7 May 2026 / 12:27

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-24-CÜ HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizininomurden-yarpaqlar-kitabi-23-cu-hisse/

1 noyabr – Bu söhbəti mənə bir neçə dəfə söyləyib Məmməd:

– 60-cı il idi. Sənə danışmışam, mən Moskvada oxuyanda Mehdi Hüseyn nə vaxt Moskvaya gəlsə idi məni və Söhrabı axtarardı. Yenə də Mehdi ilə görüşdük. Mehmanxanadan çıxıb Qorki küçəsi ilə Puşkinin heykəlinə tərəf gedirdik. Müasir şairlərdən söhbət düşdü. Birdən Mehdi müəllim məndən soruşdu:

– Hüseyn Cavidə münasibətin necədir?

– Mehdi müəllim, mən Cavidi dərindən oxumamışam, ancaq Cavid böyük şairdir.

– Böyüklüyü nədədir?

– Dram əsərlərində çox böyük problemlər – bəşəri, əxlaqi, insani problemlər qoyur. Ona görə də…

Mehdinin yoldaşı Fatma xanım dilləndi:

– Cavidin böyüklüyü elə böyüklüyündədir. Sizin nasir, dramaturq, şairlərdən – hamınızdan müqayisəyə gəlməz dərəcədə böyükdür Cavid.

– Hüseyn Cavid müəllimi olduğu üçün belə danışır Fatma, amma o biri yazıçılardan söhbət düşəndə Fatma xanım susur, Caviddən söhbət düşəndə dillənir. Mənim və Fatma xanımın Cavid haqqında fikirlərimiz bir-birilə üst-üstə düşmür. Hər halda, Cavidlə ideoloji mübarizəmiz davam edir, – dedi Mehdi.

7 noyabr – Dedikləri vaxt H. Həsənoğlu və İsa Həbibbəyli gəlib çıxdılar. İsa özünün tələbəlik illərindən söhbət açdı:

– Naxçıvanda institutda oxuyanda əynimdə dirsəyi getmiş bir pencək vardı. Anam ora elə yamaq salmışdı ki, çox bilinmirdi. Bir gün ürəyimdə gizli məhəbbət bəslədiyim qız da daxil olmaqla bir neçə nəfərin yanında müəllim məndən soruşdu ki, İsa, pencəyin yamaqlıdı? Ona cavab vermədim, yataqxanaya qayıtdım, o qədər ağladım ki, yastığım tamam su olmuşdu. Sonra televizordan “Köhnə pencəyim” şeirimi oxudum. Müəllimə zəng vurub soruşdum,  şeirimə qulaq asdınmı? Cavab verdi ki, işıqlarımız yanmırdı. İndi tale elə gətirdi ki, həmin məzunu olduğum institutun rəhbəriyəm.

Sonra mükafatların nə vaxt veriləcəyini dəqiqləşdirib getdilər.

8 noyabr – Ağalar Bayramov iki qızla qonağımız oldu:

– Məmməd müəllim, bu qızlar bacıdırlar, sənin pərəstişkarlarındır. Qızların böyüyü Fəzilə İncəsənət institutunda dərs verir, Yeganə isə həkimdir, eyni zamanda, həvəskar bəstəkardır. Sənin “Ata millət, ana millət ağlama”, “Ağarma saçım, ağarma”, “Dünya düzəlmir” şeirlərinə musiqi bəstələyib, – məlumat verdi Ağalar.

16 noyabr –  Gündəliyim sənin söhbətlərini gözləyir axı.

– Sual ver,  cavab verim.

– Yaxşı. Mənə qaranlıqdı, həyat həqiqətini poeziyada olduğu kimi necə vermək olar ki, inandırıcı olsun?

