Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2026 / 14:55

“İki ölkə arasında əməkdaşlıq bütün sahələr üzrə genişlənməkdədir”

“Pakistan Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tanıyan ilk dövlətlərdən biri olub. Pakistan hər zaman Azərbaycan xalqının yanında yer alıb və iki xalq arasında formalaşan dostluq münasibətləri dövlət rəhbərləri arasında mövcud olan səmimi əlaqələr fonunda daha da inkişaf edib”. Tezadlar.az-a açıqlamasında politoloq Azad Məsiyev bu barədə danışdı. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Pakistan Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərib: “Pakistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, iki ölkə arasında münasibətlər daim yüksək səviyyədə olub. Xüsusilə son dövrlərdə dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm təmasları bu münasibətlərin daha da möhkəmləndiyini göstərir. Pakistan rəhbərliyi Azərbaycana hər zaman xüsusi diqqət nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri arasında formalaşmış səmimi və dostluq münasibətləri də dövlətlərarası əlaqələrin inkişafına mühüm töhfə verir. 44 günlük Vətən müharibəsindən sonra keçirilən Zəfər paradında Pakistan rəhbərliyinin iştirak etməsi bu dostluğun və həmrəyliyin bariz nümunələrindən biri olub. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın da genişlənməsinə şərait yaradır. Çünki siyasətlə iqtisadiyyat bir-biri ilə sıx bağlı sahələrdir və biri digərinin inkişafına birbaşa təsir göstərir. Bu gün Pakistan Azərbaycana müxtəlif istiqamətlər üzrə sərmayə yatırmaqda maraqlıdır. Buraya yüngül sənaye, maşınqayırma və hərbi sənaye sahələri daxildir. Eyni zamanda, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq uğurla davam edir. Dövlət rəhbərlərinin beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri, bir-birinə göstərdikləri qarşılıqlı hörmət və diqqət münasibətlərin strateji xarakter daşıdığını göstərir. Pakistan rəhbərinin Azərbaycan Prezidentinə telefon zəngi etməsi və beynəlxalq toplantıda iştirak edə bilməməsi ilə bağlı üzrxahlığını bildirməsi də Azərbaycana və Prezident İlham Əliyevə göstərilən hörmətin növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Bütün bunlar göstərir ki, Azərbaycan-Pakistan münasibətləri gələcək dövrdə də yüksələn xətt üzrə inkişaf etməyə davam edəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!