
Axşam gəldilər və söhbət baş alıb getdi…. Heydər Əliyevin Azərbaycana xidmətlərindən çox danışdılar. Əgər Heydər cənabları olmasaydı başqa bölgələrimiz də baş qaldırmışdı…
Nizami adına institutdan Məmmədin xaricdə çap olunan kitabları haqqında məlumatın lazım olduğunu bildirdilər. Zəng edən qadın dedi ki, bütün yazıçılardan məlumat toplayırıq.
Məmməddən soruşdum: – axı Türkiyədən başqa heç yerdə kitabın çıxmayıb? Mən nə cavab verim?
– Niyə, Rusiyada, Gürcüstanda kitablarım çıxıb, qəzetlərdə, jurnallarda başqa dillərdə şeirlərim çap olunub.
Qadına çatdırdım ki, gəlib lazım olanları götürə bilər.
28-30 yanvar – Alo, salam yoldaş katibə müəllimə, rəis sizi incitmir ki, necəsiniz? Biz 31-i gedirik, dediyin sözlər hamısı qulağımdadır, çalışacağam ki, hamısını yerinə yetirim.
– Akif, mənim gileylərim həyata keçərsə, çox razı qalaram.
Cəfər qardaş dediyi kimi papağı tikdirib gətirdi:
– Şirvani də, Zakir də, Sabir də başına belə papaq qoyublar. Sənin də elə papağın olmalı idi, oldu da.
Biz Cəfər qardaşa Həccə gedəcəyinə görə yaxşı yol arzuladıq.
3 fevral – Axşam Nemət Pənahlı bizə gəlmək istədiyini bildirdi. Təzə kitabını da gətirmişdi. Dilim dinc durmadı, soruşdum:
– Nemət, qəzetdə oxudum ki, səni partiyadan çıxarıblar?
Cavabı:
– Yox, yalan söhbətlərdir, öz işimdəyəm. Kitabımı çap etdirdim, 5000 nüsxədir. Öz partiyamda olan işçilərə verdim. Qiyməti 10000 manatdır. Ondan gələn pulun üstünə bir az da əlavə edib siyasətə aid xatirə və hadisələri toplayıb çap etdirəcəyəm. Bütün hadisələri, onun içində olan adamları aid olduqları sifətləri ilə təsvir etmişəm. Kitabım yaman səs qoparacaq, çünki hamı bu saat həqiqət acıdır.
8 fevral – “İllərdən biri” kitabım varmı?
– Bir nüsxə var.
– Oradakı şeirlərim təkrar çap olunmayıb.
– Niyə yadından çıxarırsan ki? Sənin bütün şeirlərin təkrar-təkrar çap olunub. Təzə şeir yazmırsan ki… Elə illər olub ki, əlinə heç qələm almamısan.
– Mən cəfəng şeirlər yazmamışam. Söznən oynayan, sözü oynadan şairəm. Sözdən hibrid yaratmağı xoşlayıram. “Dünya düzəlmir” şeirindəki … “tərəf”, “tərəfgir”, “tərəfsiz”sözləri kimi. Şeir yaza bilməyəndə Mirzə Cəlil, Sabir, Ə. Cavad və başqaları haqqında məqalələr yazmışam. İşləmişəm, ya yox? O da ədəbiyyatdır. Mənim yaşıdlarım mənim qədər məqalə yazmayıblar.
– Məmməd, publisistika dram, poema deyil. Sənin çox az irihəcmli əsərlərin var, tənbəllik etmisən, boynuna al.
– Mən qafiyə düzməyi xoşlamıram. Kiçik-böyük nə yazmışam ürəyimin səsi ilə yazmışam. Hamı bilir ki, şerin nəfəsi böyükdür. Onun təsir qüvvəsini şəlalə nəriltisi ilə müqayisə etmək olar. Əsl şairi xalq həmişə ciddi, ağıllı, müdrik adam kimi tanıyır. Şerin “poetik oxunuşunda” qeyri-təbii özündən çıxma, lüzumsuz əl-qol atma, qışqırtı və s. hərəkət tərzi olmamalıdır. Gözəl bir nəğməni müğənni necə təbii oxuyursa, şair də hər bir şerini forma, vəzn, ahəng “mövzu tələbatı” qanunlarına uyğun şəkildə dinləciyə çatdırmalıdır. Bu, özü də mədəniyyətdir Yeri gəlmişkən “Təsəlli” şeirini kitabın lap əvvəlinə salmaq lazımdır. “Qəfil” şeirini də 70-ci səhifəyə sal.