Həyat həqiqəti ilə poeziya həqiqəti əkiz olmasalar da qardaşdır. Amması var: – hər həyat həqiqəti bədii həqiqət, hər bədii həqiqət də həyat həqiqəti deyil. Əsl yazıçı olan bir bəndə həyat həqiqətinin elə gözəçarpanını alır ki, ona elə bir boya verir ki, burada həyat həqiqəti ilə bədii həqiqət qaynayıb qarışır. Hansının harada başlanıb harada qurtardığını seçmək olmur. Yazıçı qələmi üçün həyat həqiqəti xammaldır. Ondan sonra polad, dəmir və ya çuqun alınması üçün nə proseslər gedirsə, – bədii həqiqət də yazıçının qəlbində, təxəyyülündə yaradıclıq laboratoriyasında həmin yolu keçir.

Sənətkardan xaric sənətin gözəlliyi yoxdur. O varlıq sənətkarın qəlbində yetkinləşir, zəhmətində dünyaya gəlir.

Boyük həyatın, bəşərin övladı olan sənətkar qələmi zamanın ən qüdrətli müəllimi səviyyəsinə qalxmalıdır.

Poeziya o zaman yaranır ki, onun obyekti var, istedadın ağıl fənəri bunlara yönəlib və görməlini göstərir. Gözəllik ola biləcək lövhəni işıqlandırır. Gözəllik də o zaman gözəldir ki, yüzlərin, minlərin zövqünü oxşaya bilir.

Bütün həqiqətlər o zaman sənət həqiqəti olur ki, bunlar sənin vətəndaşlıq borcun və amalınla birləşir. Bu günün mürəkkəb hadisələri, bu günün adamının mənəvi aləmi, şəxsi və ictimai duyğuları bu günün yazıçısının ən yaxşı məktəbidir.

Heç bir elmin “hava bürosu” xəbər verə bilməz ki, yüz ildən sonra nəğmə yağışı, qarı nə donda olacaqdır…

Əslində ədəbiyyat dünyasının ilk və son səyyahı yoxdur. Kəşf olunmuş hesab edilən bir ədəbi formanın  nə qədər yeni-yeni qollarını tapanlar olub.

Hər təzə fikir, təzə deyiliş də özlüyündə yeni kimi qəbul olunmur. Söhbət sənətin qanun və tələblərinə cavab verən həyatilik və təbiilikdən gedir. Yoxsa, “tüstüsü düz çıxan” təbii mənzərə və ya “əksi tam görünən”  həyat parçasının hər-hansı sənət əsərinə gətirilməsi hələ həyatı düzgün əks etdirmə  sənəti deyil.

Poeziyada bu amillərə başqa mühüm bir şərt də qoşulur. – səmimilik…

18-20 noyabr – İşdən gəldi, istirahətini etdi.

– Gülxanım, Şəmkirdə mənimlə görüşə hazırlaşırlar. Yaxşı keçirəcəklər. Deyirlər ki, sən Məmməd Arazsan, onun üçün hər şey çox yaxşı olmalıdır.

Axşam Cəlal Əliyev telefonla  danışdı:

– Nə vaxt idi xəstəydim, Mikayılla hər dəfə danışırıq ki, gəlim, Məmmədlə görüşüm, amma imkan düşmür. İcra hakimiyyətinə tapşırmışam sizə ev axtarır. Kişinin nəzərindəsiniz. Deyirdi ki, Naxçıvanda görüşmüşük, xanımı ilə oturmuşdu. Aslan müəllim çox qeyrətli oğlandır. Xalça hazır olan kimi ya burda, ya da Şəmkirdə təqdim edərik, necə istəsən.

Məmməd mənə göstəriş verdi ki, bütün yarımçıq qalmış şeir və misralarımı topla. Onlarda bitməmiş fikirlər var, lazım gələndə çap etmək olar. Sonra dedi ki, sənin yazdıqlarını redaktə edəcəyəm.

21 noyabr – Doğrudan yazılarımı redaktə edəcəksən?

– Hə, necə ki?

– Bir şərtlə mənim yazdıqlarımın heç birini çıxarmayasan gərək. Bu şərtlə razı olaram.

– Sənin məntiqinə görə çıxarılmamalıdır, ancaq “sovet redaktorunun” məntiqinə görə çıxarılmalıdır. 50 ildir bizi pozurlar – necə dözürük?

