Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 14-15 may tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş 135-ci sessiyasında iştirak və çıxış edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sessiyada çıxışı zamanı nazir müavini ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə bəyanatın imzalandığını və iki ölkə arasında Sülh və Dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflandığını diqqətə çatdırıb.
Ötən doqquz ay ərzində hər iki ölkənin sülh şəraitində yaşadığını, yeni reallığın praktik faydalarının artıq özünü büruzə verdiyini və sülhün möhkəmləndirilməsi üzrə tədbirlərin davam etdiyini vurğulayıb.
O, Azərbaycanın birtərəfli qaydada tranzit və ticarət məhdudiyyətlərini ləğv etdiyini, öz ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıldığını, mal və məhsulların ixrac olunduğunu, habelə etimad mühitinin gücləndirilməsi və ortaq maraqlar ətrafında açıq müzakirələrin aparılması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfər və görüşlərinin baş tutduğunu qeyd edib.
Nazir müavini çıxışında Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli yanaşmasının Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirdiyini və bu vəziyyətin qeyd-şərtsiz aradan qaldırılması məsuliyyətinin təşkilatın üzərinə düşdüyünü vurğulayıb.
O, AŞ Nazirlər Komitəsinin sədri qismində fəaliyyətinə görə Moldovaya təşəkkür edib, yeni sədr Monakoya uğurlar arzulayıb.
E.Məmmədov, həmçinin sessiya çərçivəsində təşkil olunmuş “Avropada miqrasiya” mövzusunda dəyirmi masada iştirak və çıxış edib.