9 fevral – Axşam İlyas Tapdıq qonağımız oldu:
– Sizdən sonra Şəmkirə getmişdim. Şəmkirdə hələ də Məmmədlə keçirilən görüşün söhbəti gedir. Sultan müəllim əminin “Ayağa dur, Azərbaycan” şerini yaxşı diksiya ilə oxudu. Orada bir gürcü şairi də var idi. Onun azərbaycanca çap olunmuş kitabının təqdimatı idi. Gecədə mən və Nəriman da iştirak edirdik. Birdən işıqlar söndü. Gürcünün adı Quram idi. Quram ləmpə şüşəsinin bir ucuna kağız tıxıb şampan ilə doldurdu və dedi:
– Mən şüşədəki şampanı Azərbaycan xalqının sağlığına içirəm. Kim mənim kimi içə bilirsə, gürcü xalqının şərəfinə içsin. Aslan dedi ki, mən elə içə bilmərəm. Mən də susdum, ancaq Nəriman özünü sındırmadı və içəcəyini söylədi. Quram kimi şüşəni doldurub içdi və sonra əzabına dözmədikcə ləmpə şüşəsini icad edənləri söyməyə başladı.
Ilyas bu əhvalatı məzə ilə danışdıqca Məmməd də ona qoşulub gülürdü. Təəssüf ki, mən İlyasın danışdığı kimi gülməli yaza bilmədim.
16 fevral – Taleyimizdən gileylənirdim.
– Gülxanım, Məmməd Araz gör necə deyir:
Daşda, dəmirdə yaşadım,
– Açıq qəbirdə yaşadım,
– Dəni xəlbirdə yaşadım…
Allah, xəbərin olmadı.
“Açıq qəbirdə yaşadım”; “Allah, xəbərin olmadı”. Dizlərim qatlanır, yeriyə bilmirəm, taqətim kəsilib.
Ağayar müəllimin səsi otağa yayıldı:
– Şəruru qar basıb, kəndlərlə əlaqə kəsilib, sonra qar əriməyə başlayıb, ətrafı su basıb. Söhbətinə davam etdi;
– Mən və Teymur XX əsrin əvvəllərindəki fikirlərə aid araşdırmalar aparırıq. Nə qədər mütərrəqqi fikirlər var imiş. Bizim tarixçilərimiz hamısını alt-üst edib. Heç bir erməni belə hərəkət etməzdi.
Belə- belə söhbətlərdən Ağayar müəllim xeyli danışdı.
19 fevral – “Gənclik” nəşriyyatında kitabın çapına 45 milyon pul lazım olduğunu söylədilər:
– Mən “Gənclik” nəşriyyatının baş redaktoru Çəmənliyəm, hesablamışıq 5000 tirajla, üz qabığı, kağızı, kətanı və sair ilə 45 milyon manat, dollarla isə 11 min dollar edir.
– Vallah, bizim elə pulumuz yoxdur, amma bu xəzinə camaata çatmalı bir xəzinədir. Məmmədi hamı sözdə istəyir, kitabına isə pul köçürən müəssisə tanımıram. Hamı yalan satıb gedir. Vəssalam… Gələndə özü sizə zəng edib cavabı deyər.
Çörəyini yeyə-yeyə söhbət etdi Məmməd:
– Maşında radionu açanda Həsən Əblucun ifasında şeirlərimi verirdilər. Yaman oxuyurdu:
Adı Pənah – Pənahı yox,
Günah paylar, günahı yox.
Bu allahın allahı yox,
Heç dərdimə şərik çıxmaz…
Verilişi axıra qədər dinlədim. “Bu allahın allahı yox…” nə isə.
– Təsdiq etdim:
Dovşanlıq ki, dəbə mindi,
Göy talaya əlik çıxmaz…
Hərdən fikirləşirəm; gərəkliyimi, gərəksizliyimi görəydim, günahlarımı, yaxşı cəhətlərimi tərəziyə qoyub çəkəydim.
Xalq yaxşını pisdən yaxşı seçir. Görəsən mənim gedişimdən dağlar duyuq düşəcəkmi? Dağ çəni saç yolub ağlayacaqmı? Bilmirəm… Şairə dağlar xeyir-dua verməsə, o, yarı yolda qalar.