22 noyabr – Məmməd, deyirsən ki, kim ki, pisliklə məşğuldur onun adını çəkməzlər. Yaxşıları yaz deyirsən, niyə?

– Niyə? Ona görə ki, pis elə hamının yanında pisdir, onu hamı tanıyır. Yazmaqla tanımayacaqlar ki…

– Səninlə çəkişənlərdən birilə necə oldu ki, sonralar aranız düzəldi?

Bilirsən, ara vuranlar hər vaxt mövcuddur. Məni həzm edə bilməyənlər həmişə kölgəmi qılınclayıblar. Yəqin ona da nəsə çatdırıblar.  Mən heç vaxt, heç kimin arxasınca danışmamışan, bunu kişilikdən saymamışam… özün şahidsən...

  1. Nərimanovla əlaqədar məsələlərdən onun da xəbəri vardı. Lakin məni MK-da sorğuya tutanda heç kimin adını çəkməmişdim, bu bir. İkincisi – aramızda qaranlıq işlər qalmasın deyə getdim yanına, dedim ki, gəlmişəm açıq danışaq. Mənə təklif olunan bütün vəzifələrə keçməyə maneçilik etmisən, mənim itirəcəyim bir şey yoxdur, ancaq siz itirə bilərsiniz.

Gülüb dedi:

– Məni hədələmirsən ki?  Haqqımda nə deyə bilərsən ki?

Dedim: – Qohumunu işə qoymusan, filan qohumunun kitabını növbədən kənar çap etdirmisən və s… Amma mən sənin haqqında bildiklərimi heç bir yerdə deməmişəm və demərəm də.

O, əlini çiynimə qoydu və dedi ki, get daha səninlə işim yoxdur, bu mərdliyinə görə səndən üzr istəyirəm. Sonra həqiqətən də mənə əlindən gələn köməkliyi edirdi. Yaxşı kişi idi.

23 noyabr – Sənə məzəli bir əhvalat danışım:  Cavan şairlərdən bir dəstə “İnturist”də yeyib-içirlər. İçdikdən sonra xörək paylayanları təhqir edib dava salırlar. Məsələ İttifaqa çatır. Mehdi Hüseyn başda Atif Zeynallı olmaqla onların hamısını çağırır. Məsələni prezidiuma qoyub onları Yazıçılar İttifaqından çıxarmağı qərara alırlar. Əli Vəliyev təklif verir:

– Mehdi, ora Cabbarı da əlavə elə.

– Əli müəllim, mən orada olmamışam, mən niyə?

– Sən orda ola bilərdin, təsadüfən olmamısan, onlardan da çox içə bilərdin. Adını yazın.

İçənlərin arasında Mehdi müəllim Yusif Həsənbəyi görüb soruşur:

– Sən niyə gəlmisən, orda ki, yox idin, sən də içirsən?

– İçirəm e, Mehdi müəllim, ancaq doyunca içə bilmirəm, pulum yoxdur.

Onun “doyunca içə bilmirəm” sözünə Mehdini gülmək tutur və hamısını bağışlayır.

1 dekabr – Rəssam Adil Rüstəmov zəng etmişdi:

– “Vahid” xeyriyyə cəmiyyəti səninlə görüş keçirmək istəyir, Məmməd müəllim.

– Vahid haqqında mənim gözəl xatirələrim var, gələrsən danışarıq, vaxtını dəqiqləşdirərik.

Dedim, Məmməd, Vahid haqqında yenə də xatirələrin var?

– Sinəm Vahidlə əlaqədar xatirələrlə doludur, onları özümlə aparmayım.

– Mən yazdıqlarımdan əlavə yenə də varsa, danış yazım.

– Sənin yazdığın hələ ki, xalqa çatmır.

3 dekabr – EMZE-nin mədəniyyət evində Məmmədlə görüş keçirildi. Görüş Çərkəz həkimin təşkil etdiyi xeyriyyə cəmiyyətilə idi, Dəmirçi kəndinin “Sarısu” cəmiyyəti. Gecəni Vaqif Əsədov aparırdı. Müğənni Rəhilə Bəndəliyeva Məmmədin sözlərini aşıq havası ilə oxuyurdu, gözəl bir gecə alınmışdı.

