13 May 2026 / 15:51

Mehdi Cavadov ASAN Xidmətdəki vəzifəsindən İRİA-ya gətirildi – vəziyyət dəyişəcəkmi?..

Uzun illər ASAN Xidmət sistemində sədrin müşaviri kimi çalışan Mehdi Cavadov buradakı işindən ayrılıb.
Mehdi Cavadov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsində fəaliyyətə başlayıb.İRİA-da son dövrlər müşahidə olunan kadr axını, boşalan vəzifələr və qeyri-müəyyənlik fonunda bu təyinat məncə, təsadüfi deyil və uğurlu seçim hesab oluna bilər.
Bu fikri Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert  Osman Gündüz bildirib.
“Bir müddət öncə Agentlikdə rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas şəxs olan Rəşad Xalıqovun da vəzifəsindən ayrılması diqqət çəkmişdi. İndi isə Mehdi Cavadovun məhz bu istiqamətə gətirilməsi göstərir ki, qurum rəqəmsal hökumət quruculuğunun yeni mərhələsində sistemin içindən gələn kadrlara ehtiyac duyur.
Düşünmək olar ki, bir müddət sonra onunla bağlı hazırda İRİA-da vakant olan müavin vəzifəsinə təyinatı da verilə bilər.
Xatırladıram ki, Mehdi Cavadov eGov-un ASAN dövründə elektron hökumət arxitekturasının əsas istiqamətlərinə cavabdeh şəxslərdən biri olub. Sektorda peşəkarlardan hesab olunur.
Xeyli müddət İRİA-nın sələfi olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olaraq çalışıb .
Əslində, bu gün istifadə olunan əsas komponentlərin – Digital Login (ASAN Login), myGov (eGov), Digital Bridge (ASAN Bridge) kimi sistemlərin bünövrəsi də məhz həmin dövrdə formalaşıb.
Azərbaycanın elektron hökumət quruculuğu artıq yeni mərhələyə daxil olur. Ölkədə elektron hökumət quruculuğu bir neçə mərhələdən keçib. Əgər əvvəlki mərhələlər elektron xidmətlərin yaradılması və inteqrasiyası idisə, hazırkı mərhələni rəqəmsal hökumətdə “ifrat mərkəzləşmə” mərhələsi də adlandırmaq olar.
Prezident tərəfindən dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi, müxtəlif dövlət qurumlarının ayrıca mobil tətbiq və resurslarının mərhələli şəkildə ləğv edilərək myGov-a miqrasiyası xətti açıq şəkildə qarşıya qoyulub.
Əlbəttə, bu prosesin üstünlükləri ilə yanaşı ciddi riskləri də var.
Bütün dövlət xidmətlərinin və rəqəmsal identifikasiya sistemlərinin bir nöqtədə cəmlənməsi sadə məsələ deyil. Burada dayanıqlılıq, kibertəhlükəsizlik, fasiləsiz işləmə və idarəetmə modeli kritik əhəmiyyət daşıyır.
Belə mərhələdə təsadüfi yox, sistemin tarixini, arxitekturasını və əvvəlki mərhələlərini bilən şəxslərin prosesə cəlb olunması xüsusi önəm daşıyır.
Beləliklə, görünən odur ki, Mehdi bəy uzun müddət gəlib-getdiyi binaya bundan sonra yenidən ayaq döyəcək.
Yeri gəlmişkən, son zamanlar “klassik dövlət xidmətləri” çərçivəsindən kənara çıxaraq xeyli rəqəmsal layihələr reallaşdıran, diqqət cəlb edən Aİ HUB Platforması quran ASAN-nın bu təyinata uzun müddət müqavimət göstərdiyi də sektorda bilinirdi.
Əgər reallaşma baş tutubsa, deməli həm Mehdi bəylə, həm də qurumlararası razılıq əldə olunub”, – deyə o, qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!