Yaman yazmısan:
Yox dərya üstündə qalam-qalaçam,
Dalğası dağ yıxan dərya kimiyəm.
Nəyim töküləcək, nəyim qalacaq?-
Əsəbi gərilmiş dünya kimiyəm.
Axşamüstü nəşriyyatın direktoru Əlican telefonla Məmməddən soruşdu:
– Bəlkə kitabı nəşriyyatın hesabına çap edək? 4-5 şirvana satılarmı?
– Yox, – dedi Məmməd, – kitabı geri qaytarın.
20 fevral – Fürsət tapan kimi Məmmədi tənqidə başlardım:
– Sənin o qədər tam fikirli yarımçıq şeirlərin var ki, onları tamamla da nə olar?
– Necə yazım, harda yazım? Ömrüm qurtarıb, amma bir isti küncüm, ayrı yazı masam olmayıb.
– Yaxşı, qəmlənmə. Gəl sənə bir yarımçıq şeirini oxuyum.
Bu yurdun güneyi yaz,
Quzeyi bənövşəli.
Baharı qarlı dağlı,
Payızı göy meşəli.
Bu yurdun gözəli
Əhdini gülə yazdı.
Bu yurdun daşı ollam,
Bu yurdu sevmək azdı.
– Saxla, əvvəl oxuduqların da daxil olmaqla bu şeir də mənim deyil – acıqlandı Məmməd.
– Tələsmə, niyə acıqlanırsan? Sənə sübut edəcəyəm ki, sənindir.
– Yox, ola bilməz, mən belə cəfəng sözlər yazmaram.
– Qışqırma, nəğməli ana, yaraqlı ata sənin ifadələrindir axı. Bir də bu sənin öz xəttindir.
Məmməd əl yazılarına baxdı, sonra güldü:
– Vay-vay, ayıb olsun, ətim töküldü, amma mahnıya oxşayır. Yəqin ki, bəstəkarlardan kimsə sifariş verib yazmışam, ancaq tamamlamamışam. Bir də bizim bəstəkarlar dərin mənalı şeirlərə girişmək istəmirlər.
22 fevral – Köləlik psixologiyası uşaqlarımızın beyninə elə hopub ki, sərbəst çıxış edə bilmirlər, – deyindim.
Məmmədin danışdığı:
– 1970-ci il idi. Rəhmətlik Əliağa Kürçaylı, Mirzə İbrahimov və mən Tiflisə getmişdik. Ermənilər də var idi. Karlo Kaladzenin evində qonaqlıq idi. Məclis qızışanda gürcülər ağız-ağıza verib oxuyurlar. Bizə də oxu dedilər. Biz çaşdıq. Nə oxuyaq? Mirzə müəllim bizə müraciət etdi:
– Ay Məmməd, siz də bir mahnı oxuyun, özünüzü göstərin.
Dedim ki, Mirzə müəllim, körpəlikdən ta indiyə qədər bizi böyüklər sıxışdırıb – səsini çıxarma, ata var, gülmə, böyük var, oxuma, nə deyərlər və s. Böyük olan yerdə sərbəstliyi itirmişik, indi də bəhrəsini görürsünüz. Biz oxumadıq, amma Silva Kaputyan bizim “Bəri bax” mahnımızı elə yaxşı oxudu ki… Heç olmasa indi olsa da uşaqlarımızı sərbəstliyə alışdırmırıq. Uşaq özünü sərbəst hiss etməlidir. Bu da yadımdadı: biz mütəfəkkirlərimizin qəbirlərini ziyarət edəndə Silva ağladı, dedi, Məmməd, siz xoşbəxtsiniz. Bizim tarixdə heç vaxt paytaxtımız olmayıb ki, böyük adamlarımızı orada basdıraq
Sonra şeirləşməmiş bənd və misraları ona oxumağa başladım ki, bəlkə həvəslənib işləyə.
Ayrılıq bir dağ olsa,
Vulkan olacaq sinəm.
Ölüm olsam düşmənin,
Həyat olsam səninəm.
və ya
Uğursuz taleyin uğursuz sonu,
Eni var, yönü yox yola bənzədi.
Gözəl fikirlərdi? Heç təzə mövzu axtarmaq lazım deyil. Bu iki misra böyük bir kitabdır elə bil.
– Sənə çox asan gəlir, maşın deyiləm ki, knopkanı basan kimi işə düşsün…
(Davamı var)
Təqdim etdi: Asif Mərzili