6 dekabr – Bu gün isə Şəmkirə yola düşürük. Aslan Aslanovun qardaşı Elsevər bizi aparmağa gəlmişdi. Yol uzun olduğuna görə söhbətlər müxtəlif istiqamətlərdə gedirdi. Elsevər özünün ancaq bir şairi – Məmməd Arazı tanıdığını söylədi. Bütün xalq ancaq Məmməd Arazı qəbul edib, – dedi.

– Mənim kimi şairlər çoxdur, onların haqqını danmaq olmaz… etiraz etdi Məmməd.

Şəmkirə yaxınlaşanda Elsevər sevinclə:

– Xala, vallah, yağışın yağması üçün nəzir verirdilər, bir damcı da düşmürdü. Məmməd müəllimin ayağı düşdü, yağış yağmağa başlayıb.

Şəmkirdə qonaq evinə düşdük. Şəhərin rəhbərliyi Məmmədi qarşıladı, amma yaman soyuq idi. Axşam xəbərlərində Xalidə Hasilovanın vəfatı haqqında məlumat verildi. Bir neçə gün əvvəl biz Xalidə və Ələviyyə haqqında danışmışdıq. Bu gün isə Xalidə xanım həyatda yoxdur.

Səhər tezdən Aslan müəllim və onun icra işçiləri Məmmədin yanına gəldilər, onunla görüşdülər.

İclas zalında 1100 nəfər yerləşir – dedilər – bir o qədər də çöldə qalıb, biz onları geri qaytarmışıq, qarışıqlıq olmasın deyə artıq adamları içəri buraxmamışıq.

Görüşü Soltan aparırdı. Məktəblilər yaxşı hazırlaşmışdılar. Şəmkirlilər tələb edirdilər ki, stolun üstündəki gülü götürsünlər, biz şairi yaxşı görək. Çıxışlar və təbriklər çox oldu. Aşıq Murad belə bir cümlə işlətdi: “Dağlar ağlamasa, aran yanar”. Çıxışlar qurtardıqdan sonra hamı Məmmədi əhatə edib öpür, onunla şəkil çəkdirirdilər. Axşamüstü Cəlal müəllim iki dəfə zəng edib görüşlə maraqlandı. Səhərisi Bakıya qayıtdıq.

9 dekabr – Şəmkir görüşlərinin xülasəsini televiziyada verdilər. Mətin Mirzə telefonla Məmmədi təbrik etdi:

– Atam və mən belə görüşlərə sizinlə getməyə həmişə hazırıq. Bundan sonra bizə bir neçə gün qalmış xəbər verin.

İsi Məlikzadə haqqında veriliş gedirdi, büstünün açılışı idi.

– İsinin, – dedi Məmməd, – çox gözəl yumoru vardı. Yazıçılara aid futbol komandası düzəltmişdi. Əli Vəliyev, Əhməd Cəmil, Mirzə…

Məmməd fikrini tam izah edə bilmədi.

14-15 dekabr – “Rəşid 20 il bundan əvvəl” adlı kinosu gedirdi.

Məmməd: – Azərnəşrdə şöbə müdiri işləyəndə İranda konsert verib gələn Rəşid mənimlə görüşdü. Mənə bir şeir verdi, dedi ki, bu şeiri verən şəxs söylədi ki, onu Məmməd İbrahimə çatdırarsan. Oxudum, şeirdən başım çıxmadı…

Mən də şeiri Rəşiddən götürüb oxudum. Çox səthi yazıldığına görə heç bir mətbuata verə bilmədim…

Şamaxıya Mirzə Xələflini işə götürtmək üçün Sayılovun yanına getmişdim. Mən Xələflini adi bir işçi kimi işə götürməyi xahiş etdim. Sayılov mənə hörmət edib onu məsul katib götürmüşdü.

– Sonra necə oldu?

– Sonra redaktor oldu.

– Səninlə əlaqə saxladı?

– Daha bağdan ərik qurtarmışdı.

Qəndab oxuyur: – Sudan gələn kuzəli qız

A kişi, kuzə ilə qızı hara aparırlar?

– Yəqin suları yoxmuş, kuzəni alıb, qızı geri qaytaracaqlar!..

Oxunur: Kuzəni əlindən allam…

– Hə, gördün, dediyim düz çıxdı, kuzəni əlindən alırlar, suyun boşaldıb qaytarırlar.

31 dekabr – Bu il nə ilə yadda qaldı.

Yılmaz dünyaya gəlməklə, vəssalam!

1997-ci il

                                          Vətən nəğmələri olmasa bir an

                                         Könüldə gül açıb yaz ola bilməz.

                                         Nəğməsi olmayan, şeri olmayan

                                         Bir xalqın tarixi yazıla bilməz…

2 yanvar – Axşam şəhidlərə aid verilişə baxan Məmməd dedi:

– Əslində müharibə yoxdur, amma dırnaqiçi müharibə qurtaran kimi hər şey yaddan çıxacaq, onların heç adını tutan da tapılmayacaq, çünki tez unudan xalqıq. Hərhalda, öz halımıza özümüz yanmalıyıq, dərd burasındadır ki, biz hələ öz halımıza yana bilmirik, həmişəki kimi gözləyirik. Və gözləyə-gözləyə özümüz-özümüzdən uzaqlaşır, özümüz-özümüzə yad oluruq…

Onlar min illərlə marıqda yatıb fürsəti gözləyənlərdir və çox hiyləgərdirlər…

5 yanvar – Mən ilk sevgi şeirlərini tapıb çıxarmışam. Oxu, bəlkə onları da kitaba salaq?

– Bəzən yarımçıq sayılan, lakin tam fikir olan misraları da salmaq olar və lazımdır. Həm də yadımda ikən deyim “Göydən dörd alma düşdü” şeirini ancaq kitaba vermək olar. Niyəsini bilirsən. Çox çətin yazıram, əlim işləmir. Amma bədənimdə ömürlük yaşayan bir ağrı var – yazmaq ağrısı. Yəni ağrıya-ağrıya yazmaq. Sonrakı söz oxucularındır. Mümkün qədər təzə söz, təzə deyim, təzə lövhə və təzələr, – mənim  planım budur. Bu da çox çətin işdir. Bəlkə buna görə  çox yarımçıq misralarım var. Sinəm söznən doludur…

– Yarımçıq misraları işləmək lazımdır. Həmin misralarından “Kəlbəcər qaçqınlarına” şeirin yarandı. Gördün ki, necə səs qopartdı?

6 yanvar – Qabil axır ki öz dediyinə çatdı, – nəhayət,  opera binasında 70 illiyini qeyd etdilər – dedim.

Məmməd güldü və dedi:

– Görürsən, Əliyevə nə deyir? “Mənə deyirlər ki, ay Qabil, niyə tələsirsən, hələ səndən əvvəl Rəşid Behbudovun, Üzeyirin yubileyləri var, axı onları da keçirməliyik. Cənab Əliyev, mən onlara cavab verdim ki, onlar ölüb, daha dirilə bilməzlər. Amma mən ölə bilərəm”.

– Gördünmü, o, Qabildir, orijinal adamdır, Heydər Əliyevi də güldürdü.

17 yanvar – Nahardan sonra bizə Şərafəddin adlı jurnalist gəldi. Jurnalistin vədləri:

– Məmməd müəllimin maşınının təmirini bir nəfər boynuna götürüb. Yalan və ya doğru olduğu iki gündən sonra məlum olacaq. Xala, əmiyə necə baxırsınız?

– Əmiyə əmi kimi.

– Əmiyə bir iş olsa mən ölərəm, mən onunla nəfəs alıram.

– Şərafəddin, bala, özün də bilirsən ki, danışdığın yalandı. Yalandan ölənlərin biri də sən. Mənim gəlişi gözəl sözlərdən acığım gəlir.

18 yanvar – “Dünyanı dərk etdim” şerini tapıb köçürtdüm. Üç bənddir, hə?

         Çapırdım atımı belədən-belə,

                       Üzəngi parlatmaq adətim idi.

                       İstəsəm dağların belindən belə

                       Bir anda aşardım, nə çətin idi?!

Məmməd, çox gözəl demisən, cavanlıqda adam elə bilir ki, hər şeyə qadirdir…

– Bəlkə də bir əl gəzdirdim.

…Dünyanı dərk etmək, onun sirlərinə vaqif olmaq, yarandığı gündən insanları min cür sual verməyə vadar edib. “Niyə, nə üçün” sualları, “ona görə ki” – cavabları  filosoflar kimi sənət adamlarını da düşünməyə, özü ilə üz-üzə oturmağa vadar edib. Dərinə varmağa isə ömür çatmır.

Ən yaxşısı budur ki, – sual vermək əvəzinə əlini üzünə qoyub nəğməni oxu. Küləklərə qoşulub ömrün çatana qədər yol get.

Amma oxumağın cırcırama oxumağına oxşamasın.

Yaxşı şer oxumaq, daha doğrusu, şeri yaxşı oxumaq oxucunu, dinləyicini tərbiyə edir.

Eyni zamanda, gərək unutmayasan ki, belə şəraitdə dinləyici daha həssasdır, tələbkardır, incə və kövrəkdir. Onun hissləri ilə oynamaq, onun zövqünün ahəngdarlığına “daş atmağa” haqqın yoxdur.

Gərək ara-sıra eşidilən göy gurultusundan, müxtəlif quşların civ-civindən, yarpaq xışıltısından onun diqqətini yayındırıb özünə cəlb etməyi bacarasan. Dinləyici ilə şair arasındakı “məsafə” bu prosesdə təbii şəkildə aradan qalxmalıdır.

Bir gün ömrün son qarı, son yağışı yağacaq, üfüqün son qızartısını son dəfə seyr edəcəksən…

Demişəm:

                       Bu ünvan – taleyim yazan mənzilim,

                       Zirvəyə yolumdu bu yoxuş demə…

                       Məzardan o yana insan mənzili,

                       Üfüqdən o yana yol yoxdu, bildim…

Hər bir qəbir də insan ömrü yaşayır. Oğul-qızdan sonra qəbri ziyarət edən nəvələr az-az olar. Və sahibsiz qəbirlər torpağa yem olmağa başlayır. Adi insanlardan fərqli olaraq sənətkar qəbri bir müddət yaşayır.

Amma yox, ömür bundan sonra da başlaya bilər, – bir şərtlə, qayalara, dağlara hopan səsin olubsa… Küləklər onu dindirəcək, oxudacaq. Onda bir qələm əhlinin ömrü səsə, nəğməyə  dönəcək. Ürəkdən gəlibsə, ürəyə köçəcək!

Bəlkə, şeirimdə bunları demək istəmişəm…

Mənim aləmimdə dünya iki yerə bölünür – bir gözə görünən şəhərlər, kəndlər, meşələr, çaylar, dənizlər, dağlar; bir də insanların daxili dünyasıdır ki, hərəsi bir qulpundan yapışıb dünyanı müxtəlif səmtlərə dartır, hey dartırlar…

 Ağıldan kəmlər bizim evin yerini yaxşı tanıyırlar. Biri gəlib pul istədi, verdik, sonra Məmməddən tələb etdi ki, onun məktublarını mütləq Heydər Əliyevə çatdırsın.

Bir nəfər isə gəlib boş-boş danışdı ki, məndə Nəsiminin ruhu var, bu vaxta kimi “Qurani-Kərim”də gizlənmişdi, indi mənim bədənimə daxil olub. Bilin ki, mən artıq Nəsimiyəm.  Yazdığı qəzəlləri oxumaqla baş-beynimizi apardı.

Allah, sən bizi bu dəlilərdən qoru!

(Davamı var)

Təqdim etdi: Asif Mərzili

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!